NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

NHAİS-in Naxçıvanda tətbiqinə dair təlim keçirilib

...

Avqustun 18-də Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları üçün “Normativ -hüquqi aktlar” informasiya sisteminin (NHAİS) muxtar respublikada tətbiqinə dair ilkin təlim keçirilib.

 Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, təlim “Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2023-cü il tarixli Fərmanının icrası çərçivəsində təşkil olunub.

Naxçıvan Muxtar Respublikasında NHAİS-in tətbiq edilməsi normayaratma prosesinin müasir tələblərə uyğunlaşdırılmasına, dövlət idarəçiliyində operativliyin artırılmasına və elektron hökumət prinsiplərinin genişləndirilməsinə xidmət edəcək.
Muxtar respublikada normativ -hüquqi akt layihələrinin elektron qaydada hazırlanması, dövlət qurumları arasında razılaşdırılması və müvafiq yuxarı orqanlara təqdim edilməsi NHAİS vasitəsilə təmin ediləcək. Bu isə qurumların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, vaxt itkisinin minimuma endirilməsinə, eləcə də qurumlar arasında koordinasiyanın güclənməsinə şərait yaradacaq.

Qeyd edək ki, təlimdə dövlət qurumlarının 120-dən artıq əməkdaşı iştirak edib. Yeni sistemin tətbiqi muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarının normayaratma fəaliyyətinin keyfiyyətini yüksəltməklə yanaşı, vətəndaşların və ictimaiyyətin dövlət idarəçiliyinə etimadının artırılmasına da xidmət edəcək.

Nəşr edilib : 18.08.2025 14:35