NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Səssiz ölüm - dəm qazı

...

Havaların soyuması ilə əlaqədar  qızınmaq üçün sobalara üz tutur, evə soyuq daxil olmasın deyə, hətta qapı-pəncərələri  belə örtülü saxlayırıq. Bu da dəm qazı ilə zəhərlənmə hallarının çoxalmasına səbəb olur. Bəs dəm qazı nədir və hansı hallarda əmələ gəlir? Bu kimi sualların cavabını öyrənmək üçün  Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkim vəzifələrini müvəqqəti icra edən Hüseyn Əsgərov ilə həmsöhbət olduq.

Onun sözlərinə görə dəm qazı (karbon monoksid) yanma tam baş vermədikdə, yəni oksigen çatışmazlığı şəraitində əmələ gələn zəhərli qazdır. O, qoxusuz və rəngsiz olduğu üçün insan tərəfindən hiss edilmir. Bu qaz daha çox qaz sobaları, köhnə istilik sistemləri, su qızdırıcıları və odun, kömür kimi yanacaq növlərinin tam yanmaması nəticəsində yaranır.

Dəm qazı ilə zəhərlənmə ən çox payız və qış aylarında, xüsusilə də evlərdə isitmə sistemlərindən istifadə olunduğu dövrdə baş verir. Qapı və pəncərələrin bağlı olduğu, havalandırmanın zəif olduğu otaqlarda risk daha yüksək olur.

Bəs dəm qazı zəhərlənməsinin orqanizmə uzunmüddətli təsirləri varmı?

“Bəli, ağır zəhərlənmələrdən sonra beyin və sinir sistemi zədələnə bilər. Bəzi insanlarda yaddaş pozğunluğu, diqqət dağınıqlığı, baş ağrıları və ürək-damar problemləri uzun müddət qala bilər. Bununla yanaşı, dəm qazı insan orqanizminə çox ciddi təsir göstərir. Dəm qazı qanda olan hemoqlobinə bağlanaraq onun oksigen daşıma qabiliyyətini azaldır. Nəticədə, orqanizm oksigensiz qalır, beyin və ürək kimi həyativacib orqanlar zədələnir”.

Həkim əlavə olaraq bildirdi ki, zəhərlənmənin ilkin əlamətləri baş ağrısı, başgicəllənmə, ürəkbulanma, halsızlıq və yuxululuq şəklində özünü göstərir. Əgər şəxs həmin yerdə qalmağa davam edərsə, huşunu itirə bilər. Belə hallarda, ilk növbədə, zərərçəkəni təmiz havaya çıxarmaq, pəncərələri açmaq, qaz mənbəyini söndürmək və təcili tibbi yardım çağırmaq lazımdır.

İlk olaraq  xəstəyə  oksigen verilməlidir. Həkimlər, həmçinin tənəffüs, nəbz, təzyiq və sinir sisteminin vəziyyətini də dərhal qiymətləndirirlər. Xəstənin zəhərlənmə dərəcəsinə görə, ağırlıq halına uyğun müayinələr aparılır və reanimasion tədbirlər icra edilir.

Qeyd etmək lazımdır ki, vaxtında tibbi yardım göstərilmədikdə, beyin oksigensiz qalır və bu, komaya, qalıcı nevroloji zədələrə və hətta ölümə səbəb ola bilər.

Dəm qazı qoxusuz və rəngsiz olduğu üçün insan bunu necə fərq edə bilər?

Həkim bildirdi ki: “Əslində, fərq etmək çox çətindir. Evdə dəm qazı yaradabiləcək hər hansı qaz mənbəyi varsa və halsızlaşırıqsa, ürəkbulanma yaranırsa, ürək döyüntümüzün artdığını hiss ediriksə,  dərhal otağı havalandırmalı və qaz mənbəyini dayandırmalıyıq.Dəm qazını müəyyən etmək üçün yaxşı üsul qaz detektorlarından istifadə etməkdir. Onlar havadakı dəm qazını hiss edib xəbərdarlıq siqnalı verir. Bunun üçün FHN-nə və ya qaz idarələrinə müraciət etmək olar”.

Sağlamlıq Tanrının insan övladına  bəxş etdiyi əvəsiz hədiyyədir. Hər bir insan sağlamlığını təhlükə altına sala biləcək hadisələrin qarşısını almağa çalışmalıdır. Gündəlik həyatımızda  çox kiçik gördüyümüz bəzi hallar bəzən bir anda  həyatımızı  təhlükə altına salacaq  vəziyyətin yaranmasına gətirib çıxarır. Ona görə də hər birimiz  dəm qazını yarada biləcək köhnəlmiş əşyalardan diqqətli istifadə etməyi bacarmalıyıq.

                Zəhra VƏLİYEVA

 

Nəşr edilib : 20.10.2025 14:40