NAXÇIVAN :

19 Oktyabr 2026, Bazar ertəsi

Məhərrəm Abbasov: Bu uğur hər bir əməkdaşımızın zəhmətinin, peşəkarlığının və işinə sədaqətinin nəticəsidir

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 19 oktyabr tarixli “Azərbaycan energetiklərinin təltif edilməsi haqqında” Sərəncamına əsasən energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilib. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında energetika sahəsinin inkişafında səmərəli fəaliyyət göstərən əməkdaşların da adları var.
“Şərq qapısı” qəzeti olaraq “Tərəqqi” medalı ilə təltif olunan  “AzərEnerji” ASC-nin “Naxçıvan Enerji” MMC-nin direktoru Məhərrəm Abbasovla görüşüb təəssüratlarını öyrəndik.
O, “Tərəqqi” medalına layiq görülməsini böyük şərəf və məsuliyyət kimi dəyərləndirib. Məhərrəm Abbasov əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirərək deyib: “Təltif olunmağım mənim üçün böyük qürur və eyni zamanda yüksək etimadın ifadəsidir. Bu təltifi yalnız şəxsi fəaliyyətimə deyil, gecə-gündüz, istənilən hava şəraitində istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin olunması üçün çalışan “Naxçıvan Enerji” MMC-nin bütün kollektivinin birgə əməyinə verilən qiymət kimi qəbul edirəm. Bu uğur hər bir əməkdaşımızın zəhmətinin, peşəkarlığının və işinə sədaqətinin nəticəsidir.
Energetiklər Günü ərəfəsində belə bir mükafata layiq görülməyimiz kollektivimizdə ruh yüksəkliyi yaradır, fəaliyyətimizə daha məsuliyyətlə yanaşmağa sövq edir. Göstərilən diqqət bizi ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində daha əzmlə çalışmağa ruhlandırır.
Bundan sonra da Azərbaycanımızın və Naxçıvan Muxtar Respublikasının energetika sektorunun inkişafı, enerji təchizatının etibarlılığının artırılması və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün səylə çalışacağıq”.

Nəşr edilib : 19.10.2026 16:56