NAXÇIVAN :

10 Mart 2026, Çərşənbə axşamı

Ordubadın ICESCO Siyahısına daxil edilməsi mədəni irsimizə verilən yüksək dəyərdir

...

"Azərbaycanın zəngin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində növbəti mühüm addım atılıb. Özbəkistanın Daşkənd şəhərində keçirilən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası çərçivəsində qədim Ordubad şəhərinin təşkilatın İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi ölkəmizin qədim mədəniyyətinə verilən yüksək dəyərin növbəti təzahürüdür. Növbəti mərhələdə nominasiyanın ICESCO-nun Əsas Siyahısına daxil edilməsi istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən müvafiq işlər aparılacaq".
Bu sözləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə “Şərq qapısı” qəzetinə açıqlamasında deyib.
Deputat bildirib ki, Ordubad şəhəri əsrlərboyu formalaşmış şəhərsalma ənənələri, unikal memarlıq üslubu və zəngin tarixi abidələri ilə seçilir. Daşdan inşa olunmuş evlər, məscidlər, hamamlar və körpülər şəhərin qədimliyini və özünəməxsusluğunu bu gün də qoruyub saxlayır. Onun sözlərinə görə, ICESCO-nun İlkin Siyahısına daxil edilmə Ordubadın İslam dünyasının zəngin mədəni irsinin ayrılmaz hissəsi kimi tanınması deməkdir.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu qərar şəhərin beynəlxalq səviyyədə təbliği, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bu status turizm potensialının artmasına, bölgənin sosial-iqtisadi inkişafına da müsbət təsir göstərəcək.
Deputat qeyd edib ki, Azərbaycan dövləti mədəni irsin qorunmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin 2024-cü il 21 fevral tarixli müvafiq Sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin bariz nümunəsidir. Tarixi abidələrin bərpası, qədim şəhər mühitinin qorunması və beynəlxalq təşkilatlarla əməkdaşlıq bu istiqamətdə görülən işlərin sistemli xarakter daşıdığını göstərir.
Sonda Vüqar Rəhimzadə bildirib ki, qədim Ordubadın ICESCO tərəfindən tanınması yalnız bir şəhərə deyil, bütövlükdə Azərbaycanın zəngin mədəni irsinə beynəlxalq miqyasda verilən yüksək dəyərin göstəricisidir. Bu hadisə milli irsimizin qorunması və dünyada tanıdılması istiqamətində mühüm mərhələ olmaqla yanaşı, gələcək nəsillər üçün də mühüm çağırışdır.

Nəşr edilib : 12.02.2026 20:48