NAXÇIVAN :

25 Avqust 2026, Çərşənbə axşamı

Qazaxıstanda Xəzər dənizinin mühafizəsi ilə bağlı yeni layihələr təqdim olunub

...

Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunda BMT-nin İnkişaf Proqramının (BMTİP) Xəzər regionundakı təşəbbüsləri ilə bağlı məşvərət görüşü keçirilib.

"Şərq qapısı" Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, Xəzər regionunun əsas ekoloji problemlərinin həllinə yönəlmiş BMTİP-nin üç layihəsinə xüsusi diqqət yetirilib.

Qlobal Ekoloji Fond tərəfindən maliyyələşdirilən layihələrdən biri biomüxtəlifliyin və ekosistemlərin qorunmasını, torpaq və su ehtiyatlarının dayanıqlı idarə edilməsini, həmçinin Atırau və Mangistau vilayətlərində təbiətyönümlü həllərin inkişaf etdirilməsini nəzərdə tutur.

Digər iki layihə dövri iqtisadiyyatın inkişafına, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsinə və Xəzər dənizinin plastik tullantılarla çirklənməsinin qarşısının alınmasına yönəlib.

Yaponiya hökumətinin dəstəyi ayrıca qeyd olunub. Belə ki, Tokio BMTİP ilə birgə Xəzər dənizinin Qazaxıstan sektorunda monitorinqin gücləndirilməsi, regional əməkdaşlığın möhkəmləndirilməsi və məlumat mübadiləsinin həyata keçirilməsi layihəsinin reallaşdırılması üçün maliyyə vəsaiti ayırıb.

Nəşr edilib : 25.08.2026 11:47