NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Şahbuzda “COP-29”la bağlı tədbir keçirilib

...

Bu gün  Şahbuz şəhərindəki “Araz” kinoteatrında COP29la bağlı tədbir keçirilib. Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə  baş tutan tədbirdə  ilk olaraq Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunmasında canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə giriş sözü ilə çıxış  edən  Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi  müdirinin müavini   vəzifəsini müvəqqəti icra edən Nubar Səfərova tədbirin əhəmiyyətindən bəhs  edərək Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan  olunduğunu  bildirib, Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini  diqqətə  çatdırıb. 
Sonra çıxış  edən Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Orxan Əlizadə  Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini,  buna uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparıldığını  vurğulayıb. O bildirib ki,  Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüş, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur.  Qeyd  olnunb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Sonra mövzu üzrə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Natiq Mehdizadənin və Naxçıvan Muxtar Respublikası Dövlət Regional Aqrar Xidmətlər Mərkəzinin əməkdaşı Məmmədqulu Səfərovun çıxışları  dinlənilib. Sonda    videoçarx nümayiş etdirilib,  iştirakçılara broşürlər və tədbirlə bağlı sorğu anketləri paylanılıb.

Nəşr edilib : 04.10.2024 19:03