NAXÇIVAN :

14 Mart 2026, Şənbə

Qüdrətli Azərbaycan naminə Vətənə sədaqətli xidmət nümunəsi

...

    Tarixə ehtiramla

Xalqların böyüklüyü onların ərazilərinin böyüklüyü-kiçikliyi, yaxud əhali sayı ilə deyil, əsrlərboyu bəşər tarixinə verdikləri böyük şəxsiyyətləri ilə ölçülür. Bu mənada, XX əsr Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, dahi şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsi bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla anılır. Müasir dövrdə müdrik dövlət xadimi Heydər Əliyevin adı müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Müstəqil Azərbaycanın simasını müəyyənləşdirmiş bu qüdrətli şəxsiyyət xalqımızın tarixində və taleyində silinməz izlər qoymuşdur. Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən Ulu Öndər “Dünyanın ən böyük azərbaycanlısı” olaraq həmişə qədirbilən xalqımızın güvənc yeri olacaqdır.
Xalqlarının taleyində mühüm rol oynamış şəxsiyyətlər bir qayda olaraq tarixin gedişinə təsir göstərir və xilaskar missiyaları ilə yeni bir salnamə yaradırlar. Ulu Öndər Heydər Əliyev də məhz belə liderlərdən biri olaraq müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş strateqdir. 

    Xalqın çağırışı: xilaskarlıq missiyası

Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Azərbaycanın müasir tarixi dəfələrlə sübut etmişdir ki, xalqın gücü Ümummilli Lider Heydər Əliyevdə olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin də gücü Azərbaycan xalqında idi. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. 
Dahi şəxsiyyətin siyasi fəaliyyətində ağır anlar, gərgin məqamlar çox olsa da, 1993-cü ilin iyununda Azərbaycanın düçar olduğu təhlükəli və gərgin vəziyyət onu həyatının, bəlkə də, ən çətin sınağı ilə üzləşdirmişdi. Ölkədə hakimiyyət böhranı yaranmışdı. Bu sarsıntı və təlatümlər təsdiqlədi ki, yalnız polad iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq və yaşatmaq kimi ağır tarixi missiyanın öhdəsindən gələ bilər. 
Böyük öndərimiz Azərbaycan naminə yaşadığı həyatın, mənalı ömür yolunun siyasi mübarizələrlə dolu olan anlarını göz önünə gətirərək deyirdi: “İndi... bütün həyatımı təhlil edərək görürəm ki, hər halda bir başlıca hadisə də var. O da bundan ibarətdir ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”.
Ulu Öndər 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının prezidenti seçildi. Oktyabrın 10-da andiçmə mərasimində xalqa müraciət etdi: “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram.  Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

    Ömrünü Azərbaycanın gələcək inkişafına 
    həsr edən dövlət adamı

Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bir dövlət kimi zamanın sərt sınaqlarından uğurla çıxa bildi, onun müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən müdrik siyasi tədbirlər sayəsində bu gün Azərbaycan Respublikası dünya dövlətləri birliyində öz layiqli yerini tutub, mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində demokratik, hüquqi və sivil bir dövlət qurulub, ölkəmizin iqtisadi müstəqilliyinə nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşdırılıb.
Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış ölkəmizin iqtisadi inkişaf konsepsiyasının, neft strategiyasının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın regionda nüfuzlu geostrateji mövqeyi və beynəlxalq siyasət aləmində rolu əhəmiyyətli dərəcədə yüksəlib, ölkəmizin hərtərəfli inkişafı üçün stimul yaradan, xalqımızın maddi rifah halı və həyat səviyyəsini yüksəltməyə imkan verən, daim inkişaf edən və möhkəmlənən çox güclü iqtisadi potensiala malik bir dövlətə çevrilib.
Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi də çağdaş tariximizin unudulmaz dühası Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən rişələnmişdir. 

Ulu Öndər Heydər Əliyevin siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkə iqtisadiyyatının bütün strateji əhəmiyyətli sahələrinin inkişafına güclü təkan verməklə yanaşı, Azərbaycanda hüquqi islahatların daha sürətlə aparılmasına geniş imkanlar açmışdır. Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkmişdir. 
Heydər Əliyev fenomeni təkcə dünənin fakt və hadisələrini özündə ehtiva etməklə məhdudlaşmır, həm də Azərbaycandakı bu günün inkişaf proseslərini istiqamətləndirən, bu proseslərə təkan verən mühüm siyasi-ideoloji amil kimi çıxış edir. 

    “Azərbaycan mənim qibləgahımdır”

Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolunu göz önünə gətirsək, bu ömrün yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq: bu, Azərbaycandır! Ulu Öndərimiz Azərbaycanı həyatının mənası hesab edirdi. Bu səbəbdən o, Azərbaycanı müqəddəs yer kimi uca tutur, azərbaycanlı olmağı ilə fəxr edir və deyirdi ki: “Azərbaycan mənim qibləgahımdır”. Sonsuz iftixar və qürur hissi ilə səslənən bu fikir bir dahi ömrünün manifestidir. 
Dahi şəxsiyyət dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmaq kimi mühüm bir missiyanı öz üzərinə götürmüşdür. Onun müdrik siyasəti nəticəsində dünya azərbaycanlıları ilə iş dövlət əhəmiyyətli strateji məsələyə çevrilmişdir. Bu mühüm işin konsepsiyası – dünya azərbaycanlılarının xalqımızın ayrılmaz hissəsi kimi qəbul edilməsi, Azərbaycan Respublikasının bütün azərbaycanlıların Vətəni sayılması kimi mühüm məsələlər məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. 
Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq məhz Heydər Əliyev simasında siyasi prinsiplərlə milli-mənəvi meyarlar vəhdət şəklində təzahür etmişdir. Onun dünya azərbaycanlılarına müraciətlə dediyi sözlər təkcə ümummilli siyasət kursunun kredosu deyil, eyni zamanda Azərbaycançılıq məramının manifesitidir: “Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən”. 

    Siyasətdə Heydər Əliyev üslubu

Rifahı üçün bütün həyatını sərf etdiyi doğma Azərbaycan xalqı ilə vida ərəfəsində insanlar ölkənin gələcək taleyi ilə bağlı həmişə olduğu kimi yenə də məhz Heydər Əliyev sözünün intizarında idilər. Belə bir məqamda dahi dövlət xadiminin ideyalarını onun cismani yoxluğundan sonra da davam etdirməyə qadir siyasi lideri – cənab İlham Əliyevi böyük əminliklə xalqa təqdim etməsi insanların Azərbaycanın gələcək taleyi ilə bağlı tərəddüdlərini aradan qaldırdı. Ulu Öndər güclü, müstəqil Azərbaycan dövləti yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edə biləcək lideri, rəhbəri də yetişdirmişdir. 2003-cü ilin oktyabrında Ümummilli Liderimizin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyə özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyev ötən 22 ilə yaxın müddətdə Heydər Əliyev strategiyasını uğurla davam etdirmiş, bu strategiyanı yeni dövrün ruhuna uyğun olaraq zənginləşdirmişdir.
Bu gün Azərbaycanın dinamik və dayanıqlı inkişafı, müstəqilliyini möhkəmləndirərək yeni strateji zirvələr fəth etməsi Ulu Öndər Heydər Əliyev siyasətini yeni müstəvidə davam etdirən dünyaşöhrətli siyasətçi cənab İlham Əliyevin adı ilə bağlıdır. Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan inkişafın zirvəsinə çataraq nümunəvi iqtisadi inkişaf modeli ilə dünyanın diqqətini özünə cəlb edib. Bu isə artıq dünya liderliyini çoxdan təsdiqləyən dövlət başçısının ölkəmizin gələcəyinə obyektiv baxışının, yaxud Azərbaycan reallığının ifadəsidir.
Öz qərarlarını verə bilən, milli və dövlət maraqlarını qoruyan, xarici siyasətini milli maraqlarının əsasında formalaşdıran dövlət qurmaq mövcud olduğumuz regionda asan məsələ deyil. Çox qısa zamanda həm dövləti, həm ordunu, həm də cəmiyyəti formalaşdırmaq və Qarabağ kimi çətin və taleyüklü məsələni birdəfəlik həll etmək tarixi missiyadır. Bu missiyanın əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdursa, onu ləyaqətlə məhz Prezident cənab İlham Əliyev tamamlaya bilmişdir.  
Ölkə rəhbəri Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini, sadəcə, deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də inamlı addımlar atır. “Əsl siyasət real, konkret iş görməkdən ibarətdir”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük infrastruktur layihələri gerçəkləşdirilir. 

    Ata vəsiyyətini yerinə yetirmək xoşbəxtliyi

Həm müstəqillik dövrünün, həm də xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifələrindən biri də Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olunmasıdır. Bu, müstəsna siyasi hadisə və dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi Ümummilli Lider Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir. 
44 günlük şanlı zəfər tariximiz haqqında çox danışılacaq, çox kitablar yazılacaq: Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təkbaşına təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz mötəbər qələbədən sonra biz bütün xüsusi günləri ləyaqətlə və qalib xalq kimi qeyd edirik və edəcəyik. Dünyaya meydan oxuyan 10 dekabr Zəfər paradı, işğaldan azad olunmuş torpaqlarımıza tarixi səfərlər, Qarabağın yenidən dirçəldilməsinə başlanılması, “Şuşa – Müttəfiqlik Bəyannaməsi”, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, 24 saatdan belə az davam edən lokal xarakterli antiterror əməliyyatı, düşmənin diz çökməsi və Azərbaycanın öz suverenliyini tam təmin etməsi, 8 avqust Vaşinqton görüşü, sülh müqaviləsinin paraflanması... Bütün bunlar Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurla davam və inkişaf etdirilməsinin məntiqi nəticələridir.
Mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqların fonunda Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə müvəffəq olmaq sadə məsələ deyil. Məsələnin mahiyyəti, məzmunu daha dərin və genişdir. Bütün cəbhələrdə – istər hərb meydanında, istər diplomatiya müstəvisində, istərsə də informasiya platformasında tarixi qələbənin memarı Prezident cənab İlham Əliyev Azərbaycanın möhtəşəm Zəfərini dəyərləndirərkən “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, – deyə vurğulayıb.

    Beynəlxalq aləmdə “Sözümüz imzamız qədər keçərlidir”

Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda istər Cənubi Qafqaz regionunda, istərsə də Avrasiyada yeni geostrateji reallıqların təşəkkülünə səbəb olub. Cənubi Qafqaz bölgəsində yeni reallıqlar fonunda saatlar Bakı vaxtı ilə qurulur. Yəni şərtləri qalib və üstün tərəf olan Azərbaycan diktə edir. 
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətində qazanılan uğurların sırası cənab İlham Əliyev tərəfindən daha da genişləndirilmiş, cənab Prezidentin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional liderə – bölgədə güc mərkəzinə, dünya siyasətində qüdrətli və nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub. İndi Azərbaycan beynəlxalq aləmdə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv olan və ona rəhbərlik edən, BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında 120 dövlətin dəstəyini alan, bu hərəkata sədrlik edən dövlətdir. 

    Keçmişə hörmət, gələcəyə inamla

Ulu Öndər Heydər Əliyev xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlülüyünü təmin edən mükəmməl irs, siyasi məktəb miras qoyub. Ümummilli Liderin rəhbərliyi ilə Naxçıvandan başlayan müstəqillik ideyalarının yeni məcrada inkişaf etdirilməsi, tarixi sənədlərin imzalanması, gələcək perspektiv hədəflərin müəyyənləşdirilməsi regiondakı Azərbaycan faktorunun və yaranmış yeni reallığın qəbul edilməsi fonunda olduqca əhəmiyyətlidir. Bu gün ölkəmizdə ən müxtəlif sahələr üzrə davam edən inkişaf prosesləri məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Bütün bunlar görkəmli dövlət xadimi Heydər Əliyevin daim arzusunda olduğu və bu gün gerçəkləşən amallarıdır. 
Cənab Prezidentin “Biz hər zaman sözümüzə, vədimizə, imzamıza sadiq qalmışıq, dəyişməmişik və dəyişməyəcəyik. Yolumuz da, hədəfimiz də bəllidir və bu yola, bu hədəfə doğru daim inamla, qətiyyətlə irəliləyəcəyik!”, bəyanından da göründüyü kimi, müstəqil Azərbaycan Böyük Yolun – Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru addım-addım irəliləyir. 
Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə XX əsr Azərbaycanının deyil, XXI əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. 
Azərbaycanda Heydər Əliyev siyasəti daim yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bu gün inkişaf edən, güclənən Azərbaycan, Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcək, Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq”.

 Məmməd BABAYEV
“Şərq qapısı” qəzetinin baş redaktorunun müavini 

Nəşr edilib : 03.10.2025 00:08