NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Şəhidin anım mərasimi keçirilib

...

Ordubad rayonunun Dırnıs kəndində Vətən müharibəsi şəhidi Vüqar Nəcəfovun anım mərasimi keçirilib. Tədbirdə şəhidin həyatı və döyüş yolundan danışılıb.  Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ və Şərqi Zəngəzurun azad edilməsindən, qazanılmış tarixi Zəfər nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından bəhs edilib. Azərbaycan xalqının iradəsi və qəhrəmanlarının şücaəti hesabına əldə olunmuş qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işləri, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr haqqında məlumat verilib. Dövlətimizin şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğısının hər zaman ön planda olduğu vurğulanıb. 
  Şəhidin yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya, şəhidlərin xatirəsinin hər zaman hörmət və ehtiramla yad edilməsinə görə minnətdarlıq ediblər.
Qeyd edək ki,Vüqar Aydın oğlu Nəcəfov 1988-ci il avqustun 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq zabitlik peşəsinə yiyələnib. Cəbhə bölgəsində yerləşən hərbi hissədə motoatıcı və atəş dəstək taqımının komandiri kimi xidməti vəzifələrinin öhdəsindən şərəflə gəlib, kapitan hərbi rütbəsinədək yüksəlib. Vətən müharibəsində Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 2-də şəhidlik məqamına yüksəlib.

Nəşr edilib : 10.08.2025 19:14