NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

İnformasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər nə etməlidirlər?

...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Estoniyanın Elektron İdarəetmə Akademiyasının birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik - İmkanlar və kiberrisklərin idarə edilməsi" mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısı çərçivəsində "Süni intellekt artıq hər yerdədir – Bəs, informasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər indi nə etməlidirlər?” mövzusunda panel müzakirə keçirilib.

"Şərq qapısı" xəbər verir ki, müzakirəyə kibertəhlükəsizlik üzrə baş ekspert Klaid Maqi rəhbərlik edib.

Müzakirələrdə çıxış edən Estoniyanın kibertəhlükəsizlik üzrə baş eksperti Epp Maaten-Püssa bildirib ki, süni intellekt həllərindən istifadə zamanı yeni hücum növləri meydana çıxır: "Eyni zamanda, müəyyən edilməli, təhlil olunmalı və qiymətləndirilməli olan yeni risk aspektləri də yaranır. Dünyada, əlbəttə ki, müxtəlif risklər var. Lakin bir növ “uçan avtomobillər” nümunəsində olduğu kimi, süni intellektlə bağlı risklər də bu gün risk mənzərəsində ən çox diqqət mərkəzində olan məsələlərdən biridir. Həqiqətən də, təşkilatlarımızın məlumatlarını, məxfiliyi və sistemlərin əlçatanlığını qorumaq üçün kifayət qədər hazırlıqlı olmaması riski mövcuddur. Bundan əlavə, bütün mümkün zəiflikləri hələ tam bilmədiyimizdən narahatıq. Beləliklə, süni intellektlə bağlı risklər kontekstində kibertəhlükəsizlik artıq gündəmdə olan və üzərində işləməyə başladığımız əsas istiqamətlərdən biridir".

Milli Kibertəhlükəsizlik Agentliyinin nümayəndəsi Ayxan Hüseynli bildirib ki, bu gün hər şeyin önündə süni intellekt, müxtəlif alqoritmlər və yeni texnologiyalar dayanır:”Lakin mahiyyət etibarilə bu insidentə nəzər salsaq, bunun sadəcə sosial mühəndislik cəhdi olduğunu görərik. Bəs, bunun üçün ayrıca fəaliyyət planına ehtiyacımız varmı? Fikrimcə, yox. Çünki mahiyyət dəyişməyib. Bu, yenə də sosial mühəndislikdir, sadəcə bir qədər sürətlənmiş formadır. Bu baxımdan, oxşar vəziyyətlə, məsələn, sistemin ələ keçirilməsi cəhdi ilə qarşılaşdıqda, atılmalı addımlar eynidir. Tutaq ki, kimsə təcili ödəniş etməli olduğumuzu bildirir və bizi tələsdirir. Belə vəziyyətdə nə etməliyik? Hansı addımları atmalıyıq? İlk növbədə, məlumatın mənbəyini alternativ əlaqə kanalı vasitəsilə yoxlamalıyıq. Bu vəziyyətdə də fəaliyyət planı heç dəyişmir. Lakin məlumatlılığın artırılması baxımından müəyyən dəyişikliklərə ehtiyac var".

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin qırmızı komanda (red team) və süni intellekt təhlükəsizliyi qrupunun rəhbəri Elxan Sadıqlı qeyd edib ki, hər kəs süni intellekt istifadə etməyə çalışır və bu zaman ciddi bir narahatlıq süni intellekt vasitəsilə sürətli və avtomatlaşdırılmış kodlaşdırma ("vype coding") məsələsi ortaya çıxır: "Yazılan proqram təminatlarında ciddi boşluqlar aşkarlanır. Artıq süni intellet vasitəsilə hücumlar çox müasirləşib. Süni intellekt vasitəsilə qarşı tərəfi öyrənə-öyrənə daha mükəmməl hücum etməyə başlayırlar. Bu da çox böyük risklərə gətirib çıxarır".

Kibertəhlükəsizlik və süni intellekt idarəetməsi üzrə ekspert Tural Məmmədov isə süni intellektin özü ilə bir çox təhdidlər və risklər gətirdiyini qeyd edib: "Süni intellektin özü artıq kiberhücum obyektinə çevrilir. Bu özü də qurumlarda yeni bir kiberhücum səthi və təhlükəsizlik aspekti yaradır. Süni intellektin özünə qarşı artıq həyata keçirilən kiberhücumlar bizim əvvəlki kiberhücumlardan çox-çox fərqli bir səth yaradır. Bununla yanaşı, süni intellektin özünə biz qərar vermək səlahiyyəti veririksə, bu özü də başqa manipulyasiya edilən bir kiberhücum istiqamətinə çevrilə bilir".

Panel müzakirədən sonra "Avropa İttifaqı ilə tərəfdaşları arasında əməkdaşlıq yolu ilə ortaq risklərdən ortaq həllərə doğru: Əsas nəticələr və növbəti addımlar" adlı yekun mülahizələr təşkil olunub.

Nəşr edilib : 20.10.2026 14:37