NAXÇIVAN :

14 Dekabr 2025, Bazar

Ordubad rayonunda məktəb direktorları üçün əməyin mühafizəsi təlimi keçirilib

...

Noyabrın 12-də “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı ilə Ordubad rayonu üzrə ümumi təhsil müəssisələrinin direktorları üçün əməyin mühafizəsi təlimi keçirilib. Təlimdə, ümumilikdə, 32 məktəb direktoru iştirak edib. Tədbirin məqsədi təhsil müəssisələrində təhlükəsiz iş şəraitinin təmin olunması, əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması və rəhbər heyətin bu sahədə biliklərinin artırılması olub.
Təlimin açılışında “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov çıxış edərək əməyin mühafizəsinin mahiyyəti, onun normativ-hüquqi əsasları və beynəlxalq standartlarla uyğunluğu barədə məlumat verib. O, əməyin mühafizəsinin işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin edən sistem olduğunu bildirib.
Ruslan Ələkbərov Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasına uyğun olaraq hazırlanan milli standartlardan danışıb və qeyd edib ki, bu standartlar fərdi mühafizə vasitələrindən tutmuş istehsalat mühitinin amillərinə qədər geniş sahəni əhatə edir.
Daha sonra Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşı Mahmud Rzalı “Əməyin mühafizəsi üzrə təlimatların növləri” mövzusunda çıxış edib. O, giriş, ilkin, təkrar, növbədənkənar və məqsədli təlimatların mahiyyəti, keçirilmə qaydaları, həmçinin təhlükələrin aşkar olunması və risklərin idarə olunması prinsipləri barədə iştirakçıları məlumatlandırıb. Mahmud Rzalı çıxışında təhlükələrin növləri və nəzarət ierarxiyasının əhəmiyyətinə də toxunub.
Təlimdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Güllü Sadiqli müəssisələrdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının tətbiqi, əməyin mühafizəsinin əsas prinsipləri və nəzarət mexanizmləri haqqında danışıb. O, işçinin həyat və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması, əməyin mühafizəsi sahəsində dövlət nəzarətinin gücləndirilməsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
Güllü Sadiqli, həmçinin istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin araşdırılması, uçota alınması və işçilərin sosial müdafiəsinin təmin olunması ilə bağlı prosedurları iştirakçıların diqqətinə çatdırıb. Təlim interaktiv müzakirə şəraitində keçib, direktorlar əməyin mühafizəsi sahəsində qarşıya çıxan praktiki məsələlər barədə fikir mübadiləsi aparıblar. Tədbirin sonunda iştirakçılar əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində biliklərini dərinləşdirərək öz müəssisələrində bu istiqamətdə tətbiq edə biləcəkləri praktiki tövsiyələr əldə ediblər.

Nəşr edilib : 13.11.2025 13:15