NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Şair Baba Vəziroğlu: Naxçıvan mənim üçün doğma məkandır, hər dəfə bura böyük məmnuniyyətlə gəlirəm

...

Bu gün Naxçıvan Dövlət Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında artıq ənənəvi  hala çevrilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan "Bədii-yaradıcılıq müsabiqə festivalı" keçirilib. Yaradıcılıq müsabiqəsi çərçivəsində Naxçıvana səfər edən  münsiflər heyətinin tərkibində  dəyərli incəsənət xadimlərimiz də yer alıb. Şair Baba Vəziroğlu keçirilən müsabiqə-festivaldan sonra öz fikirlərini "Şərq qapısı" ilə bölüşüb.
"Bu gün Naxçıvan Dövlət Universitetində keçirilən ənənəvi tədbirdə iştirak edirik, burada istedadlı tələbələrin yaradıcılığına qiymət verilir və Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilir.
Bu tədbir artıq ənənəvi hal alıb.  Təbii ki, hər bir müsabiqə-festivalda olduğu kimi mötəbər bir münsiflər heyəti tələbələrimizin yaradıcılığına, istedadına qiymət verir. Artıq neçə illərdir ki, biz Naxçıvana qonaq gəlirik. Necə deyərlər, həm ziyarət, həm ticarət. Çünki Naxçıvanın o gözəl yerlərini, görməli yerlərini, müqəddəs yerlərini bir daha ziyarət edirik. Həm də Naxçıvan Dövlət Universitetinin ən istedadlı tələbələrini seçirik və Heydər Əliyevin doğum günü ərəfəsində onları qaliblər sırasında Heydər Əliyev adına Sarayda qaliblərin konsertinə dəvət edirik.
Təbii ki, uşaqlarımız hamısı istedadlıdır. Lakin müsabiqənin öz qayda-qanunları var. Ən yaxşılarını seçirik. Rəqs, mahnı, folklor, bədii qiraət, xor kollektivləri, rəqs kollektivləri, yəni diapazon genişdir. Şəxsən özüm öz təəssüratımı danışım ki, mən hər dəfə Naxçıvana gələndə böyük məmnuniyyətlə gəlirəm. Həmin gün bütün işlərimi kənara qoyuram. Olur ki, başqa bölgələrə səfər olanda mənim başqa işlərim daha ön plana çıxır, müəyyən yerlərə gedə bilmirəm. Amma hər dəfə Naxçıvanın adını eşidəndə deyirəm ki, mən mütləq bura getməliyəm.
Çünki mənim üçün çox doğma bir məkandır. Doğma bir yerdir, hər guşəsi gəncliyimi xatırladır mənə. Mən sovet dönəmində iki il burada hərbi xidmətdə olmuşam. Elə bu universitetin hasarının o yanında, Naxçıvan şəhərinin özündə və Qıvraq kəndində qulluq eləmişəm. Yəni hər guşəsi, hər qarışı mənə doğmadır bu yerlərin. İnsana bu torpağı doğmalaşdıran, müqəddəsləşdirən bu hava, su, nə bilim, təbiət deyil, insanların özüdür. Mən o gözəl insanları yaxından tanımışam, evlərində qonaq olmuşam. Görmüşəm ki, onlar əsgərlərə necə ehtiramla, sevgi ilə, qayğı ilə yanaşırlar. Mən bunun şahid olmuşam. Bunu kitablarda oxumamışam, televiziyada eşitməmişəm. Mən özüm şəxsən buna şahid olmuşam.
Biz hər dəfə bu yaradıcı kollektivlərdə, xüsusən Naxçıvan Dövlət Universitetinin yaradıcılıq kollektivində xüsusi irəliləyiş görürük, tərəqqi görürük. Bizə elə gəlir ki, elə keçən il gördüyümüz uşaqlar bu dəfə yenidən gəliblər. Amma xeyr, təzə-təzə istedadlar hər il meydana çıxır. Və doğrudan da, Naxçıvan Dövlət Universiteti respublikada analoqu olmayan universitetdir. Bura əsl universitet adını doğruldan bir təhsil ocağıdır. Çünki bilirsiniz ki, Azərbaycanda bir çox universitetlər ancaq bir istiqamətdədir. Yəni universitet adlansa belə, bir profil üzrə fəaliyyət göstərirlər.
Bura elə bir universitetdir ki, incəsənətinə, tibb fakültəsinə və təbii ki, iqtisadi ixtisaslarına, fakültələrinə, çoxlu xaricdən gələn tələbələri ilə birlikdə burada bir növ beynəlmiləl universitet yaradıb. Hər il nəinki yaradıcılıq fakültələrinin fəaliyyətində, ümumiyyətlə, universitetin fəaliyyətində biz irəliləyiş görürük. Görürük ki, universitetin taleyi əmin əllərdədir. Xüsusilə mənim əziz dostum, bizim dəyərli ziyalımız, sizin rektorunuz Elbrus müəllimin xüsusi xidmətlərini qeyd etmək istəyirəm.  Mən deyərdim ki, Elbrus müəllim əsl ailə başçısıdır. Doğrudan da, 15 minlik böyük kollektivə necə bacarıqla, necə müdrikliklə cavan yaşına baxmayaraq, bir ağsaqqal sifətində rəhbərlik edir və bu da, təbii ki, bizim təhsilimizin, eyni zamanda bu gün biz iştirak etdiyimiz yeni missiyalarla  incəsənətimizin xeyrinə işləyir.
Mən bir daha Naxçıvan Dövlət Universitetinin bütün tələbələrinə, başda Elbrus müəllim olmaqla uğurlar diləyirəm. Necə deyərlər, məşhur bir söz var "Sükanı belə saxlamaq lazımdır". Çünki Ulu Öndər demişkən: "Təhsil millətin gələcəyidir". Ulu Öndər çox şey deyə bilərdi, məsələn, mədəniyyət ölkənin gələcəyidir. Amma "Təhsil millətin gələcəyidir", – deyib. Çünki təhsil olmasa, heç bir şey yoxdur. Nə iqtisadiyyat, nə siyasət, nə də mədəniyyət, heç bir şey ola bilməz. Ona görə təhsildən möhkəm yapışmalıyıq. Təhsil bizim həyatımızın, cəmiyyətimizin, siyasətimizin prioritetidir və nə yaxşı ki, Naxçıvan Dövlət Universiteti məhz bu yolu seçib...
Mən həmişə əlvida demirəm. Bir yerdən bir yerə gedəndə  hələlik deyirəm, yeni görüşlərədək deyirəm. Sağ olun". 

Rafiq TƏHMƏZ

Nəşr edilib : 11.04.2026 16:49