NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Numan Kurtulmuş: Türk dövlətləri qlobal AI idarəçiliyində vahid cəbhədən çıxış etməlidir

...

Süni intellekt (AI) uzun müddətdir texnoloji gündəmdə bir mövzu olmaqdan çıxıb və iqtisadiyyat, təhsildən tutmuş səhiyyə və dövlət idarəçiliyinə qədər bir çox sahədə gələcəyi formalaşdıran strateji qüvvəyə çevrilib. Sənaye İnqilabı zamanı maşınlar əl əməyini, ondan sonrakı dövrdə isə kompüterlər insan intellektual səylərini əvəz etdiyi kimi, bu gün də süni intellektin insanın zehni qabiliyyətlərini tədricən əvəz etdiyi texnoloji inkişaf dövrünə qədəm qoyuruq.

"Şərq qapısı" xəbər verir ki, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 15-ci plenar iclasında çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.

O qeyd edib ki, Türk dünyası yeni texnologiyaların inkişafında geridə qalmamalı və ya onların analoqlarının hazırlanması ilə məhdudlaşmamalıdır.

“Süni intellekt mövzusuna əhəmiyyət vermək gələcəkdə qurulacaq dünya nizamında yerimizi müzakirə etmək deməkdir. Türk dövlətləri qlobal süni intellektin idarəedilməsi sistemində vahid cəbhədən çıxış etməlidir”, - deyə Türkiyə parlamentinin sədri bildirib.

N. Kurtulmuş dezinformasiyanın yayılması ilə bağlı riskləri, o cümlədən süni intellekt texnologiyalarının istifadəsi ilə bağlı problemləri vurğulayıb.

“Ölkələrimiz seçki proseslərinin təhlükəsizliyini də təhdid edən dezinformasiyanın yayılması üçün süni intellektdən istifadə ilə bağlı riskləri birgə qiymətləndirməlidir”, - deyə o bildirib. Spiker qeyd edib ki, Türkiyə süni intellekt sahəsində kadrları fəal şəkildə yetişdirməyə davam edir və ölkənin elmi-tədqiqat potensialını gücləndirmək istiqamətində addımlar atır.

N. Kurtulmuş əmin olduğunu bildirib ki, beynəlxalq normaların yeni sistemi inkişaf etdikcə, türk ölkələri ortaq vizyon formalaşdıra və insan amilini proseslərin mərkəzinə qoyan ədalətli, inklüziv yanaşmanın gücləndirilməsinə töhfə verə bilər.

Natiq dil və əlifbanın ortaqlığına da toxunub, bu amili türk ölkələri arasında elmi və mədəni sahələrdə daha da yaxınlaşmanın təməllərindən biri kimi qiymətləndirib.

O vurğulayıb: “Bu sahədə işlər gücləndirilməlidir. Ortaq əlifbanın istifadəsini təşviq etmək vacibdir. Türk xalqlarının ortaq mədəni təməlinə əsaslanan dil modellərini birgə inkişaf etdirmək lazımdır”.

Nəşr edilib : 20.10.2026 14:28