Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloql...
10:47 13.06.2025
0
0
0
NAXÇIVAN :
13 Iyun 2025, Cümə
Böyük ümidlərlə başlayan 2024-2025-ci tədris ili artıq başa çatır. Qarabağ Universiteti il ərzində mənəvi dəyərlərə söykənən, birliyi və yenidənqurmanı təşviq edən fəaliyyəti ilə yadda qaldı. Müharibədən sonra yenidən dirçələn bir bölgədə fəaliyyət göstərən ali təhsil müəssisəsi gənclərə yalnız bilik verməklə kifayətlənməyib, eyni zamanda onların milli vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində də tədbirlər keçirir. Biz də Qarabağ Universitetinin Naxçıvandan olan tələbələri ilə həmsöhbət olub onların təəssüratlarını öyrəndik. Culfa rayonunun Ləkətağ kəndindən olan Seymur Məmmədli Beynəlxalq ticarət və logistika ixtisası üzrə təhsil alır. Onun sözlərinə görə, ticarət və logistika daim inkişaf edən və yeniliklərlə zəngin bir sahə olduğu üçün bu istiqaməti seçib: “Gələcək planlarımı bu sahə üzrə qurduğum üçün ixtisas seçimimin doğru olduğunu düşünürəm. Universitetdə ilk kursu başa vurmaq mənim üçün həm fərqli, həm də öyrədici bir təcrübə oldu. Hər bir dərs mənə yeni biliklər qazandırdı. Qrup yoldaşlarımla münasibətlərimiz bir il ərzində çox mehriban və dostyana oldu. Dərslərdə və dərsdənkənar vaxtlarda bir-birimizi daim dəstəkləyirdik. Xüsusilə qrup layihələri və imtahanlara hazırlaşma prosesində birgə çalışma həm məsuliyyət hissi aşıladı, həm də dostluqlarımızı möhkəmləndirdi”. Seymur əlavə edir ki, tədris prosesi sistemli şəkildə təşkil olunur. Müəllimlər mövzuları sadə və anlaşıqlı şəkildə izah edir, real həyatdan nümunələr gətirərək öyrənmə prosesini daha maraqlı və effektiv hala gətirirlər. O, universitetdə keçirdiyi yaddaqalan anlardan da danışdı: “Xüsusilə Novruz bayramı ilə bağlı keçirilən tədbirdə Keçəl obrazını canlandırmaq mənim üçün xoş və əyləncəli oldu.
Kəngərli rayonunun Qıvraq qəsəbəsindən olan Ayla Kərimova isə Qarabağ Universitetində Turizm işinin təşkili ixtisası üzrə təhsil alır. O, Qarabağa gəlmək və burada təhsil almağın onun üçün uzun müddət arzuladığı bir məqsəd olduğunu söyləyir: “Qarabağı görmək mənim ən böyük arzularımdan idi və bu arzum gerçəkləşdi. Artıq Qarabağ Universitetinin tələbəsiyəm və burada gözəl xatirələr toplayıram. Universitet həyatımın ən yaddaqalan anlarından biri cənab Prezident İlham Əliyevlə görüşümüz oldu. Onu bu qədər yaxından görmək mənim üçün çox həyəcanlı və unudulmaz bir an idi”. Ayla ilk günlərdən etibarən universitet mühitinin şən və pozitiv atmosferdə keçdiyini bildirir: “Universitetin həyətində toplaşaraq musiqi dinləyir, mahnılar oxuyur və səmimi söhbətlər edirdik. Müəllimlərimizin bizə yaxın və səmimi münasibəti universitetdə ən çox sevdiyim cəhətlərdən biridir. İmtahanlara yaxın günlərdə birgə dərs oxuyur, bir-birimizə dəstək olurduq. Stadion açıq olanda isə voleybol və futbol oyunlarında iştirak etmək və müəllimlərlə tələbələr arasında keçirilən oyunları izləmək bizə böyük zövq verirdi”. O, həmçinin universitetin təşkil etdiyi səfərlərdən də bəhs edərək deyir ki, Şuşa, Laçın, Suqovuşan və digər bölgələrə təşkil olunan ekskursiyalar çoxlu xatirə və foto ilə yadda qaldı. Gənclər Qarabağ Universitetində əsl tələbəlik həyatı yaşayırlar. Həm sakit və təbiətlə iç-içə bir mühitdədirlər, həm də şəhər səs-küyündən uzaqdırlar. Xankəndinin havası Naxçıvan havasına çox bənzəyir. Xankəndi artıq bizim üçün doğmalaşıb.
Biz də, öz növbəmizdə, Qarabağ Universitetinin növbəti tədris ilinə daha böyük planlar və yeni ümidlərlə hazırlaşan bütün tələbələrinə uğurlar arzu edirik!
Bülbül QULİYEVA
Digər xəbərlər