NAXÇIVAN :

08 Oktyabr 2024, Çərşənbə axşamı

Tariximizin şanlı səhifəsinin açıldığı səhər – Zəfərin səhəri

...

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.

Həmin gün, Günəş oyanmazdan əvvəl başlamışdı zəfər yürüşü. Sərin bir payız günündə yaz Günəşi doğuldu Azərbaycan səmasında. Cocuq Mərcanlıdan başlayıb, Talışdan, Günnütdən keçən yol bizi zəfərə səslədi həmin səhər. “Biz zəfər qazanacağıq, bizim işimiz haqq işidir!”, “Qarabağ Azərbaycandır!” şüarı ilə yola çıxdıq. Bir xalqın 30 illik həsrətini sonlandırmağa, Xocalıda yerə atılan örpəyimizi ayaqlar altından götürməyə, illərdir, həsrətdə qalıb solan xarıbülbülün qisasını almağa, Vətənin yaralı ürəyinə məlhəm olmağa can atdı  oğullarımız. Düşmənin 30 illik “keçilməz” səddini yarmağa,  yurdundan didərgin düşən bir milyon evsiz insanı öz yurduna qaytarmağa. Sönən ocağımızı yandırmağa, çırağımızı işıqlandırmağa, 1990-cı illərdə Vətəni üçün əliyalın döyüşüb şəhid olan oğulların naməlum məzarlarını məlum etməyə, Ağdamın ağ gününü qaytarmağa, İsa bulağının zümzüməsini dinləməyə, Vətənindən ayrı düşən Qarabağ atını Cıdır düzündə şahə qaldırmağa, üçrəngli bayrağı zirvələrə sancmağa gedirdi Azərbaycan əsgəri. Hüququndan keçən əsgər şanlı Vətəni üçün can verdi, amma geri dönmədi. Kimi gözünün nurunu, kimisi əlini, ayağını, kimisi isə canını, arzularını, xəyallarını Vətənə qurban verdi. Tarix belə Vətən sevgisi, belə birlik görməmişdi, bu günə kimi, bəlkə də. 

Bir xalqın öz qüruru və şərəfi uğrunda mübarizəsi

Bu xalq 30 il sülh istəyərək dözmüşdü, səbir etmişdi. Torpaqlarımızın işğaldan azad olunması üçün 30 ilə yaxın diplomatik danışıqlar prosesinə ümid bəsləmişdik. Düşündük ki, indi artıq ibtidai icma quruluşu deyil, XXI əsrdir. Dünya bu qədər ədalətsiz deyil, Azərbaycanın BMT və beynəlxalq hüquq tərəfindən tanınmış ərazi bütövlüyünün bərpasına nail olmaq üçün işğalçını yerində oturdacaq. Amma yanılmışdıq. Çünki dünya güclünü qalib sayan, gücsüzü görməzdən gələn köhnə dünya idi. Yanılan isə təkcə biz deyildik. Elə qoca, ədalətsiz dünya da yanılmışdı. İki əsrdən çoxdur, tarixi torpaqları zaman-zaman əlindən alınan, yarımcan edilən ən sülhsevər xalqın səbir kasasının bir gün daşacağını və silaha əl atacağını heç kəs gözləmirdi.
Kimsənin ağlına belə gəlmirdi ki, döyüşdə silahının patronu qurtaran əsgər düşmən səngərinə əliyalın girib, işğalçını əlləri ilə boğacaq, şəhid anası göz yaşlarını gizlədib, övladının tabutunu özü daşıyıb “Sinəndən vuruldun, sənə halal olsun”, – deyəcək. Şəhid atası oğlunun tabutunun qarşısında qurban kəsəcək. Həyat yoldaşını Vətən müharibəsində itirən gəlinlər onun tabutunu çiynində əbədiyyətə yola salıb yarımçıq qalan xəyallarını Vətənə qurban verəcək. İki oğlunu eyni gündə torpağa tapşıran ata Ali Baş Komandana “Müharibəni dayandırmayın, son damla qanımıza kimi döyüşək, təki azad olsun yurdumuz” kimi teleqramlar vuracaq. Heç kimin ağlına gəlmirdi ki, təqaüddə olan qocalar müavinətini, torpağa alın tərini qatıb ruzi qazananlar illik ruzilərini orduya bağışlayacaqlar. Bir evdə beş oğul varsa, beşi də müharibəyə getməyə can atacaq. Okeanın o tayında təhsil alan gənc təhsilini yarımçıq qoyub Qarabağın azadlıq savaşına qatılacaq. Düşmənin evini xarabaya çevirdiyi sakinlər “Var-dövlətimiz Azərbaycan əsgərinə qurban olsun, təki Vətən sağ olsun”, – deyəcək. Bütün bunlar 4 il öncə Azərbaycanda baş verirdi. Biz bunları kitablardan oxumadıq, kinofilmlərdə görmədik, yaşadıq. 44 günlük Vətən müharibəsində yaşadıq. Bu, 30 illik işğaldan bezən xalqın öz qüruru və şərəfi uğrunda mübarizəsi, həm də susqunluğu ilə işğalçıya faktiki olaraq dəstək verən dünyanın ədalətsizliyinə etirazı idi.
Azərbaycan xalqı 44 gün ərzində təkcə Ali Baş Komandanı, ordusu, həkimi ilə deyil, müəllimi, kəfən pulunu Silahlı Qüvvələrə Yardım Fonduna köçürən təqaüdçüsü, satdığı meyvələri əsgərlərə bağışlayan kəndlisi ilə də  tarix yazdı. 
27 sentyabr günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində deyirdi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır”. 

Şəhidlərin qisası alındı

Həmin gündən hər bir azərbaycanlının gözü yolda, qulağı səsdə qaldı. Ali Baş Komandanın xalqa müraciəti səbirsizliklə gözlənildi. İlk müjdələnən Suqovuşan, qələbə şəhəri Cəbrayıl, sonra Füzuli, Zəngilan, Qubadlı, Hadrut oldu. Hamının gözü Şuşada idi. Müzəffər Sərkərdə də deyirdi axı “Şuşasız işimiz yarımçıq olar”. Və həmin gün gələndə bütün dünya şahid oldu bu xalqın gücünə. Keçilməz dağları Vətən sevgisi ilə aşan, sıldırım qayalara şəhidi çiynində qalxan Azərbaycan əsgərinin cəsarəti, Vətən sevdası dillərə dastan oldu. Həmin şanlı gün gələndə bu xalqın sevinci dünyaya sığmadı. Ata vəsiyyətini yerinə yetirən oğul olmaq şərəfini qazanan Ali Baş Komandan müjdəni xalqına Şəhidlər xiyabanında verdi. Və “8 Noyabr Zəfər Günü” kimi tarixə yazıldı. Bir gün sonra Azərbaycan Respublikasının 9 Noyabr – Bayraq Günündə düşmənin qəddi sındı. Təslim olan Ermənistana döyüş meydanında dərs keçən Ali Baş Komandan hərb meydanındakı qələbəni siyasi masada da qələbəyə çevirdi. Ağdam, Laçın, Kəlbəcər bir güllə atılmadan, bir şəhid verilmədən azad edildi. 
Bu müharibədə qazanılan zəfər təkcə öz tariximizi yox, həm də regionun və dünyanın tarixini yenidən yaratdı. Alman faşizmindən daha qədim olan erməni faşizminə “dəmir yumruğ”umuzla sarsıdıcı zərbə vurduq. Postsovet məkanında 1945-ci ildən sonra keçirilən ilk Qələbə paradına da biz imza atdıq. Hamı gördü ki, bu xalq torpaqlarının işğalına 30 il səbir edə bilər, amma bununla barışa bilməz. Bütün dünyanın gözü 44 gün Azərbaycanda qaldı. Onlar oğullarımızın igidliyindən, qəhrəmanlığından danışdı. “Belə döyüş, belə dövlət, belə Vətən sevgisi görən olubmu? Azərbaycan əsgəri dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan-tər içərisində qalxırdı. Nə yaralını, nə də öləni əldən buraxırdılar. Budur vətənpərvərlik! Budur Vətən sevgisi! Budur torpağa bağlılıq!” yazdı mətbuat nümayəndələri. 

Bir günü əsrə bərabər 44 gün

Cəmi 44 gün. Bu rəqəm kimiləri üçün çox kiçik bir zaman kəsiyi kimi görünsə də, bu xalq üçün hər saniyəsi bir əsrə bərabər oldu. Çünki biz həmin 44 gündə illərdir, qəlbimizdə saxladığımız yaranı sağaltdıq. Biz həmin 44 gündə canımızdan can olan 3 min oğulu Vətən torpağına tapşırdıq. Biz həmin o 44 gündə Şuşamıza qovuşduq. Ana bətnindən çıxarılıb düşmənin qanlı süngüsünə keçirilən körpələrin, arzusu ürəyində Vətən olan oğulların qisasını aldıq. 44 gündə yüz illər yaşayacaq Zəfər dastanı yazdıq. Qarabağ uğrunda gedən döyüşlər bir xalqın yenidən oyanışı, özünə qayıdışı məzlum, məğlub xalq adının qanla silinməyi oldu. Bir payız günü yaz Günəşi doğuldu Azərbaycanın səmasında. İllər öncə Naxçıvanda Ulu Öndərin xalqı ilə bir olub düyünlədiyi yumruğun dəmirə dönüb düşmənin başına şimşək kimi çaxmasından sonra doğan Günəş idi bu Günəş. Bütün Azərbaycanı nura qərq edən. Gələcəyin işıqlı günləri. Və budur Zəfərin 4-cü ildönümündə Müzəffər Sərkərdənin Qarabağa səfərlərini izləyir, öz evinə, ocağına tələsən insanları görürük. Qapılarını gənclərin üzünə açan Qarabağ Universitetinə gələn tələbələri izləyirik. Cənnətə dönən Şuşanı, ağ günlərinə qayıdan Ağdamı görür, Laçının gözəlliyini seyr edirik.
Həmin günü – 27 sentyabrı artıq 4-cü ildir ki, “Anım Günü” kimi qeyd edirik. Xəyallarını Vətənə qurban verən oğulların məzarını ziyarət edəndə sinədaşını bəzəyən xonçaları, ata əvəzinə məzardaşını qucaqlayan övladları görəndə dilə gəlir qəlbimiz və deyirik ki, haqqını Azərbaycan xalqına halal et xəyallarını bu Vətənə qurban verib, bəy taxtını tabutla, bəy köynəyini bayraqla əvəz edən oğul, haqqını bu Vətənə halal et, ata üzü görməyib şəhid atasının adını daşıyan körpə, haqqını bu xalqa halal et, canından çox sevdiyi balasını Vətənə qurban verib, nişan xonçalarını məzara gətirən yollara dikilən gözlərinə əbədi həsrət çökən ana, dilində qardaş kəlməsi donan bacı. Haqqını bu xalqa halal et, məzarsız şəhid. 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 27.09.2024 00:01