NAXÇIVAN :

18 Avqust 2026, Çərşənbə axşamı

Neft çıraqlarından işıqlı şəhərlərə

...

Naxçıvan şəhərində Ulu Öndərin adını daşıyan muzeydə, bir vaxtlar  Ulu Öndərin masası üstündə yanan, indi isə bizə şanlı mübarizəmizi xatırladan neft çırağına tamaşa edirəm. Həmin illəri–qaranlıq və soyuq gecələri, elektrik enerjisinin olmadığı illəri xatırlayıram. Düşmənin qəfil hücumu ilə başlamışdı hər şey. Soyuq yanvar gecəsində bir anda qaranlığa qərq oldu bütün şəhər. Artıq iki il idi  ki, 1988-ci ildən başlayaraq qonşumuz ermənilər Naxçıvana gələn qatarları saxlayır, sərnişinlərə hücumlar olur, mavi yanacaq və elektrik enerjisi dayandırılırdı. Biz 70 il öncə edilən səhvin qurbanına çevrilmişdik. Zəngəzurun ermənilərə peşkəş edilməsi Naxçıvanı ana Vətənindən ayırmışdı. Öz torpağımız sərhədimizə çevrilmişdi. Sovet quruluşunun qaydaları ilə “qardaş” olduğumuz Ermənistanın ərazisindən keçən qaz və elektrik xətləri Naxçıvanı işıq və mavi yanacaqla təmin edirdi.

Həmin günlərdə sərhədlərimizə hücum edən quldurlar öncə elektrik xəttini sıradan çıxarıb Naxçıvanı qaranlığa qərq etdilər. Düşündülər ki, bu yolla qədim diyarı işğal edə biləcəklər. Amma onlar yanılmışdı. Unutmuşdular Babəkin qüdrətini, Əlincənin alınmazlığını. Gündüzlər Günəşin işığında, gecələr isə Vətən sevgisi ilə yanan qəlbimizin nuru ilə biz bir olub səngərlərdə dayandıq. Elektrik enerjisi olmadığı günlərdə çıraq işığında yun corab toxudu analarımız, səngərdə döyüşən əsgərə göndərdi. Yaş odunla ocaq qalayıb yemək, çörək bişirib, özü ətrinə doyub əsgərə pay tutdu naxçıvanlı qadınlar. Çıraq işığında dərs oxuyub, müstəqil Azərbaycanın Dövlət himnini əzbərləyib şəhid məzarı başında qürurla “Səndən ötrü can verməyə cümlə hazırıq, Şanlı Vətən Azərbaycan” dedik. Biz bir olub Vətən oğlunu bağrımıza basıb çıraq işığında müstəqil müasir Azərbaycanın təməlini qoyduq. 

Bax burada, Naxçıvanda, həmin neft çırağının işığında dahi rəhbər gələcəyimizə işıq salan sərəncamlar imzaladı. Hər sahədə olduğu kimi, enerji istehsalı sahəsində də mühüm işlər görüldü. Yeni-yeni su elektrik stansiyaları inşa olundu. Heydər Əliyev Günəşi öz əməlləri ilə yurdumuzu nura qərq etdi.

Gün o gün oldu, qonşu dövlətlərdən gələn elektrik enerjisi ilə yandı evimizin işığı. Amma dünyanın belə siyasi gücünə və diplomatiyasına heyran qaldığı Heydər Əliyevin Naxçıvanın gələcəyi üçün olan planlarından biri də böyük elektrik stansiyalarının inşa olunması idi. Dahi rəhbərin Naxçıvana rəhbərlik etdiyi illərdə bu istiqamətdə bir çox mühüm addımlar atıldı. Sonrakı illərdə Naxçıvanda Ulu Öndərin  davamçısının rəhbərliyi ilə  inşa olunan su, külək, Günəş elektrik stansiyalarında istehsal olunan enerji ilə yurdumuz nura boyandı. “Qonşuya ümidli olan şamsız qalar” atalar sözü də tarixin tozlu rəflərində qaldı. Çünki daha biz qonşuya yox, onlar bizə ümidli olub. Naxçıvandakı  su, günəş, külək elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisini qonşu dövlətlərə ixrac edirik.  Naxçıvan artıq  “yaşıl enerji” zonasına çevrilib. Bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Azərbaycan elektrik enerjisi problemi olmayan nadir ölkələrdəndir. Naxçıvan diyarının ərazisində su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilib. Bu gün də  dövlət baçşısının rəhbərliyi ilə bu sahədə işlər davam edir.

Artıq uzun illərdir ki, naxçıvanlıların “yağış yağan, külək əsən kimi elektrik enerjisi kəsiləcək” kimi bir dərdi də yoxdur. Artıq Sədərəkdə, Ordubadda, Şahbuzda dağların zirvəsində qurulan postlarda yanan çırağın al şəfəqi düşmənin gözünü kor edir.

         Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 18.08.2026 20:45