NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Şuşa konfransı: Cənubi Qafqazda sülh və əməkdaşlığın yeni diplomatik platforması

...

Müasir beynəlxalq münasibətlər sistemi qlobal və regional təhlükəsizlik çağırışlarının artdığı, geosiyasi rəqabətin yeni mərhələyə qədəm qoyduğu mürəkkəb bir dövrü yaşayır. Dövlətlər arasında mövcud münaqişələrin dərinləşməsi, enerji və nəqliyyat dəhlizləri uğrunda rəqabətin güclənməsi, transmilli təhdidlərin genişlənməsi, eləcə də sürətlə dəyişən siyasi reallıqlar regional əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə davamlı sülhün təmin olunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və çoxtərəfli əməkdaşlığın inkişafı beynəlxalq siyasətin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Cənubi Qafqaz da bu qlobal proseslərin mühüm tərkib hissəsidir. Tarixboyu müxtəlif geosiyasi maraqların kəsişdiyi bu region uzun illər münaqişələr və qarşıdurmalarla üzləşsə də, 2020-ci ildə Azərbaycanın tarixi zəfərindən sonra yaranmış yeni reallıqlar sayəsində burada sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya üçün geniş imkanlar açılıb. Xüsusilə Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslər regionun sabitlik və inkişaf məkanına çevrilməsi istiqamətində yeni perspektivlər formalaşdırır. Bu baxımdan, iyunun 15-də Şuşada işə başlayan “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans regionun gələcəyinə dair baxışların, təhlükəsizlik strategiyalarının və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi mühüm beynəlxalq platforma rolunu oynayır.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi şəhərin təkcə tarixi və mədəni deyil, həm də siyasi-diplomatik əhəmiyyətinin artdığını nümayiş etdirir. Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində Azərbaycanın ədalətli dünya nizamının formalaşmasına və Avrasiya məkanında etibarlı əməkdaşlıq mühitinin yaradılmasına töhfə vermək əzmində olduğunu vurğuladı. Sitat: “Ədalətli dünya nizamının və bəşəriyyət üçün təhlükəsiz həyat şəraitinin yaradılmasının tərəfdarı olan Azərbaycan təkcə regionun deyil, eləcə də bütövlükdə Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışmaqdadır. Dost və qardaş ölkələrlə, xüsusən Türk dünyası ilə birlikdə atılan qətiyyətli addımlar beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır və ailəmiz olan Türk dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirir. Bu önəmli beynəlxalq konfrans nümunəsində ölkələr arasında, həmçinin cəmiyyətdə sağlam əməkdaşlıq və həmrəylik mühitinin qorunması üçün fərqli siyasi maraqları ifadə edən partiyaların konstruktiv dialoqa, məsuliyyətli davranışa və milli maraqlar əsasında birgə fəaliyyətə üstünlük verməsi qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir”.

2022-ci ildən etibarən təşkil olunan bu beynəlxalq konfrans Azərbaycanın regional sülh təşəbbüslərinin və çoxtərəfli əməkdaşlıq siyasətinin mühüm platformalarından birinə çevrilib. Tədbirin iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi onun beynəlxalq nüfuzunun artdığını, eyni zamanda Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və əməkdaşlıq məsələlərinin qlobal gündəmdə getdikcə daha mühüm yer tutduğunu nümayiş etdirir. Tarixi və mədəni əhəmiyyəti ilə seçilən Şuşa şəhərinin belə bir beynəlxalq dialoq və fikir mübadiləsi məkanına çevrilməsi Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasi, iqtisadi və humanitar strategiyanın uğurlu nəticələrindən biri kimi dəyərləndirilə bilər. Bununla yanaşı, Şuşada keçirilən bu cür mötəbər tədbirlər şəhərin təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də regional və qlobal əməkdaşlıq təşəbbüslərinin təşviq olunduğu mühüm diplomatik platforma statusunu daha da möhkəmləndirir.

Bildiyimiz kimi, Azərbaycanın müstəqillik dövründə qarşılaşdığı əsas problemlərdən biri ərazi bütövlüyünün pozulması və uzunmüddətli işğal faktı olub. Təxminən, otuz il davam edən bu vəziyyət təkcə regional təhlükəsizliyi deyil, beynəlxalq hüququn tətbiqi məsələlərini də gündəmdə saxlayıb. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırıb və sülh quruculuğu prosesinə yeni impuls verib. Bu yeni mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi qələbəni siyasi dialoq, iqtisadi inteqrasiya və regional əməkdaşlıq imkanlarına çevirmək siyasəti yürüdür. Respublikamızın irəli sürdüyü sülh təşəbbüsləri və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar Cənubi Qafqazın gələcək inkişafında mühüm amillərdən biri hesab olunur. Bu kontekstdə reallaşmaq mərhələsində olan Zəngəzur dəhlizi layihəsi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin bərpası kimi deyil, həm də Şərq-Qərb nəqliyyat marşrutunun və Orta Dəhlizin mühüm tərkib hissəsi olaraq qiymətləndirilir. Layihənin reallaşması Cənubi Qafqazın tranzit və logistika potensialını artırmaqla yanaşı, Avropa və Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə, regional iqtisadi inteqrasiyanın dərinləşməsinə və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verə bilər. Bu fakt bir daha göstərir ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər təkcə milli maraqlara xidmət etmir, həm də regionda uzunmüddətli sülhün, sabitliyin və davamlı inkişafın təmin edilməsinə yönəlmiş strateji yanaşmanın tərkib hissəsidir.

Postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın milli təhlükəsizlik və dayanıqlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Müasir şəhərsalma prinsiplərinə əsaslanan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir sosial, iqtisadi və nəqliyyat infrastrukturunun yaradılması həmin ərazilərin innovativ və dayanıqlı inkişaf modelinə çevrilməsini hədəfləyir. Bu yanaşma təkcə bölgələrin bərpasına deyil, həm də uzunmüddətli iqtisadi inkişafın, sosial rifahın və təhlükəsizliyin təmin edilməsinə xidmət edir. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, eləcə də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının Bakıda keçirilməsi ölkəmizin müasir şəhərsalma, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq sahələrində artan nüfuzunu əks etdirir. Bu baxımdan, Şuşada təşkil olunan beynəlxalq konfrans da Azərbaycanın regional sülh gündəliyinin, təhlükəsizlik siyasətinin və əməkdaşlıq təşəbbüslərinin beynəlxalq ictimaiyyətə çatdırıldığı, müxtəlif ölkələrin siyasi partiyaları, ekspertləri və beyin mərkəzləri arasında dialoqu və qarşılıqlı etimadı gücləndirən mühüm platforma kimi xüsusi əhəmiyyət daşıyır.

Ümumilikdə, qeyd etmək olar ki, Şuşada keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans Azərbaycanın regional və qlobal təhlükəsizlik gündəliyində artan rolunun, eləcə də sülh və əməkdaşlıq təşəbbüslərinə sadiqliyinin növbəti ifadəsidir. Bu platforma bir daha göstərir ki, postmünaqişə dövründə formalaşan yeni reallıqlar Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq və qarşılıqlı etimad bölgəsinə transformasiyası üçün geniş imkanlar yaradır. Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin ildönümündə fəaliyyətə başlayan bu tədbir həm tarixi-siyasi rəmzi məna daşıyır, həm də gələcəyə yönəlmiş əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Şuşanın mühüm beynəlxalq siyasi dialoq mərkəzinə çevrilməsi Azərbaycanın sülh gündəliyinin təşviqində, regional təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və müxtəlif ölkələr arasında konstruktiv əməkdaşlığın inkişafında oynadığı fəal rolun aydın göstəricisidir. Prezident İlham Əliyevin dediyi kimi: “Əminəm ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanı xilas etməsi ilə əlamətdar olan Milli Qurtuluş Günü və tarixi Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi bu konfrans çevik mexanizm funksiyasını yerinə yetirərək iştirakçı ölkələr arasında davamlı əməkdaşlığın qorunmasına vacib töhfələr verəcəkdir”.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.06.2026 12:18