NAXÇIVAN :

19 Oktyabr 2026, Bazar ertəsi

NİİM: Yanlış manevr bütün hərəkət iştirakçılarını təhlükəyə atır

...

Manevretmə qaydalarının pozulması nəticəsində qəza riski yaranır, yol-nəqliyyat hadisəsi baş verir, ölən və xəsarət alanlar olur. Bir sözlə, istənilən yanlış manevr təkcə bir nəqliyyat vasitəsini deyil, bütün hərəkət iştirakçılarını təhlükəyə atır.

''Şərq qapısı" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) manevretmə qaydalarının pozulması zamanı qəzaların necə baş verdiyini açıqlayıb. Bildirilib ki, bəzi sürücülər dönməzdən və zolaq dəyişməzdən əvvəl ya təhlükəsizlik tədbirləri görmürlər, ya da işıq siqnallarını yandırmaqla üstünlüyün onlarda olduğunu düşünürlər, bu isə yanlışdır. Sürücülərin bir qismi isə, ümumiyyətlə, manevretmə zamanı işıq və səs siqnallarından istifadə etmirlər.

Qeyd olunub ki, sürücü diqqətsizliyi və qaydaların kobud şəkildə pozulması yol-nəqliyyat hadisələrinin baş verməsinə və digər hərəkət iştirakçılarının da ölüm və xəsarət almasına səbəb olur.

NİİM sürücülərdən məsuliyyətli davranmağı və manevr zamanı qaydalara əməl olunmasını xahiş edir.

Qeyd edək ki, ötən gün manevr qaydalarının pozulması nəticəsində baş verən qol-nəqliyyat hadisəsi zamanı paytaxtın Xətai rayonu, Gəncə prospektində 1 nəfər ölüb.

Nəşr edilib : 19.10.2026 16:27