NAXÇIVAN :

08 Oktyabr 2026, Cümə axşamı

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

...

Azərbaycan Mərkəzi Asiya ilə digər regionlar arasında daha möhkəm və konkret məzmunla zənginləşdirilmiş iqtisadi və nəqliyyat məkanının yaradılmasında mühüm rol oynayır.

"Şərq qapısı" xəbər verir ki, bu fikri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü zamanı ifadə edib.

Regional əməkdaşlıqda açılan yeni imkanlardan danışan Şavkat Mirziyoyev qeyd edib ki, bu gün onu daha da gücləndirmək və konkret məzmunla zənginləşdirmək üçün fürsət yaranır. O, bunu ölkələrin ticarət, nəqliyyat, enerji, sənaye və yeni texnologiyaları birgə inkişaf etdirə biləcəyi məkan kimi xarakterizə edib.

Özbəkistan Prezidenti iqtisadi-ticari əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və birgə sənaye texnologiyaları zəncirlərinin, ortaq rəqəmsal xidmətlərin və investisiya mexanizmlərinin əhəmiyyətini qeyd edib.

O bildirib: “İndi buna necə nail olacağımızı müəyyən etməliyik. İlk növbədə, bu, birgə sənaye texnologiyaları zəncirini, ortaq rəqəmsal xidmətləri və böyük layihələrin daha sürətli başlamasına imkan verəcək investisiya mexanizmini əhatə edir”.

Şavkat Mirziyoyev, həmçinin regionun ortaq coğrafi üstünlüyündən istifadə etməyin vacibliyini vurğulayıb və “altı ölkə - bir məhsul” prinsipi əsasında əməkdaşlığı inkişaf etdirməyi təklif edib.

“Artıq bir-birimizlə sadə ticarətin yetərli olmadığı nöqtəyə çatmışıq. Son məhsulu yaratmaq üçün birlikdə çalışmalıyıq. “Altı ölkə - bir məhsul” formulu nəyə can atmalı olduğumuzun mahiyyətini ifadə edir”, - deyə Özbəkistan Prezidenti qeyd edib.

Onun sözlərinə görə, bir neçə ölkənin müəssisələrinin vahid istehsal zəncirində iştirakı region ölkələrinin iqtisadiyyatları arasında daha sıx əlaqələrin qurulmasına kömək edəcək.

Şavkat Mirziyoyev, həmçinin məşvərət formatı üçün hüquqi bazanın daha da təkmilləşdirilməsinin vacibliyini qeyd edib və əsas məsələnin qəbul edilən sənədlərin sayında deyil, onların praktiki tətbiqində olduğunu vurğulayıb.

Özbəkistan Prezidenti gələn il Mərkəzi Asiya ölkələri və Azərbaycanın birgə biznes forumunun təşkilini də təklif edib.

Nəşr edilib : 08.10.2026 13:10