NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Salam, kursant! Vətənin sabahını qoruyanlar

...

İlk dəfə 2005-ci ildə Heydər Əliyev adına Hərbi Liseydə “Şərq qapısı” qəzeti üçün reportaj hazırlamışdıq. O zaman bu divarlar arasında gələcəyin zabitlərinin formalaşdığını görürdük. Bu gün isə yenidən həmin məkandayam. Aradan keçən 21 il bir həqiqəti daha aydın göstərir: zaman dəyişsə də, bu liseyin ruhu dəyişməz qalıb.
Bu təhsil ocağı Azərbaycanın hərb tarixində xüsusi yerə malikdir. Buradan məzun olan yüzlərlə gənc sonradan ölkənin müdafiəsində mühüm rol oynayıb. Xüsusilə Qarabağın azadlığı uğrunda aparılan mübarizədə liseyin yetirmələri ön sıralarda yer aldı. Onların bir qismi canını Vətən uğrunda fəda edərək ən uca zirvəyə yüksəldi, bir qismi isə qazilik şərəfi ilə tarix yazdı. Bu gün azad torpaqlarda dalğalanan bayrağımızda onların izi, onların nəfəsi var.
Bu gün isə həmin qəhrəmanların yolunu davam etdirən yeni nəsil yetişir. Liseyin həyətinə daxil olan kimi insanı ilk qarşılayan nizam-intizam, səliqə və gənc simalarda əks olunan qürurdur. Bu divarlar arasında, sadəcə, şagirdlər yox, gələcəyin zabitləri formalaşır – Vətəni qorumağı həyatının mənasına çevirən gənclər.
Kursantlarla söhbət zamanı bir məqam xüsusilə diqqət çəkir: hər birinin baxışında eyni məqsəd, eyni əzm var. Onlar Azərbaycanı qorumağı özlərinə borc bilirlər. Yaşlarının gənc olmasına baxmayaraq, danışıq tərzlərindəki məsuliyyət hissi, Vətənə bağlılıq və intizam aydın sezilir.
Liseydə gündəlik həyat ciddi qaydalar üzərində qurulub. Səhər tezdən başlayan gün dərslər, fiziki hazırlıq və hərbi məşqlərlə davam edir. Bu rejim kursantları həm fiziki, həm də mənəvi baxımdan möhkəmləndirir. Burada dostluq, yoldaşlıq və qarşılıqlı hörmət yalnız söz deyil, həyat tərzidir.
Müəllimlərlə söhbətlər də göstərir ki, bu lisey, sadəcə, bilik verən müəssisə deyil. Burada xarakter formalaşır, məsuliyyət aşılanır, Vətənə bağlılıq tərbiyə olunur. Ad çəkməyə ehtiyac yoxdur, çünki burada həm müəllimlər, həm də kursantlar eyni amalın daşıyıcısıdır: Azərbaycanı qorumaq.
Liseyin fəaliyyəti ərzində minlərlə gənc bu məktəbdən məzun olub. Onların əhəmiyyətli bir hissəsi hərbi təhsilini xaricdə davam etdirərək peşəkar zabit kimi yetişib. Müxtəlif dövrlərdə baş verən döyüş əməliyyatlarında lisey məzunlarının göstərdiyi şücaət bu təhsil ocağının necə möhkəm təməl üzərində qurulduğunu sübut edir. Vətən uğrunda canından keçən məzunların sayı isə bu məktəbin tarixində şərəfli və eyni zamanda qürurverici bir səhifə kimi qalır.
Liseyin ilk buraxılışında 49 kursant məzun olub. Fəaliyyət genişləndikcə və liseyə maraq artdıqca məzun sayı da artıb. Nəticə etibarilə, Azərbaycanın bütün bölgələrində məktəbin məzunları təmsil olunub və xidməti fəaliyyətini layiqincə yerinə yetirib. Təhsil və xidmət illəri gəncləri peşəkar zabit kimi formalaşdırıb. Düşmənin cəbhəboyu törətdiyi təxribatların qarşısının alınmasında, eləcə də Aprel döyüşlərində cəsarət göstərən məzunlar sırasında şəhidlik məqamına yüksələnlər də var. Örnək göstərilən məzunlar yetişən kursantlar üçün vətənpərvərlik məktəbi olub. Bu məktəbi bitirənlər isə Qarabağı azad etdilər...
Hərbi liseyi seçən gənclər üçün ən ümdə amal Qarabağın düşmən tapdağından azad edilməsi idi. Bu məqsədlə ömürlərini hərb peşəsinə bağlayanlar üçün qarşıda bir hədəf olub: torpaqlarımızın geri qaytarılması, ölkəmizin suverenliyinin təmin edilməsi. Bu ali məqsəd uğrunda təhsil alan, düşmən qarşısında səngər kimi dayanan oğullar üçün çətinlik, yarılmayan səd anlayışı olmayıb. Xocalının qisasını almaq, yarımçıq qalan arzuları gerçəkləşdirmək, öz yurdundan-yuvasından didərgin düşən insanları torpaqla qovuşdurmaq üçün onlar güclərinə güc qatıblar. Və nəhayət, o gün yetişib. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində şücaət göstərən oğullar sırasında Naxçıvan Hərbi Liseyinin məzunları – qəhrəmanları da olub. Vüsal Vəliyev, Zülfü Rzayev, Allahyar Telmanlı, Məmməd Zamanlı, Yaqub Nəcəfov, Raqib Hüseynov, Amin Gülməmmədov və onlarla zabit şəhidlik məqamına yüksəldi. Sağlamlığını itirənlər də oldu. 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə bütöv Vətənimizə qovuşduq, suverenliyimiz bərpa edildi. 30 illik torpaq, yurd həsrətimizə son qoyuldu. Bu zəfərin qazanılmasında Hərbi liseyin məzunlarının xidməti danılmazdır və onların adları tarixə qızıl hərflərlə yazıldı. Ulu Öndərin etimad göstərdiyi, yüksək qiymətləndirdiyi gənclər ən ali mərtəbəyə – şəhidlik zirvəsinə ucaldılar, qəhrəman oldular, gələcək nəsillərə örnək oldular. Liseyin məzunlarından 4 nəfər Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb, 1 nəfər “Zəfər” ordeni, 11 nəfər məzun isə “Qarabağ” ordeni ilə təltif olunub. Bu liseyin ən ali uğur göstəriciləridir.    
Bu liseyin əsasında dayanan ideya dövlətçilik və ordu quruculuğunun mühüm sütunlarından biri kimi formalaşdırılıb. Bu təhsil ocağının yaradılmasında məqsəd gəncləri erkən yaşlardan hərbi ruhda tərbiyə etmək, onları peşəkar zabit kimi yetişdirmək idi. İllər keçdikcə bu yanaşma özünü tam doğruldub. Bu gün Azərbaycan Ordusunun gücü, peşəkarlığı və döyüş qabiliyyəti həmin strateji baxışın nəticəsi kimi özünü göstərir.
Hazırda İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu daha da güclənir və müasir standartlara uyğun inkişaf edir. Bu isə gənclər arasında hərbçi peşəsinə marağı daha da artırır. Hərbi liseylər isə bu marağın düzgün istiqamətə yönəlməsində mühüm rol oynayır.
Liseyin həyətində addımlayarkən bir daha anlayırsan: burada, sadəcə, kursantlar deyil, Azərbaycanın sabahını qoruyacaq zabitlər yetişir. Bu gənclər vaxtilə qəhrəman məzunların oturduğu partalarda oturur, eyni yataqxanalarda yaşayır, eyni ruhu yaşadırlar.
Salam, kursant!
Sənin addımların Vətənin sabahına aparan yoldur.
Həftənin altıncı günü evlərinə tələsən, bəzən yolda rast gəldiyimiz həmin kursantlara biganə yanaşmayaq. Onlar xüsusi diqqətə və hörmətə layiqdirlər. Çünki bugünkü rahatlığımızın, sabahkı əmin-amanlığımızın təminatçıları məhz onlardır.
Yaşasın Azərbaycan!

“Şərq qapısı”
 

Nəşr edilib : 13.04.2026 10:36