NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Şərur rayonunda kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı maarifləndirici tədbir keçirilib

...

Tədbirlərdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Müşfiq Əliyev bildirib ki, 2025-ci il iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınması keçiriləcək. Muxtar respublikada bu tədbirin mütəşəkkil keçirilməsi məqsədilə bölgələrdə müvafiq yardım komissiyaları yaradılıb. 
Bu işin yerinə yetirilməsi üçün Şərur rayonu üzrə 186 nəfər müqavilə imzalayıb ki, bunların 16-sı təlimatçı-nəzarətçi, 165-i sayıcı, 5-i isə ehtiyat sayıcıdır. 
Qeyd olunub ki, tədbirin əsas məqsədi sayıcıları qarşıda duran vəzifələr barədə ətraflı məlumatlandırmaq, onların praktiki hazırlığını artırmaq və siyahıyaalma prosesinin düzgün və keyfiyyətli həyata keçirilməsini təmin etmək olub.
Tədbirlərdə Şərur Rayon İcra Hakimiyyətinin birinci müavini Səfər Hüseynov və digər şəxslər çıxış edərək siyahıyaalmanın əhəmiyyətindən danışıb, bildiriblər ki siyahıyaalma kənd təsərrüfatında real vəziyyətin öyrənilməsi və dəqiq statistikanın aparılması üçün vacib əsas yaradır. 
Səfər Hüseynov əlavə edib ki, hər bir icra nümayəndəsi və sayıcı öz işinə ciddi yanaşmalı, məlumatların dürüstlüyünü təmin etməli, gələcəkdə hər hansı yaranabiləcək nöqsanların qarşısını almalıdır.
Qeyd olunub ki, siyahıyaalma iyulun 15-dən avqustun 15-dək keçiriləcəkdir.
Təlim zamanı sayıcılara videoçarx vasitəsilə zəruri məlumatlar təqdim edilib, iş prinsipi, planşetlərlə işləmə qaydası və gündəlik fəaliyyət planı izah olunub. Eyni zamanda qarşıya çıxa biləcək texniki və praktiki çətinliklərlə bağlı izahlı tövsiyələr verilib. Qeyd edilib ki, siyahıyaalma ölkədə ilk dəfə planşetlər vasitəsilə həyata keçiriləcək, bu yenilik prosesin daha sürətli, dəqiq və şəffaf aparılmasına imkan yaradacaq. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 09.07.2025 20:19