İspaniya ilə iqtisadi tərəfdaşlıq genişləndirilir...
17:26 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Vətən savaşı – Azərbaycan tarixinin qanla yazılan zəfər salnaməsi. Cəmi 44 gün: işğaldan azad edilən torpaqlar, illərdir, həsrətdə qalan yurdlara sancılan şanlı Azərbaycan Bayrağı. Yurduna qayıdan insanlar. Zəngilanda, Şuşada yanan çıraqlar, Xankəndidən gələn tələbə səsi, Xocalıdan ucalan toy sədası. Bütün bunları gördükcə minnətdar olduq şəhid və qazilərimizə, canını Vətənə sipər edənlərə. Və oğul böyüdüb dövlətə, bayrağa qurban verən analara, gül üzləri solsa da, qürurla dayanan şəhid xanımlarına, ata nəvazişini, ata sevgisini soyuq məzar daşları ilə əvəz edən şəhid övladlarına.
Onlara nə etsək, nə desək, nə qədər minnətdar olsaq, azdır, deyirik hər zaman. Hər kəs çalışır ki, öz borcunu yerinə yetirsin şəhid ruhları qarşısında. Dövlət də, sadə vətəndaş da, sahibkar da. Ötən gün belə qürurverici tablolardan birinə şahid olduq. “Cahan” Şirkətlər Qrupunun 30 illiyi” proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid övladları valideynləri ilə birlikdə Şuşa şəhərinə ikigünlük səfərə yola düşdülər.
Şəhid övladı atalarının açdığı zəfər yolu ilə qələbənin rəmzi olan Şuşa şəhərinə səfərə getdi. Onlardan bir neçəsi ilə telefon əlaqəsi saxlayıb həmsöhbət oluruq.
Babək rayon sakini Gülay Novruzovanın iki övladının atası, qəhrəman Ümid Novruzov Şuşada şəhadət şərbəti içib. Bu gün onun iki övladı buraya ayaq basır. Atasının ətri gələn torpağa. Bahadur oğul payıdır Ümidin. O deyir ki, Şuşada olanda atasının da yanında olduğunu hiss etdi: “Atam həmişə bizimlədir. Əminəm, bacımı və məni qoruyur. O bizi çox sevirdi, ona görə də Vətənin azadlığını istədi. İstədi ki, biz bütöv Vətənin övladı olaq. Burada atam son sözlərini torpağa pıçıldayıb. Onu dinləyə bildim”.
Qabil Orucəliyev atasının adını daşıyan, onun üzünü görməyən oğul. O da gəlib Şuşanı gəzməyə, Aprel döyüşlərində atası kimi oğulların açdıqları cığırın Zəfər yoluna döndüyünü görməyə.
Əli Meydanlı şəhid kapitan Elməddinin, Şərurun qəhrəman oğlunun balası, Vətənə əmanətidir: “Onun azad etdiyi torpaqlara qədəm qoymaq qürur verdi mənə. Zəngilan uğrunda gedən döyüşlərdə şəhadət şərbəti içib atam. Qəhrəmanlığı tarixə yazılıb. Onun ən böyük istəyi Şuşanı azad etmək idi. Arzusuna çatdı, amma buranı qardaşım və mən gördük. Cıdır düzü çox gözəl idi, Xankəndi də. Atamla qürur duyuram”.
Dilarə Rzayeva Culfa torpağının qəhrəmanı Kənanın həyat yoldaşı, şəhidin üzünü doya-doya görə bilmədiyi qələbə ilə yaşıd 5 yaşlı oğlunun anasıdır: “Bu cür səyahətlər həm bizim, həm də uşaqlarımız üçün çox qürurvericidir. Yolboyu baxdıqca ucsuz-bucaqsız çöllərə, igid oğulların rəşadətinə şahidlik edirsən. Şuşaya çatanda isə həmin igidlərin necə bir qəhrəmanlıq göstərdiyini görürsən. Abadlaşan elləri görəndə isə əmin olursan ki, şəhid ruhları şaddır. Çünki torpaqlar azaddır”.
Deyirlər ki, uşaqların yaddaşı təmiz ağ kağız kimidir. Oraya nə yazsan ömürboyu onlar yaddaşında qalacaq. Onlara göstərilən qayğı ilə yazılır həmin o ağ səhifələr. Vətəni sevən, dövlətinə sadiq olan insanların sayəsində Naxçıvandan Şuşaya uzanan Zəfər yolu ilə baş tutan səyahət, bir gecə iki gün Şuşa və Xankəndi şəhəri ilə tanışlıq uşaqların həyatının ən gözəl günləri kimi həkk olundu yaddaş kitabçalarına. Və onlar bu günləri heç vaxt unutmayacaq, çünki nəfəsinə, səsinə doya bilmədikləri atalarının ayaq izləri, səsi və nəfəsi var bu torpaqlarda.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər