NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Süfrələrimizin bəzəyi olan nemətlər hansı hallarda özümüzə qarşı çevrilir?

...

Fəsillərin dəyişimi ilə əlaqədar evdar xanımlarımız qış üçün tədarük görür, öz məharətini sərgiləyərək növbənöv dada, görünüşünə malik təamlar, turşular, bağlamalar, şorabalar, kompotlar, mürəbbələr hazırlayırlar.Bəzi hallarda bu təamlar müəyyən səbəblərdən insanların səhhətində problemlərə yol açır, hətta həyati təhlükə yaradır. Bəs süfrələrimizin bəzəyi olan bu nemətlər hansı hallarda qatilimizə çevrilir? Son zamanlarda tez- tez eşitdiyimiz zəhərlənmə xəbərləri bizi bu barədə məlumatlanmağa vadar edir. Toksikoloq Ramin Qənbərovun mövzu ilə bağlı fikirləri maraqlıdır: – Zəhərlənmə müxtəlif mənşəli zəhərli maddələrin xarici mühitdən insan orqanizminə daxil olması nəticəsində əmələ gələn təhlükəli xəstəlikdir. İlkin əlamətləri qarında ağrı, ürəkbulanma, qusma, ishal, güclü baş ağrıları, görmə pozğunluğudur. Buna səbəb olacaq bir çox amil var. Xarab və natəmiz tərəvəzlərdən hazırlanan tutmalar, şorabalar ağır zəhərlənmələrə yol aça bilir. Belə ki, turşular üçün nəzərdə tutulmuş tərəvəzlər düzgün emal olunmadıqda, yaxşı yuyulmadıqda, hazırlanarkən sanitariya qaydalarına riayət edilmədikdə bu məhsullar xəstəlik törədən bakteriyalar tərəfindən çirklənir. Bankalara yığıldıqdan və ağzı kip bağlandıqdan sonra havasız mühitdə artan mikroblar özlərindən zəhər (toksin) ifraz edir. Məsələn, botulizm törədicisi adlanan çox təhlükəli, ətraf mühitdə davamlı mikroblar belə qapalı, oksigensiz qablarda çoxalaraq ağır zəhərlənmələrə səbəb olan, bəzi hallarda isə ölümlə nəticələnən botulotoksin adlanan çox güclü təsirli zəhər ifraz edirlər. Həkimin sözlərinə görə, ən çox zəhərlənmələr xiyar, pomidor, kələm kimi tərəvəzlərdən hazırlanan turşulardan baş verir. Bəzən qablaşmaların atmaması üçün aspirin, tetrasiklin, askorbin turşusu kimi dərman vasitələrindən istifadə olunur. Bu dərmanlar turş xassəli kimyəvi maddələr olduğundan bağlanmış məhsulda olan maddələrlə reaksiyaya girib onların tərkibini dəyişir və insan orqanizminə zərər verən məhsullar əmələ gətirirərək zəhərlənməyə yol açırlar. Ramin Qənbərov onu da diqqətə çatdırır ki, zəhərlənmə hallarını aradan qaldırmaq üçün bir sıra profilaktik tədbirlər görülməlidir. Bunun üçün əhali arasında maarifləndirici tədbirlər aparılmalı, ev şəraitində turşular hazırlanarkən sanitar-gigiyenik qaydalara riayət edilməli, tərəvəzlərin təmiz yuyulması, qabların təmiz yuyulub qaynar su ilə sterilizasiyası aparılmalıdır. Hazırlayan şəxs özü əllərinin təmizliyinə diqqət etməlidir. Dərman preparatlarının nəzarətsiz, təyinatından kənar istifadə olunması qadağan edilməlidir.

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 06.10.2024 11:54