Ölkə başçısının Sərəncamını bütün şəhid ailələri v...
21:05 14.05.2025
0
0
0
NAXÇIVAN :
14 May 2025, Çərşənbə
Macarıstanın görkəmli ictimai xadimi, yazıçı, dramaturq Şandor Lejakın “Yaşam üçün nəfəs” əsəri əsasında Naxçıvan Dövlət Universitetində eyniadlı tamaşa nümayiş olunub. Tamaşa ölkəmizdə ilk dəfə NDU-nun İncəsənət fakültəsinin Teatr və mədəniyyətşünaslıq kafedrası tərəfindən hazırlanıb.
Tədbirdə əsərin müəllifi, görkəmli yazıçı Şandor Lejak, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma, Con fon Neyman Universitetinin rəhbərliyi və kollektivi, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyev, yazıçılar, NDU-nun rəhbər heyəti, müəllim və tələbələr iştirak ediblər.
Macarıstanın Kommunist dövründəki ağır ictimai mühiti əks etdirən tamaşanın təsirli məzmunu böyük maraqla qarşılanıb və izləyicilər ayaqda alqışlayıb. Müharibənin insanlar üzərində qoyduğu dərin izlər, yarım qalan arzular və çətin şəraitin əks olunduğu anlar maraqlı, zəngin səhnə dekorasiyası və ən əsası, aktyorların məharətli çıxışı ilə yaddaqalan və baxımlı olub.
Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev çıxış edib. Rektor dəvəti qəbul edib NDU-da iştirakı üçün dəyərli yazıçı Şandor Lejaka təşəkkürünü bildirib. Tamaşanı Macarıstan və Azərbaycan ədəbi-mədəni mühitinə inteqrasiya və töhfə olaraq dəyərləndirib. Məsuliyyətli və xüsusi təşəbbüsü dəstəklədiyinə görə müəllif Şandor Lejaka minnətdarlığını ifadə edib. Eyni zamanda əməkdaşlığın yaranması və inkişafında Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadəyə xüsusi salamlarını çatdırıb. Rektor əsərin macar dilindən Azərbaycan dilinə tərcüməsini, məharətli çıxışları alqışladığını ifadə edib. Yeni yaradıcılıq nailiyyəti kimi dəyərləndirib və teatrın yaradıcı kollektivini təbrik edib.
Görkəmli yazıçı Şandor Lejak tamaşanı dərin təəssüratla alqışlayıb, yaradıcı kollektivə səhnədə təşəkkür edərək hədiyyələr təqdim edib. Yazıçı çıxışında əsərin ilk dəfə 1987-ci ildə səhnələşdirildiyini vurğulayıb. Sonrakı illərdə başqa səhnələrdə nümayiş olunduğunu, ancaq Naxçıvan Dövlət Universitetindəki bu nümayişin özünəməxsus və peşəkar təqdimat olaraq yadda qalacağını bildirib. Dünyaşöhrətli yazıçı Con fon Neyman Universiteti ilə NDU arasındakı əməkdaşlığın daha da genişlənəcəyini qeyd edib.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla tamaşa haqqında fikirlərində yüksək səviyyədə hazırlıq və unudulmaz aktyor oyununu izlədiyini ifadə edib. Naxçıvandan başlanan belə uğurlu sənət nümunəsinin daha geniş auditoriyalarda nümayiş olunması gərəkdiyini bildirərək yaradıcı heyətə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirək ki, tamaşanın quruluşçu rejissoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova, məsləhətçi Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevdir. Əsəri redaktə edən Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərov və butaforçu, rəssam Arzu Novruzovdur. Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artisti Nurbəniz Niftəliyeva və Teatr və mədəniyyətşünaslıq
kafedrasının Aktyor sənəti ixtisası üzrə II kurs tələbəsi Yusif Rzayev ifa ediblər.
Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, Macarıstan Milli Assambleyasının sədr müavini, dünyaşöhrətli yazıçı Şandor Lejak və nümayəndə heyəti mayın 13-ü və 14-ü Naxçıvan Dövlət Universitetində qonaq olub.
Digər xəbərlər