DT və TC altqruplarında bəzi ixtisaslar üzrə keçid...
12:45 13.08.2026
0
0
0
NAXÇIVAN :
13 Avqust 2026, Cümə axşamı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 11- də Naxçıvan Muxtar Respublikasına tarixi səfəri bir sıra sosial obyektlərin açılışında iştirakı və onlarla tanışlıqla yanaşı, muxtar respublikanın gələcək inkişaf istiqamətlərinə dair mühüm mesajlarla yadda qaldı. Prezident İlham Əliyevin Naxçıvana səfərini muxtar respublikanın həyatında yeni bir dövrün başlanğıcı kimi dəyərləndirmək mümkündür. Dövlət başçısının Naxçıvana sayca 17-ci səfəri həm görülən işlərin qiymətləndirilməsi, həm də qarşıdakı mərhələnin əsas hədəflərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev müsahibəsində də dediyi kimi: “Əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Qeyd etdiyiniz kimi, mən Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək”.
Səfərin mühüm məqamlarından biri də Naxçıvanın gələcək inkişafının ayrı-ayrı layihələr deyil, bir-birini tamamlayan vahid strategiya əsasında həyata keçirilməsinin aydın şəkildə görünməsi oldu. Muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat vəsaitin ayrılması, Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, enerji layihələri, nəqliyyat və infrastrukturun yenilənməsi, şəhərin 2044-cü ilədək inkişaf planının təqdim edilməsi, sosial layihələr və Zəngəzur dəhlizi ilə bağlı verilən mesajlar bu strategiyanın əsas istiqamətlərini müəyyənləşdirir.
Bu baxımdan, səfəri yalnız yeni obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə məhdudlaşdırmaq doğru olmazdı. Burada söhbət Naxçıvanın iqtisadi potensialının gücləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması sənayenin inkişaf etdirilməsi və şəhər mühitinin müasir tələblərə uyğun yenilənməsindən gedir. Bütün bunlar Naxçıvanın gələcəkdə Azərbaycanın mühüm iqtisadi, nəqliyyat və enerji mərkəzlərindən birinə çevrilməsi üçün yeni imkanlar yaradır.
Səfər çərçivəsində dövlət başçısının bir sıra müəssisələrin açılışında, yeni layihələrin təməlqoyma mərasimlərində iştirakı və həyata keçirilən tikinti-yenidənqurma işləri ilə tanış olması da xüsusi əhəmiyyət daşıyır. Bu, Naxçıvanın inkişafı ilə bağlı nəzərdə tutulan layihələrin artıq konkret və praktik mərhələyə keçdiyini göstərir. Nəqliyyat və logistika, enerji, sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və sosial infrastruktur sahələrində həyata keçirilən layihələr Naxçıvanın iqtisadi modelinin əsas dayaqlarını formalaşdıracaq. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı proseslər muxtar respublikanın regional nəqliyyat əlaqələrində rolunu daha da artıracaq. Bu isə Naxçıvanın iqtisadi imkanlarının genişlənməsi ilə yanaşı, onun geostrateji əhəmiyyətinin daha da yüksəlməsinə şərait yaradacaq.
Səfərin diqqətçəkən digər mühüm istiqaməti Naxçıvanın tarixi-mədəni irsinə göstərilən dövlət qayğısının bir daha nümayiş etdirilməsi oldu. Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanışlıq, Əcəmi Naxçıvani abidəsinin açılışı Naxçıvanın qədim tarixinin və zəngin memarlıq ənənələrinin qorunmasına verilən önəmin göstəricisidir. Müasir inkişafla tarixi irsin qorunmasının eyni səfərin proqramında yer alması təsadüfi deyil. Çünki Naxçıvanın gələcəyi yalnız iqtisadi və sosial göstəricilərlə ölçülmür. Bu gələcəyin təməlində milli kimliyimiz, tariximiz, mədəniyyətimiz, dilimiz və mənəvi dəyərlərimiz də dayanır. Məhz bu baxımdan Əcəmi Naxçıvaninin şəxsiyyətinə göstərilən ehtiram və onun adını daşıyan memarlıq irsinin qorunması xüsusi məna kəsb edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Digər vacib sahə, – yəni o sahə də bu gün səfərimin proqramında öz əksini tapmışdır, – Naxçıvanın tarixi-mədəni abidələrinin qorunmasıdır. Bildiyiniz kimi, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir. Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur”.
Beləliklə, avqustun 11-də baş tutan səfər Naxçıvanın yeni inkişaf mərhələsinin əsas istiqamətlərini bir daha aydın göstərdi. Burada iqtisadi inkişafla nəqliyyat imkanlarının, müasir şəhərsalma ilə sosial infrastrukturun, bütün bunlarla yanaşı tarixi-mədəni irsin qorunmasının vahid inkişaf konsepsiyasında birləşdiyi görünür.
Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər