NAXÇIVAN :

03 May 2026, Bazar

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü qeyd olunub

...

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib. "Şərq qapısı" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül dəstələri düzmüş və xatirə şəkli çəkdirmişlər. Nazirlikdə davam edən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün tarixi və 6 dekabrın seçilməsinin səbəbləri barədə məlumat verilib. Bildirilib ki, bu tarix Azərbaycan rabitəsinin inkişafında mühüm mərhələ olan ilk telefon xəttinin istifadəyə verildiyi günlə bağlıdır və ölkəmizdə rabitə sahəsinə verilən yüksək dəyəri əks etdirir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov rabitə və informasiya texnologiyaları sahəsində aparılan islahatlar, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi, müasir telekommunikasiya infrastrukturunun qurulması və sektorda xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər haqqında geniş məlumat verib.
Çıxışda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında rəqəmsal sahəyə verdiyi prioritet, həmçinin muxtar respublikanın rəqəmsal transformasiya proseslərinə göstərdiyi sistemli dəstək Naxçıvanda bu sahənin yeni mərhələyə keçidini təmin edir. Son illər qəbul olunan qərarlar, Dövlət proqramları, regional layihələr və müasir infrastrukturun qurulmasına yönəlmiş investisiyalar rabitə və informasiya texnologiyalarının strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən sahəyə göstərilən diqqət və qayğı, xüsusilə infrastruktur layihələrinin dəstəklənməsi, texnoloji yeniliklərin tətbiqi, telekommunikasiya şəbəkələrinin müasirləşdirilməsi və poçt xidmətlərinin yenidən qurulması istiqamətində verilən tapşırıqlar rabitə sisteminin dayanıqlılığının və xidmət keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
Azər Məmmədrəhimov çıxışında rabitənin Naxçıvandakı tarixi inkişafından da bəhs edib. O, poçt rabitəsi ilə başlanan bu yolun bu gün artıq fiber-optik backbone, rəqəmsal xidmətlər, genişzolaqlı internet, bulud infrastrukturu və informasiya təhlükəsizliyi sistemləri ilə davam etdirildiyini, qarşıdakı dövrdə isə daha böyük layihələrin həyata keçiriləcəyini qeyd edib. 
O, kollektivin fəaliyyətini yüksək qiymətləndirərək rabitə işçilərinin muxtar respublikanın sosial-iqtisadi inkişafında mühüm rol oynadığını, göstərilən səylərin Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə daha böyük nailiyyətlərə yol açdığını vurğulayıb, əməkdaşları peşə bayramı münasibətilə təbrik edərək uğurlar arzulayıb. 
Tədbir çərçivəsində “Naxçıvan Telekom” MMC-nin qocaman rabitəçisi Elxan Qəhrəmanov sahənin keçdiyi inkişaf yolundan və gənclərin bu ənənəni davam etdirməsinin vacibliyindən danışıb. Daha sonra “Naxçıvan Telekom” MMC-nin gənc mütəxəssisi Emin Rüstəmov müasir texnologiyalara adaptasiya və xidmət keyfiyyətinin yüksəldilməsi üzrə görülən işlər barədə fikirlərini bölüşüb.
Ardınca “Naxçıvanpoçt” MMC-nin əməkdaşı Məltəm Sadiqova poçt xidmətlərinin genişləndirilməsi və innovativ həllərin tətbiqi barədə məlumat verib. Peşə bayramı münasibətilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyev tərəfindən imzalanmış müvafiq əmrlə rabitə sahəsində səmərəli fəaliyyətə görə təltif edilmiş əməkdaşlara “Rabitə ustası” fəxri adı və Fəxri fərmanlar təqdim edilmişdir.
Tədbirin sonunda rabitə və informasiya texnologiyaları sahəsinin inkişaf tarixini, mühüm mərhələlərini və əldə olunan nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.

Nəşr edilib : 06.12.2025 15:54