NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Sədr müavini: "Azərbaycandakı milli-mənəvi dəyərlərin bugünkü vəziyyəti, tolerantlıq mühiti bizim milli irsimizdir"

...

Prezident cənab İlham Əliyevin himayədarlığı ilə son illər görülən işlər və
həyata keçirilən tədbirlər ölkəmizdə hər kəsin etiqad seçiminə hörmətlə yanaşıldığını, qəbul edilən qanun və normativ aktların beynəlxalq hüquq və normalara uyğunlaşdırıldığını, görülən işlərin bütövlükdə əqidə azadlığını təmin etməyə, bu sahədə yarana biləcək problemlərin həllinə, dövlətlə dini qurumlar arasında münasibətləri qanun çərçivəsində tənzimləməyə hüquqi əsas verir. Ölkəmizdə bütün dinlərə bərabər hüquqlu şəraitin yaradıldığını, tolerantlığın ən yüksək səviyyədə olduğunu, dövlətin bütün xalqların, etnik azlıqların hüquqlarına hörmətlə yanaşıldığını, onların tarixi və mədəni irsinin öyrənilməsinə, qorunub saxlanılmasına xüsusi önəm verildiyini göstərir.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov  Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfransda söyləyib.
O deyib: "Azərbaycandakı milli-mənəvi dəyərlərin bugünkü vəziyyəti, tolerantlıq mühiti bizim milli irsimizdir. Dünyanın bir sıra ölkələrində keçirilən konfranslarda şəxsi müşahidələrim onu deməyə əsas verir ki, biz bir xalq, bir dövlət olaraq çox öndəyik. Çünki xalqımızın milli əxlaqında oturuşmuş səmimi, mehriban tolerantlıq dəyərləri bir çox ölkələr qanunlarla, inzibati resuslarla əldə etməyə çalışır. Azərbaycanda dinlər və məzhəblərarası münasibətlərdəki səmimiyyət əxlaqi normaya çevrildiyi halda, bir sıra inkişaf etmiş ölkələrdə bu qanunvericilik aktları ilə tənzimlənir. Dinlər və məzhəblər arasındakı mövcud vəziyyət mübaliğəsiz bizim milli markamız sayılır. Regionumuzda cərəyan edən münaqişələrin pərdə arxasında qalan dinlər və məzhəblər arası çəkişmələr fonunda mövcud tolerant mühitini qorumaq və daha da inkişaf etdirmək zərurəti yaranır. Bu baxımdan milli kimliyimizin mühüm hissəsini təşkil edən dinlər və məzhəblər arası səmimi tolerantlıq ənənəsini qoruyub saxlamaq məsuliyyətini hər birimiz ciddiyətlə qorumalıyıq"

Nəşr edilib : 30.11.2024 11:52