NAXÇIVAN :

15 Avqust 2026, Şənbə

Xankəndi və Baia Mare qardaşlaşır

...

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Rumıniyanın Maramureş və Baia Mare regionu arasında iqtisadi, investisiya, mədəni-humanitar, idman və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.
“Şərq qapısı” xəbər verir ki, Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin regional səviyyədə daha da inkişaf etdirilməsi, Qarabağ və Maramureş regionları arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlığın qurulması məsələləri müzakirə olunub. Elçin Yusubov Azərbaycanın, xüsusilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının Avropa ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, Qarabağda və Şərqi Zəngəzurda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və infrastruktur layihələri, xarici investorlar üçün yaradılan imkanlar barədə məlumat verib. Azərbaycan tərəfi Maramureş regionunun rəhbəri Qabriel-Valer Zateanı Qarabağa rəsmi səfərə dəvət edib. Dəvəti qəbul edən Qabriel-Valer Zatea regional səviyyədə əməkdaşlığın iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. O, Maramureşdə həyata keçirilən layihələrdə Azərbaycan sərmayəçilərinin iştirakına böyük maraq göstərildiyini vurğulayıb.
Görüşdə Qarabağ və Maramureşdə qarşılıqlı olaraq region günlərinin keçirilməsi, iki regionun iş adamlarının iştirakı ilə biznes-forumun təşkili, iqtisadi və investisiya imkanlarının birgə dəyərləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Elçin Yusubov Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa quruculuq işlərini və regionda dayanıqlı sülh və sabitlik mühitinin formalaşdırılmasını tarixi nailiyyət kimi qiymətləndirib.
Bundan başqa, Azərbaycan nümayəndə heyəti Baia Mare şəhərinin meri İoan Doru Dencuşla da görüşüb.
Görüşdə Baia Mare və Xankəndi şəhərləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, investisiya və digər qarşılıqlı faydalı əməkdaşlıq istiqamətləri müzakirə olunub. Baia Marenin meri İoan Doru Dencuş Azərbaycanla, Qarabağla əlaqələrin inkişaf etdirilməsi üçün konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsini, Azərbaycan şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasını və qarşılıqlı investisiya imkanlarının nəzərdən keçirilməsini təklif edib. O, həmçinin mədəni, humanitar və idman sahələrində əməkdaşlığa maraqlı olduqlarını bildirib.
Elçin Yusubov Xankəndinin coğrafi mövqeyi, təbiəti və zəngin irsi baxımından Baia Mare ilə oxşarlıqlarının olduğunu diqqətə çatdırıb. O, Xankəndinin Qarabağın mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri olduğunu, şəhərin zəngin tarixi barədə məlumat verib. Xüsusi nümayəndə Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq layihələrinin region ölkələri, o cümlədən Avropa dövlətləri üçün uzunmüddətli strateji və iqtisadi əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş zamanı Rumıniya tərəfi Azərbaycana, xüsusilə Qarabağa rəsmi səfərə dəvət olunub. Tərəflər Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması barədə razılığa gəliblər.
Keçirilən görüşlər Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu, eləcə də Xankəndi və Baia Mare şəhərləri arasında əlaqələrin yeni mərhələyə yüksəldilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Nəşr edilib : 15.08.2026 15:44