NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşdi

...

Nihat Mehman oğlu Seyidov 

(12.06.1998-15.10.2020) 

Nihatla bərabər ailədə üç övlad böyütmüşəm. Onun yeri tamam başqa idi. Bütün övladlar ata-anaya əziz olur, ancaq, yəqin ki, bütün analar bunu da təsdiq edər ki, ailədəki bir övlad mütləq digərlərindən fərqlənir. Nihat da belə oğul idi. İnsana tez alışan, ünsiyyətcil, mehriban, səmimi… Bir sözlə, Nihat uşaqlıqdan fərqli xarakterə sahib idi. Ən kiçik problemini belə bizə deməzdi. Fikirləşərdi ki, deyərəm, onlar narahat olar. Dərslərini də gücü çatdığı qədər yaxşı oxuyardı. Riyaziyyat fənnini çox sevirdi. Ancaq taleyi elə gətirdi ki, o, elm yolunu yox, hərbçi peşəsini seçdi. Naxçıvanda təhsil aldı, Heydər Əliyev adına Hərbi Liseyi başa vurdu. Sonra xidmətə başladı. Nümunəvi hərbçi kimi seçildi. Kollektivin hörmətini qazandı. Vətənpərvər oğul idi Nihat. 44 günlük Vətən müharibəsində də fəal iştirak etmişdi. Onunla son danışığımız oktyabr ayının 13-ü baş tutdu. Dedi ki, ana, ürəyim səni istədi, dedim bir kefini xəbər alım. Məndən nigaran qalma. Ondan iki gün sonra oktyabr ayının 15-i oğlum şəhid oldu. 

Döyüş yoldaşları deyir ki, Nihat əsl qəhrəman kimi döyüş yolu keçdi. Müharibədə şücaət göstərdi. Bir an belə olsun, geri çəkilmədi. Müharibənin ən qızğın yerində belə döyüş yoldaşlarına ruh yüksəkliyi verdi. Qələbə əzmini bir an belə olsun, itirmədi. Və şəhidlik zirvəsinə ucaldı. Düzdür, onun şəhadəti ailəmizi çox sarsıtdı. Ancaq təsəllimiz o oldu ki, torpaqlarımız azaddır. İnanırsınız, onun ölümündən sonra tez-tez özümə bu sualı verirdim ki, görəsən həqiqətənmi oğlum cənnətdədir? Görəsən həqiqətənmi Nihat əbədi həyatdadır, yaşayır? Hər zaman deyirdim ki, İlahi, nə olar mənə bir işarə ver. Bilim ki, övladım yaşayır. Heç unutmuram, bir gün axşam yenə bu düşüncədə idim ki, birdən Nihatın otağından səs eşitdim. Atasına dedim ki, Mehman, qalx evə nəzər elə gör gələn səs nədir? Atası evi yoxlaya-yoxlaya gedib Nihatın otağına çıxmışdı. Görmüşdü ki, otağın bir tərəfindəki xarıbülbül təsvirli suvenir qopub yerə düşüb. Halbuki həmin əşya aylardır ki, orada idi. Heç vaxt yerə düşməmişdi. Həmin hadisədən sonra özümə təskinlik verdim ki, deməli, Allahdan gələn işarə bu imiş. Deməli, oğullarımız yaşayır. Onlar hər zaman bizim qəlbimizdə yaşayacaq, var olacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Mən övladımla fəxr edirəm!    

Nəşr edilib : 27.11.2024 21:04