NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

Ölüm-yüksəliş

...

(Məmməd Araza)

Ölə-ölə yazmıram,

Yaza-yaza ölürəm.

Məmməd Araz

Yaza-yaza ölən şair,

Bu ölümün yüksəlişdir,

Əbədiyyət dünyamıza

Peyğəmbər tək bir gəlişdir.

Yaza-yaza ölən şair,

Bu dünyanın dərd-sərini

Öz dərdi tək bölən şair,

Yaza-yaza sən ölməsən,

Şeirimiz də yetim qalar,

Araz adlı qəm karvanı yolun  azar.

Həsrət adlı qəm yükünü

Kim daşıyar misralarda?

Kim qoruyar şeirimizi 

Bu dünyada dolaylarda.

Yaza-yaza ölən şair,

Sən olmasan,

Yaza-yaza sən ölməsən,

Arazımız tənha qalar,

Dərd əlindən öz içində o boğular.

Axı Araz bu millətin

Həsrət adlı göz yaşıdır.

Savalansa bu millətin

Gülüstanda, Türkmənçayda

Dəfn olunmuş ümidinin baş daşıdır.

Yaza-yaza ölən şair,

Sən olmasan, kim oyadar,

Yatmışları, batmışları,

Qeyrətini satmışları.

Xırdalığa xırdalanmış insanları,

Kim dirildər ruhu ölü,

Adı diri o canları?

Şair, dədəm, sən olmasan,

Yaza-yaza sən ölməsən,

Bəs kim silər

Oğlu şəhid anaların göz yaşını?

Bəs kim öpər

Xətainin qeyrət adlı baş daşını?

Yaza-yaza ölən şair,

Bu ölümün yüksəlişdir,

Əbədiyyət dünyamıza

Peyğəmbər tək bir gəlişdir.                                

Nəşr edilib : 14.10.2024 17:11