“Gənc istedadlar” liseyinin məzunlarının hamısı al...
14:39 26.08.2026
0
0
0
NAXÇIVAN :
26 Avqust 2026, Çərşənbə
“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandası üzərində qazandığı dramatik qələbə (5:2, ümumi hesab 6:4) və turnirin liqa mərhələsinə vəsiqəni təmin etməsi dünya idman mətbuatının diqqət mərkəzindədir.
"Şərq qapısı" xəbər verir ki, beynəlxalq media resursları Azərbaycan çempionunun bu uğurunu geniş işıqlandırıb.
ABŞ-nin “Associated Press” (AP) xəbər agentliyi 2017-ci ildə təsis olunmuş Bakı klubunun qısa müddətdə Çempionlar Liqasının əsas mərhələsinə adlamasını böyük sensasiya adlandırıb. Materialda Tellur Mütəllimovun matçın 90+4-cü dəqiqəsində vurduğu qol, Orfe Mbina və Coy Lens Mikelsin əlavə vaxtdakı dəqiq zərbələri ilə oyunun taleyini həll etməsi xüsusi qabardılıb.
Türkiyənin “Anadolu Agency” (AA) agentliyi isə “Sabah”ın “Qarabağ”dan sonra bu mötəbər turnirin əsas mərhələsinə vəsiqə qazanan ikinci Azərbaycan komandası olduğunu diqqətə çatdırıb.
“Fanatik” və “Fotomaç” qəzetləri Bakıdakı cavab qarşılaşmasını “Unudulmaz futbol dramı” kimi qiymətləndirib. “NTV Spor” nəşri cəmi 9 illik tarixə malik bir klubun 4 təsnifat mərhələsini ard-arda keçərək qrup mərhələsinə adlamasını Avropa futbolu üçün nadir göstərici hesab edib.
“Hürriyet” nəşri isə komandanın maliyyə resursları baxımından özündən daha güclü rəqibləri mübarizədən kənarlaşdırmasına diqqət çəkərək yazıb: “Heyətinin ümumi dəyəri təxminən 17 milyon avro olan Azərbaycan təmsilçisi daha böyük büdcəli rəqibini sıradan çıxararaq, Avropa futbolunun ən çox danışılan komandalarından birinə çevrildi”.
İsrailin “The Times of Israel” qəzeti nəticəni “Çempionlar Liqasına çatmağa saniyələr qalmış “Hapoel” əlavə vaxtda “Sabah”a uduzdu” başlığı ilə təqdim edib. Məqalədə final fitinə 19 saniyə qalmış vurulan bərabərlik qolunun Beer-Şeva təmsilçisini psixoloji olaraq sarsıtdığı, əlavə vaxtda alınan qırmızı vərəqələrin (Cibril Diop və Eliel Perets) isə klubu tamamilə oyundan qopardığı bildirilib.
Ölkənin aparıcı idman portalları “Sport5” və ONE bu məğlubiyyəti “Bakı faciəsi” adlandıraraq “Sabah”ın matç boyunca nümayiş etdirdiyi yüksək təzyiqi və əzmkar oyunu xüsusi vurğulayıblar.
Digər xəbərlər