NAXÇIVAN :

02 May 2026, Şənbə

Prezidentin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikir və tezislər Azərbaycan elminin gələcək strategiyasını formalaşdırır

...

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışı elmin müasir dövrdə dövlətin inkişaf strategiyasındakı yerini, onun milli təhlükəsizlik, iqtisadi sabitlik və texnoloji yenilənmə ilə qarşılıqlı əlaqəsini dərin məzmunla ortaya qoyur. Çıxışın əsas məzmunu göstərir ki, Azərbaycan elmi artıq yalnız bilik istehsalı və tədris prosesinin bir hissəsi deyil, milli gücün və dövlət müstəqilliyinin elmi təminatçısı kimi çıxış etməlidir. Dövlət başçısının fikirləri elmin yeni mərhələdə iqtisadi, texnoloji və ideoloji funksiyalarını yenidən müəyyənləşdirir.

Qlobal miqyasda son on ildə müşahidə olunan siyasi ziddiyyətlər, beynəlxalq hüququn təsir gücünün azalması, iqtisadi münasibətlərin qeyri-sabitlik və risklər fonunda yenidən formalaşması, eləcə də müharibə və toqquşmaların artması elmin əhəmiyyətini yeni müstəviyə çıxarmışdır. Bu dəyişikliklər nəticəsində elm artıq yalnız nəzəri biliklərin toplanması sahəsi kimi deyil, həm də dövlətlərin strateji qərarvermə mexanizmlərinə təsir göstərən, milli gücün formalaşmasında həlledici rol oynayan amil kimi qiymətləndirilir. Prezidentin vurğuladığı kimi, təbii sərvətlər tükənən dəyərlərdir, lakin intellektual potensial tükənməzdir. Bu yanaşma göstərir ki, Azərbaycanın gələcək inkişafı intellektual kapitalın səviyyəsi, insan resurslarının keyfiyyəti və elmi yeniliklərin iqtisadi dövriyyəyə daxil olması ilə ölçüləcəkdir.

Elmin və texnologiyanın birləşməsi Azərbaycanın inkişaf modelində əsas istiqamət kimi müəyyənləşmişdir. Prezident İlham Əliyev qeyd edir ki, bu gün hər bir ölkənin həm iqtisadi, həm də təhlükəsizlik baxımından gücü onun texnoloji imkanları ilə müəyyən olunur. Bu fikirdən aydın olur ki, texnoloji müstəqillik milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycan alimləri və elmi institutları qarşısında duran vəzifə yalnız fundamental tədqiqatlarla məhdudlaşmamalı, bu tədqiqatların nəticələri sənaye, kənd təsərrüfatı, energetika və informasiya texnologiyaları sahələrinə tətbiq olunmalıdır. Elmi fəaliyyətin nəticələri praktiki innovasiyalara çevrilməli, elmin iqtisadi sistemlə əlaqəsi institusional xarakter almalıdır.

Prezidentin nitqində xüsusi yer tutan istiqamətlərdən biri süni intellekt və rəqəmsallaşmadır. Onun sözlərinə görə, süni intellekt artıq müasir dünyanın ayrılmaz hissəsinə çevrilmişdir və Azərbaycan bu prosesdə geridə qalmamalıdır. Bu baxış elmin qarşısında metodoloji yenilənmə tələb edir. Alimlər bu sahədə tədqiqat aparmaqla yanaşı, süni intellektin sosial və etik aspektlərini də öyrənməli, texnoloji tərəqqinin insan amilinə təsirini elmi əsaslarla qiymətləndirməlidirlər.

Prezident İlham Əliyev çıxışında kibertəhlükəsizlik məsələsinə də geniş yer ayırmışdır. O bildirir ki, kibertəhlükəsizlik artıq virtual deyil, fiziki təhlükəsizlik kimi qiymətləndirilməlidir. Bu, elmin milli müdafiə sistemində əsas tərəfdaş statusunu qazanmasını tələb edir. Azərbaycanın elmi institutları bu sahədə müstəqil tədqiqat mərkəzləri formalaşdırmalı, informasiya müharibələri və kiberhücumların qarşısını almaq üçün milli elmi həllər hazırlamalıdır. Elm, dövlət və özəl sektor əməkdaşlığı əsasında kibermüdafiə texnologiyalarının inkişafı ölkənin strateji sabitliyinə, bilavasitə, təsir göstərəcəkdir.

Elm və iqtisadiyyatın sintezi də çıxışın əsas məqamlarından biridir. Prezidentin vurğuladığı kimi, elmi nəticələr praktik həyatda, sənayedə və iqtisadi göstəricilərdə öz əksini tapmalıdır. Azərbaycan elmi iqtisadiyyatın lokomotivinə çevrilməli, innovativ məhsulların, patentlərin və texnoloji ixtiraların artımı dövlət siyasətinin prioritetlərindən biri olmalıdır. Bu eyni zamanda elmi fəaliyyətin dəyər zəncirinə inteqrasiyasını təmin edəcək və elmin maddi müstəqilliyini gücləndirəcəkdir.

Çıxışda xüsusi diqqət çəkən digər istiqamət Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpaolunan enerji və geoloji tədqiqatlardır. Prezident qeyd edir ki, bu regionlarda müasir texnologiyalarla aparılan elmi araşdırmalar ölkənin enerji təhlükəsizliyinə, ekoloji sabitliyinə və iqtisadi dirçəlişinə mühüm töhfə verəcək. Bu, regionlarda elmi potensialın formalaşdırılması, gənc tədqiqatçıların cəlbi və yerli resursların öyrənilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Elmin yalnız texnoloji deyil, həm də mənəvi və ideoloji dayaqlarının qorunması çıxışın mərkəzində dayanır. Prezident İlham Əliyev Azərbaycan tarixinin və dilinin qorunmasını milli və elmi məsələ kimi qiymətləndirir. Onun sözlərinə görə, xalqın kimliyi onun dili ilə müəyyən olunur və dilin saflığının qorunması həm alimlərin, həm də ictimaiyyətin borcudur. Bu, dilçilik və tarix elmlərinin qarşısında yeni vəzifələr qoyur – milli kimliyin elmi əsaslarla tədqiqi, saxtalaşdırılmış mənbələrə elmi cavabların verilməsi və Azərbaycan dilinin ədəbi formalarının qorunması bu istiqamətdə aparıcı rol oynayır.

Beləliklə, Prezidentin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi tezislər göstərir ki, Azərbaycan elmi yeni mərhələyə daxil olub. Bu mərhələ intellektual potensialın sistemli şəkildə inkişaf etdirilməsi, elmin texnoloji və iqtisadi həyatla birləşməsi, kibertəhlükəsizlik və rəqəmsal innovasiyaların dövlət siyasətinə inteqrasiyası, eyni zamanda milli-mənəvi dəyərlərin elmi müstəvidə qorunması ilə xarakterizə olunur. Elm artıq təkcə bilik mənbəyi deyil, dövlətin güc amilinə çevrilmiş strateji resursdur. Azərbaycanın gələcək inkişafı bu resursdan nə dərəcədə səmərəli istifadə ediləcəyindən asılı olacaq.

Əziz QASIMOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 04.11.2025 17:07