NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Sədərək rayonunda borclularla profilaktiki görüş keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi məhkəmə qərarlarının vaxtında və tam icrasını təmin etmək məqsədilə profilaktik tədbirlər həyata  keçirir. Nazirliyin 2025-ci il üçün İş Planına uyğun olaraq aidiyyəti qurumlara köməklik göstərilir  və icradan yayınma hallarının qarşısının alınması məqsədilə maarifləndirici görüşlər təşkil olunur.

Sentyabrın 5-də Nazirliyin İstintaq bölməsi və İcra və Probasiya Xidməti tərəfindən Sədərək Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan aliment və pul tələbi ilə bağlı icra sənədləri üzrə borclularla, habelə probasiya nəzarətində olan məhkumlarla görüş keçirilib.

Tədbirdə İstintaq Bölməsinin rəisi Asət Mirzəyev 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamını iştirakçılara xatırladıb. O həmçinin borclu və məhkumların hüquqları, öhdəlikləri və qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməməyə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə məlumat verib.

Daha sonra İcra və Probasiya Xidmətinin rəis müavini, İcra şöbəsinin rəisi Rahib Səfərov və şöbənin aparıcı məsləhətçisi Əbülfəz Gülməmmədov çıxış edərək məhkəmə qərarlarının icrasının daim diqqətdə saxlanıldığını və icradan yayınan borclularla mütəmadi olaraq profilaktiki söhbətlər aparıldığını vurğulayıblar. Onlar bildirib ki, tədbirlərin əsas məqsədi məhkəmə və digər orqanların qərarlarının icrasının vaxtında təmin olunması, icra məmurunun qanuni tələblərini yerinə yetirməyən borclu və məhkumların məsuliyyətə cəlb edilməsi və vətəndaşların hüquqlarının qorunmasıdır.

Tədbirin sonunda borclu şəxslər dinlənilib və onların sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.09.2025 15:50