Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti daha da ...
14:41 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldıqca valideynlər üçün ən vacib məsələlərdən biri övladlarının məktəb ləvazimatlarını və geyimlərini almaq olur. Xüsusilə də məktəb formaları həm rahatlıq, həm də keyfiyyət baxımından valideynlərin diqqət mərkəzindədir. Lakin hər il müşahidə olunan əsas problemlərdən biri də saxta və keyfiyyətsiz məktəbli formalarının bazara çıxarılmasıdır. Bu geyimlər xarici görünüşcə orijinala çox bənzəsə də, materialın tərkibi, davamlılığı və sağlamlığa təsiri baxımından fərqlənir. Bəs saxta məktəbli formasını necə ayırd etmək olar? Bunun üçün həm valideynlərin təcrübəsinə, həm də satıcıların fikirlərinə nəzər saldıq.
Naxçıvanda yaşayan 2 uşaq anası Fəxriyyə xanım məktəbli formaları ilə bağlı ən böyük çətinliyinin məhz saxta məhsullarla rastlaşmaq olduğunu deyir: “Ötən il qızım üçün məktəbli forması almışdım. İlk baxışdan yaxşı görünürdü, amma bir neçə dəfə yuyulandan sonra rəngi soldu və tikişləri söküldü. Ən pis tərəfi isə odur ki, uşaq geyinərkən daim narahat olurdu. Həkim dedi ki, material keyfiyyətsiz olduğuna görə belə problemlər yaranır. Mən də anladım ki, aldığım forma saxta imiş”.
Valideynin sözlərinə görə, saxta məhsulları tanımaq o qədər də asan deyil. Çünki satıcılar bu geyimləri orijinal kimi təqdim edir. Fəxriyyə xanım deyir ki, indi forma alarkən ilk olaraq etiketə diqqət edir, hansı materialdan hazırlandığını yoxlayır: “Əgər etiketdə pambıq yazılıbsa, amma əlimlə toxunanda süni parça hiss olunursa, dərhal şübhələnirəm. Həmçinin qiyməti də nəzərə alıram. Əgər digər mağazalarda 30-40 manata satılan formanın eynisini biri 20 manata təklif edirsə, deməli, burada nəsə var. Uşağın sağlamlığı hər şeydən önəmlidir”.
Şəhərin mərkəzində məktəbli geyimləri satışı ilə məşğul olan Rza Rzayev isə bildirir ki, saxta formaların bazara çıxması həm valideynlər, həm də dürüst satıcılar üçün problem yaradır: “Orijinal məktəbli formaları xüsusi istehsal müəssisələrində hazırlanır, sertifikatlaşdırılır və keyfiyyətə nəzarətdən keçir. Lakin bəzi satıcılar xarici ölkələrdən ucuz parçalar gətirib oxşar formalar tikdirirlər. Bu geyimlər çox vaxt keyfiyyətsiz olur, amma üzərində orijinala oxşar nişanlar vururlar. Buna görə də müştəri üçün seçmək çətinləşir”.
Satıcının sözlərinə görə, fərqi müəyyən etmək üçün bir neçə əsas məqam var. İlk olaraq material önəmlidir. Orijinal məktəb formaları əsasən pambıq və ya pambıq qarışığı olan materiallardan tikilir, bədənə rahat oturur və dərini qıcıqlandırmır. Saxta geyimlərdə isə sintetik parça üstünlük təşkil edir və uşaq geyinəndə tez-tez tərləyir. Digər bir göstərici tikiş keyfiyyətidir. Keyfiyyətli geyimlərin tikişi səliqəli və möhkəm olur, halbuki saxta məhsullarda ipliklər sallanır, tikişlər isə əyri və natamam görünür. Etiket və istehsalçı haqqında məlumat da böyük rol oynayır. Orijinal formaların etiketində istehsalçı zavodun adı, ünvanı və istifadə qaydaları dəqiq göstərilir, saxta geyimlərdə isə bu məlumat ya natamam, ya da tamamilə saxta olur. Ən bariz fərqlərdən biri isə qiymətlə bağlıdır. Keyfiyyətli məktəb geyimləri müəyyən standartlara uyğun olaraq satılır, əgər hansısa məhsulun qiyməti həddən artıq ucuzdursa, deməli, onun saxta olma ehtimalı çox yüksəkdir.
Saxta məktəbli formalarının bazarda yayılması, sadəcə, ticarət məsələsi deyil, həm də sosial və sağlamlıqla bağlı ciddi problemdir. Burada ən çox zərər çəkənlər isə, şübhəsiz ki, məktəbli uşaqlardır. Çünki onların dərisi daha həssasdır və keyfiyyətsiz geyimlərdən ən tez onlar təsirlənirlər. Valideynlərin dəfələrlə təcrübə ilə öyrəndiyi bir həqiqət var ki, ucuzluğa aldanmaqla əldə edilən forma nə uşağın sağlamlığına, nə də ailə büdcəsinə fayda gətirir. Əksinə, saxta geyimlər çox tez sıradan çıxdığı üçün bir neçə dəfə yenisini almaq məcburiyyəti yaranır və nəticədə ailənin xərci daha da artır.
Saxta məhsullar, həmçinin ölkə iqtisadiyyatına da zərbə vurur. Çünki qeyri-leqal yollarla gətirilən və satılan bu məhsullar vergidən yayınır, dövlət büdcəsinə heç bir töhfə vermir. Halbuki keyfiyyətli, rəsmi istehsalçıdan alınan məhsullar həm sahibkarı, həm də ölkə iqtisadiyyatını dəstəkləyir. Bu baxımdan dövlət orqanlarının bazarda nəzarəti gücləndirməsi, valideynlərin isə maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər