NAXÇIVAN :

19 Aprel 2026, Bazar

“Sea Breeze” və “Raffle Group”, “Accor Group” ilə əməkdaşlıq haqqında müqavilə imzalayıblar

...

Aprelin 2-də “The Grand”da “Sea Breeze”, “Raffle Group” və “Accor Group” arasında “Sea Breeze” ərazisində “Swissôtel & Raffles Residences” layihəsinin reallaşdırılmasına dair müqavilənin imzalanma mərasimi keçirilib.
“Şərq qapısı”  xəbər verir ki, sənədi “Sea Breeze”in təsisçisi və sahibi Emin Ağalarov, “Raffle Group” şirkətlər qrupunun həmtəsisçisi Rafael Nuri və “Accor Group”un inkişaf üzrə vitse-prezidenti Filipp Bonne imzalayıblar.
Emin Ağalarov bildirib: “Bu gün “Sea Breeze” üçün daha bir mühüm hadisə baş verdi – “Swissôtel & Raffles Residences” layihəsinin reallaşdırılmasına dair saziş imzalandı. Yaxın zamanda tikintisi davam edən kazinonun yaxınlığında fərqli memarlıq üslubuna malik kompleksin inşasına başlanılacaq. Əminəm ki, bu layihə “Sea Breeze”in əsas simvol obyektlərindən birinə çevriləcək”.
Rafael Nuri qeyd edib: “Sea Breeze” ilə əməkdaşlıqdan məmnunuq və əminik ki, layihəni 2029-cu ilə qədər uğurla başa çatdıracağıq. Bu, şirkətimizin inkişafında mühüm addımdır və göstərilən dəstəyə görə təşəkkür edirik”.
Filipp Bonne isə vurğulayıb ki, şirkət uzun müddətdir Azərbaycanda fəaliyyət göstərir və brendlərinə böyük maraq var: “Strategiyamız yalnız paytaxtda deyil, həm də kurort zonalarında inkişafı nəzərdə tutur. Bu saziş “Swissôtel” brendinin Azərbaycan bazarına daxil olmasını təmin edəcək. Brend artıq regionun bir sıra paytaxtlarında uğurla təqdim olunub və yüksək maraq qazanıb”.
Layihənin memarlıq konsepsiyası “Melike Altınışık Architects (MAA)” tərəfindən hazırlanıb. Xəzər dənizinin dalğaları və küləklərindən ilhamlanan 13 mərtəbəli kompleksdə sahəsi 45 kvadratmetrdən 309 kvadratmetrə qədər olan 458 rezidensiya nəzərdə tutulub. Mənzillər yüksək keyfiyyətli təmir və mətbəx mebeli ilə təhvil veriləcək. Künc rezidensiyalarda cakuzi ilə təchiz olunmuş terraslar da olacaq.
Kompleks “Swissôtel” standartlarına uyğun fəaliyyət göstərəcək və sakinlərə 24 saatlıq resepsiya, konsyerj və təmizlik xidmətləri təqdim olunacaq. Layihə çərçivəsində həmçinin 150 otaqlı premium “Swissôtel” otelinin tikintisi planlaşdırılır.
İnfrastruktur fitnes və SPA mərkəzləri, qapalı və açıq hovuzlar, yeraltı və yerüstü dayanacaqlar, restoranlar, butiklər və dənizə birbaşa çıxışı olan özəl çimərlikdən ibarət olacaq.
Kompleks “HalfMoon” və “Dream Arena” yaxınlığında, kazinonun yanında yerləşəcək. Otel və rezidensiyaların açılışı 2029-cu ilin ortalarına planlaşdırılır.
Qeyd edək ki, “Raffle Group” 2018-ci ildə təsis olunmuş premium daşınmaz əmlak inkişaf şirkətidir və həm şəhər, həm də kurort tipli layihələr həyata keçirir.
Bu il “Sea Breeze” 20 illik yubileyini qeyd edir. Bu müddət ərzində layihə Xəzər sahilində kiçik kurort qəsəbəsindən Avropanın ən böyük özəl inkişaf və həyat tərzi layihələrindən birinə çevrilib. Bu gün “Sea Breeze” memarlıq, infrastruktur, təbiət, texnologiya və mədəniyyətin vahid sistemdə birləşdiyi müasir məkan kimi inkişaf edir.

Nəşr edilib : 02.04.2026 23:02