NAXÇIVAN :

15 May 2025, Cümə axşamı

Naxçıvanlı rəssamlar Azərbaycan-Venesuela “Dostluq” sərgisində iştirak ediblər

...

Azərbaycan və Venesuela arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş “Dostluq” adlı sərgi keçirilib. 
“Şərq qapısı” xəbər verir ki, mayın 13-də Venesuelanın Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupunun birgə təşkilatçılığı ilə Bakı şəhərindəki “Landmark” mərkəzində “Dostluq” adlı sərgi açılıb. 
Sərginin açılışını Venesuelanın Azərbaycandakı ilk səfiri Kristofer Berroteran edib. O, çıxışında iki ölkə arasında qurulmuş səmimi və məhsuldar əlaqələrdən bəhs edib, həmçinin sərgi ilə bağlı təəssüratlarını bölüşüb.
Daha sonra Milli Məclisin Azərbaycan-Venesuela işçi qrupunun rəhbəri Tamam Cəfərova çıxış edərək ölkələrimiz arasında diplomatik münasibətlərin əhəmiyyətindən, ilin əvvəlində parlament xətti ilə Venesuelaya həyata keçirilmiş səfərdən və sərginin ərsəyə gəlməsindən danışıb.
Sərginin kuratoru, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü,  Azərbaycan Respublikasının Əməkdar rəssamı və Azərbaycan-Venesuela işçi qrupunun üzvü Ülviyyə Həmzəyeva bildirib ki, ekspozisiyada hər iki ölkədən 32 rəssamın,ümumilikdə, 55 əsəri nümayiş olunur. Onun sözlərinə görə, bu layihə mədəniyyət sahəsində səmərəli əməkdaşlığın və xalqlar arasında dostluğun gözəl nümunəsidir.
Qeyd edək ki, Naxçıvandan olan 6 rəssamın 13  rəsm əsəri sərgidə yer alıb. 
Tədbirdə, həmçinin Azərbaycan-Venesuela dostluq qrupunun üzvləri, deputatlar – Mehriban Vəliyeva, Aydın Hüseynov və Müşfiq Məmmədli də iştirak ediblər. Onlar rəssamlara diplomlar təqdim edərək fəaliyyətilərini yüksək qiymətləndiriblər.
Rəsmi çıxışlardan sonra iştirakçılar sərgiyə baxış keçiriblər. Tədbirdə dövlət və qeyri-hökumət qurumlarının nümayəndələri, mədəniyyət xadimləri və rəssamlar da iştirak ediblər.
Sonda sərgidə iştirak edən rəssamlara "Təşəkkürnamə"lər təqdim olunub. 

  Aidə İBRAHİMOVA

Nəşr edilib : 14.05.2025 21:22