Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərb...
17:53 25.08.2026
0
0
0
NAXÇIVAN :
25 Avqust 2026, Çərşənbə axşamı
Qədim Naxçıvan diyarı. Tarixin o üzündən bəri boylanan, inkişaf edib müasirləşdikcə qədimliyini, ululuğunu qoruyub saxlayan ulu yurd. Tarixi mədəniyyətinə, mədəniyyəti ədəbiyyatına arxa olub milli dəyərlərimizi, adət-ənənələrimizi qərinələrin saxlancına ərməğan edən doğma diyarımın tarixindən əzəmət, mərdlik, mədəniyyətindən zəhmətkeşlik, ədəbiyyatından cəfakeşlik alan insanları, hər daşında ox nişanı var. Özü qədər ulu və qədim olan, doğma və əzəmətli səslənən “Naxçıvan” sözü hər bir azərbaycanlı üçün çox əzizdir. Çünki bu qədim diyar tarixboyu türk-İslam aləminin alınmaz qalası, Azərbaycan dövlətçilik tarixində mühüm rol oynayan əməl və yaddaş mərkəzlərdən biri olub. Qədim diyarın dəyəri düşmənlərimizə də əyan olub. Naxçıvan, sadəcə, yaşayış yeri deyil, həm də ticarət yollarının keçid nöqtəsidir. Bu səbəbdəndir ki, yüz illər boyu bu torpaqlarda müharibələr gedib, ona sahib olmağa çalışıblar. Ancaq acı məğlubiyyətdən başqa heç nə əldə edə bilməyiblər. Tarixboyu torpağımıza göz dikənlərə qeyrətdən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən ucaldılmış bir sədd olub naxçıvanlılar. Hər daşı sevgidən, Vətən məhəbbətindən, palçığı şəhid qanından yoğrulan bir sədd. Gün olub köksündə bitən bahar çiçəkləri şəhid qanına bələnib. Bağrını dələn alazanlar körpə fidanlarını bu dünyadan qoparıb. Gün olub təbiətin şıltaqlığı ilə üzləşib, amma o heç vaxt sınmayıb, çünki onun mərd oğul-qızları bir ovuc torpağı qızıldan qiymətli bilib ona can qurban ediblər. Odur ki, tarixinin hər səhifəsində min-min salnamə var. Bu salnamələr bir yerə toplananda isə qədim diyar haqqında ümumi bir fikir formalaşır: bura VƏTƏNDİR! Bura Nəqşicahandır! O Nəqşicahan ki uzun illər boyu buradan yolu düşən dosta qürur, düşmənə gözdağı, tarixboyu Azərbaycanın yenilməz qalası, vətənsevərliyi və dönməzliyi ilə nümunə olub.
Bəli, sərtdir bu yurdun iqlimi. Qışda kəskin soyuq, yayda çox isti olur. Bir vaxtlar, təxminən, bir 30 il əvvəl, bu yurda gələnlər burada yollar boyu cərgələnən ağac kötükləri, evlərin damından çıxan tüstülər arasında çəkən haray olan yaş gənc ağacların harayını görürdülər. Həmin vaxtlar odla su arasında qalmışdı Naxçıvan. Qarşımızda başımıza od yağdıran düşmən, arxamızda bizi öz qardaşımızdan ayıran Araz var idi. Seçimimiz isə tək idi: ya döyüşüb mübarizə apararaq düşməni torpaqlarımızdan uzaq tutmalı idik, ya da Arazın lal sularına ömürlük qərq olmalı. Biz mübarizəni seçdik. Qəlbimiz qan ağlasa da, qışın şaxtasından sağ çıxmaq, səngərdəki əsgərə yemək bişirmək, körpələri xilas etmək üçün yamyaşıl ağaclara balta vurduq. Ana-ata yadigarı zinət əşyalarımızı çörəklə yox, silahla dəyişdik. Tapdığımız bir tikə çörəyi düşmənlə döyüşən oğullara pay tutub özümüz ac yatdıq. Naxçıvanlılar qəlbi Vətən sevdalı Heydər oğlunu bağrına basdı, onun keçdiyi yollarda qurban kəsdilər. Sədərəkdə evi düşmən mərmisinə tuş gəlib körpələrini itirən analar Heydər atasını görüb təsəlli tapdılar. Səngərdə ov gülləsi ilə müasir silahların qarşısında dayanan oğulların qollarına qüvvət gəldi. Biz dahi rəhbərin ətrafında yumruq olduq və düşmənə “Bir ovuc torpağımız tonlarla qızıldan qiymətlidir”, – dedik. Biz evlərimizdə çıraq işığında, odun peçinin hənirtisində soyuğa, şaxtaya güc gəldik igid oğullarımız isə şaxtanın iliyə işlədiyi qış gecələrində səngərlərdə düşmənə qalib gəldi. Onun gəlişi ilə təkcə düşməndən xilas olmamışdı Naxçıvan. Həm də aclıqdan, səfalətdən, korbağırsaq adından xilas olub əvvəlki şöhrətinə qovuşmuş, müasir Azərbaycanın təməlinin atıldığı yurda çevrilmişdi. Günəşin doğulduğu məkan, türklər qapı olmuşdu. Bəli, bu yurd dahi oğlunun öz yurdunun sakinləri ilə birləşib qəhrəmanlıq dastanı yazdığı Naxçıvandır. İgidlər yurdu, dahilər Vətənidir. Vətən sözünün sinonimi Naxçıvan.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər