NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Səmanın mələkləri

...

Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi ilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən dəhşətli qəza ilə xalqın yaddaşına həkk olundu. Bu qəza yalnız itkilər və kədər deyil, eyni zamanda insanlıq və qəhrəmanlıq hekayələrini də özünə birləşdirdi. Təyyarənin ekipaj üzvləri həmin faciəli anlarda sərnişinlərin həyatını xilas etmək üçün son ana qədər fədakarlıq göstərdilər.

Qəza baş verən anda pilotların qarşısında yalnız iki yol vardı: ya vəziyyəti qəbul etmək, ya da hər şeyin sonuna qədər mübarizə aparmaq. Onlar ikinci yolu seçdilər. Təyyarənin nəzarəti itirilmişdi, amma pilotların qəlbində insanları qorumaq iradəsi çox güclü idi; bu iradə yer üzünün əşrəfi olanları öz ünvanına oradan götürdüyü kimi qaytarmaq istəyirdi. 

Qəza anında hər kəsin beynindən yalnız bir fikir keçirdi. “Sağ qalmaq”. O kabində oturan qəhrəmanlar da bunu fikirləşirdilər. Pilotlar alternativ qərarlar verməli idilər, elə bir qərar ki bir insan həyatının yükünü daşıya bilsin. Təsəvvür edin, təyyarədəki təlaşın içində o iki insan necə sakit qalmağa çalışırdı. Təsəvvür edin, dumanlı göylərdə bir ümid işığı axtararkən onların beyinləri necə işləyirdi. Onlar qorxuya məğlub olmadılar, son anlarına qədər mübarizə apardılar. Pilotlar öz həyatlarını riskə ataraq sərnişinləri ən az zərbə ilə yerə endirmək üçün hər şeyi etdilər.

Uçuş heyəti – kapitan, ikinci pilot, stüard və stüardessaları səmada təhlükəsiz uçmaq üçün gecə-gündüz çalışan, adları çox vaxt yaddaşlarda qalmayan qəhrəmanlardır. Bu uçuşda da ekipaj üzvləri öz borclarını ən yüksək səviyyədə yerinə yetirməyə çalışdılar... Və bacardılar...

Kapitanın soyuqqanlı davranışı, ekipajın təcrübəsi və canı bahasına sərnişinlərə yardım etmək üçün göstərdiyi cəhdlər faciənin daha böyük miqyas olmasının qarşısına sipər çəkdi. Qəzadan sağ çıxan sərnişinlərin sözlərinə görə, ekipaj üzvləri təyyarədə nizam-intizamı qorumaq, sərnişinləri sakitləşdirmək və təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün son ana qədər əllərindən gələni etdilər. Ekipaj üzvü stüarddessa Hökümə  Əliyevanı gözləriniz önünə gətirin. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə, televiziya kanallarında, hər kəsin qulağında bir səs təkrarlanır. “Hamı kəmərlərini bağlasın, hörmətli sərnişinlər. Təlimata uyğun hə... hərəkət edin. Hər şey yaxşı olacaq. Hamı əyləşsin, kəmərini bağlasın. Dəhlizdə durmayın. Təhlükəlidir”. Bu səs Hökümənin səsidir. Cəsarətin, peşəkarlığın və insanlığa sədaqətin simvolu Hökümənin. Səs yazılarından görürük ki, o insanların təhlükəsizliyi üçün son dəfə vəzifə  borcunu peşəkarlıqla yerinə yetirməyə çalışdı. O, hər kəsə göstərdi ki, Azərbaycan qadını məhz onun timsalında olanlardır! O yalnız qadın deyil, həm də Vətəndir, əsl vətəndaşdır!

O artıq bilirdi ki, bu onun təyyarədə son uçuşudur. Bir daha  əynində qürurla daşıdığı narıncı kostyumunu geyinməyəcək, hiss edirdi ki, bu eniş onların son enişi olacaq. Hər peşə qəhrəmanlıq tələb etmir, amma bəzən elə peşələr var ki, insanı qəhrəman edir. Hökümə Əliyeva o qəhrəmanlardan biri oldu. Göylər onu apardı, amma xatirəsi yerdə əbədi yaşamağa davam edəcək. Rahat yat, səmanın mələyi. Rahat yat, Hökümə Əliyeva.

        Xalqımızın ürəyinə dağ çəkən bu qəza  bizə onu göstərdi ki, ekipaj üzvləri, sadəcə, texniki vəzifə daşıyan şəxslər deyil, onlar səmanın gözətçiləridir.

Qəzada həyatını itirən ekipaj üzvlərinin adları xalqın yaddaşına həkk olundu. Onlar bir təyyarənin deyil, insanların həyatı üçün döyüşən əsl qəhrəmanlardır.

Bu qəza həm itki, həm də fədakarlığın zirvəsini göstərən bir hadisədir. Qəzada həyatını itirən ekipaj üzvlərini və sərnişinləri hörmətlə yad edərək onların qəhrəmanlıq hekayələrini gələcək nəsillərə ötürəcəyik. Onların əməyi, şücaəti və göstərdikləri iradə həmişə yaddaşımızda qalacaq. Hər birimiz şahidi olduq ki, onlar, sadəcə, uçmadılar, onlar insanlıq üçün qanad açdılar. Ekipaj üzvü olaraq səmaya uçub, göy üzünün qəhrəmanları kimi yerə endilər. Artıq biz hər dəfə səmanı seyr edəndə, onların orada olduğunu hiss edəcəyik. Biz hər dəfə bir təyyarənin qalxmasını və ya enməsini gördükdə onları xatırlayacağıq. Rahat yatın səmanın mələkləri. Rahat yatın göylərin mübariz əsgərləri! Sizin şücaətinizlə göylər daha da ucaldı!

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 27.12.2024 13:29