NAXÇIVAN :

12 Aprel 2025, Şənbə

Ordubadın Dəstə kəndi haqqında kitab çapdan çıxıb

...

Bu günlərdə Əsəd Quliyev, Nizami Həsənov, Məcid Abdullayevin birgə qələmə aldıqları “Vüqarlı Dəstə kəndi” adlı kitab çapdan çıxıb. Naxçıvan Muxtar Respublikasının 100 illik  yubileyinə  töhfə olaraq hazırlanmış və “Azəri”  nəşriyyatında   işıq  üzü  görmüş kitabda Dəstə kəndinin tarixi, qədim abidələri, keçmişi və bu günü barədə ətraflı yazılar yer alıb. Ordubad rayon mərkəzindən 12, Naxçıvan şəhərindən, təxminən, 60  kilometr məsafədəki Dəstə kəndi ayrılıq  çayı Arazın sol qolu Vənəndçayın sağ sahilində yerləşir. Naxçıvanın əhalisinin sayı 5 min nəfərdən çox olan 7 böyük kəndtipli yaşayış  məntəqəsindən bir olan Dəstə kəndi orta əsrlər zamanı Ordubad bölgəsinin inkişaf etmiş yaşayış məskənlərindən biri olub. Kənd ərazisində geniş arxeoloji tədqiqatlar aparılmadığı üçün yaranma tarixi haqqında konkret fikir söyləmək mümkün olmasa da, kənddə indiyədək qalan tarixi-mədəniyyət abidələri sübut edir ki, Dəstənin tarixi  kifayət qədər qədim olub  və o  nəzərə çarpacaq bir inkişaf yolu keçib.

Kitaba  ön söz yazmış  və əslən  bu  kənddən olan tanınmış  alim,  fəlsəfə elmləri doktoru,  professor  Məmməd Rzayev haqlı  olaraq qeyd edir ki, XVIII- XIX əsrlərdə ölkəmizin və xalqımızın tarixi ilə bağlı obyektiv reallıqları özündə əks etdirən  kitablara, tarixi mənbələrə rast gəlmək çox çətindir. Belə ki, tariximiz ya ərəb, ya fars, ya da orta əsr səyyah missionerlərin daha çox subyektiv mülahizə və xatırlatmalar, epizodlar şəklində qənaətləri kimi verilib.  XIX əsrdə başlayan rus işğalı ilə Qafqaza ayaq basmış rus alim və araşdırmaçılarının nəşr etdirdikləri məlumat və tarix kitablarında türk-müsəlman mədəniyyətinə ən yaxşı mənada xristian biganəliyi ilə yanaşmaq, daha çox erməni qriqoriyan mədəniyyətinə təəssübkeşlik və Qafqazda iki xalqı bir-birinə qarşı qoymaqla özlərinin burada ağalığını təmin etmək maraqları dayanıb.  Müəllif  qeyd edib ki, kitabda Dəstə kəndinin tarixi, coğrafiyası, memarlıq abidələri, ictimai və dini tikililəri, adət-ənənələri, etnoqrafiyası, kəndin tanınmış elm, sənət, ədəbiyyat adamları haqqında müfəssəl məlumatlar verilib. Dəstə kəndində idarəçilik, təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrinin inkişafı və real vəziyyəti, əldə olunmuş uğurlar və məxsusi özəlliklər haqqında dolğun məlumatlar verilir.  Müəllifə  görə bu kitab Azərbaycan dünyasının kiçik bir modelidir. Kitabda Dəstə kəndi haqqında istənilən məlumatlarla tanış olmaq mümkündür desək, yanılmarıq.

Kitab bir neçə fəsilə bölünüb. Hər bir fəsildə ayrı-ayrı sahələrdən bəhs olunur. Kitabın bir özəlliyi də ondan ibarətdir ki, bu kitabda Dəstə kəndi haqqında indiyədək alim və tədqiqatçılar tərəfindən aparılan araşdırma, yazılar, qeyd olunan fikir və mülahizələr araşdırılıb tədqiq olunaraq ardıcıllıqla ayrıca fəsildə yerləşdirilib. Bu cür əhatəli və indiyədək kompleks şəkildə araşdırılmayan məlumat kitabının yazılması, həqiqətən, böyük zəhmət, güclü iradə və səbir tələb edir.

“Vüqarlı Dəstə kəndi” adlı kitabda qeyd olunub ki, Dəstə kəndi orta əsrlər zamanı mühüm ticarət-karvan yollarının keçdiyi bir ərazidə yerləşdiyindən, sufi şeyxləri isə öz ideyalarını daha çox insanın, xüsusilə müxtəlif ölkələrdən olan adamların arasında yaymaq üçün maraqlı olduqlarından, bu məqsədlə də xanəgahlarını gediş-gəlişin çox olduğu, əhalinin sıx toplaşdığı yerlərdə yaratdıqlarından bu yaşayış məskənində və onun ətrafında sufi yaşayış yerlərinin yaradılması təbii hal kimi görünür. Kənddən bir az şimalda, Vənəndçay vadisində orta əsrlər zamanı fəaliyyət göstərən xanəngahlar da bunu təsdiq edir.

“Vüqarlı Dəstə kəndi” kitabını  oxuduqda  Naxçıvanın   bu  böyük  yaşayış  məntəqəsinin tarixi inkiaşf  xronologiyasını  görmək  olar. Kitabda kəndin keçdiyi  tarixi inkişafla  yanaşı, ölkəmizin  dövlət müsəqilliyi  illərində  burada yaşayan  insanların  doğma torpağa  olan məhəbbəti, onların qurub-yaratmaq  əzmi  əks olunub. Dəstə dünyaya  göz  açmış  və istər ölkəmizdə, istərsə də  onun  hüdudlarından  kənarda  tanınan  insanlar  haqqında  kitabda    məlumatlar  tapmaq  mümkündür. Dəstəli məşhur  alimlər,  şair-yazıçılar, həkimlər, müəllimlər və digər ziyalılar, ictimai-siyasi xadimlər, qonşu  ölkələrdəki diaspor  fəalları haqqında  yazıları  bu  kitabda tapmaqla Ordubadın tarixi haqqında  maraqlanan istənilən  oxucuya  bu  kitab olduqca  faydalıdır. 

Müasir dövrdə  bir müsbət trend  halını  almış   yurd  yerləri haqqındakı  kitablarda  və digər mənbələrdə,  şübhəsiz,  ən  dəyərli bölüm Azərbaycanın  ərazi bütövlüyü  uğrunda  canından  keçmiş  şəhidlərimizə  ayrılan xüsusi    yerdir. “Vüqarlı Dəstə kəndi” kitabında istər I  Qarabağ savaşında,  istərsə  də   44 günlük Vətən müharibəsində bu kəndin igid oğullarının keçdiyi  qəhrəmanlıq  yolu  əks olunmuşdur. Eləcə  də II  Dünya  müharibəsində  faşizmə  qarşı  vuruşmuş dəstəlilərin  adları  və   hazırda  qəhrəman  Azərbaycan  Ordusunda    hərbi vəzifələr  tutan Dəstə  kəndinin yetirmələri də bu  kitabda  qeyd  olunub.

Naxçıvan Dövlət Universitetinin professoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Hacı Fəxrəddin Səfərlinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru Kübra Əliyevanın  və  AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun  rəy  verdiyi “Vüqarlı Dəstə kəndi” kitabı mövzularının  əhatəliliyi və  sistematikliyi ilə   maraqla  oxunur   və  oxucuda   sadə  dildə yazılmış  genişhəcmli kitabla  tanış  olmaq  zövqü  yaşadır. Kitab,  ümumilikdə,  Naxçıvanın  tarixi,  turizm ehtiyatları, Azərbaycan  xalqının mədəniyyəti və  bugünkü  inkişafı barədə maraqlananlar  üçün faydalıdır.

Əli  CABBAROV

Nəşr edilib : 13.02.2025 12:28