Участники проекта «Молодые послы ради зелёного Азе...
22:46 28.11.2024
0
0
0
NAXÇIVAN :
28 Noyabr 2024, Cümə axşamı
Dinin əsas prinsiplərinin cəmiyyətə doğru şəkildə çatdırılması üçün din təhsili olduqca vacib məqamdır. Bu, həm də cəmiyyətin təhlükəsizliyi baxımından da böyük əhəmiyyət kəsb edir. Belə ki, din dəyərlər sistemi olaraq, cəmiyyətin mənəvi inkişafında və ictimai vəhdətin təminində mühüm rol oynayır. Bununla yanaşı, dinin səhv interpretasiyası milli-mənəvi birliyə aparmır, əksinə, ictimai bölünməyə gətirib çıxarır. Azərbaycan İlahiyyat İnstitutunda və onun yanında fəaliyyət göstərən Bakı İlahiyyat Kollecində din tədrisi din haqqında və dindən öyrənmə modellərinə uyğun şəkildə aparılır.
Bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov oktyabrın 16-da “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransda çıxışı zamanı söyləyib.
Rektorun sözlərinə görə, dini biliklər doğru mənbələrə əsaslanaraq şərh olunmalı, həmçinin müasir dövrün reallıqları da nəzərə alınıb cəmiyyətə çatdırılmalıdır. Dini təhsilin düzgün aşılanması dinin özünü təhriflərdən qoruyur, milli-mənəvi vəhdətin təmin edilməsinə töhfə verib, cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır.
Dünyada dini təhsilin müxtəlif modellərinin mövcud olduğunu diqqətə çatdıran A.Şirinov əlavə edib: “Bunlardan biri də tədrisdə bir dini və ya məzhəbi əsas götürən konfessional tədrisdir. Bu tədris üsulu müəyyən bir dini və ya məzhəbi öz rəsmi ideologiyasında daha çox mənimsəyən dövlətlərdə tətbiq olunur. Digər modellər - din haqqında və dindən öyrənmədir ki, bu da dünyəvi dövlətlərin din tədrisində özünü daha çox büruzə verir. Yəni, dünyəvi dövlətlər daha çox bu son iki metoda əsaslanır. Din haqqında öyrənmə modeli nədir? Bu, müəyyən bir dini dünyagörüşün digərlərindən üstünlüyünü ehtiva etmir, cəmiyyətdə mövcud olan bütün dinlərin əsas mahiyyəti və tarixi haqqında deskriptiv bilikləri aşılayır. Dindən öyrənmə modeli isə tədris prosesində dinlərin bəşəriyyətə təlqin etdiyi universal mənəvi dəyərlərin mənimsənilməsinə xidmət edir. Bu iki model dünyəvilik prinsipinə xələl gətirmir, cəmiyyətin köklü institutlarından biri olan din haqqında biliyin çatdırılmasına kömək göstərir”.
Digər xəbərlər