NAXÇIVAN :

07 Noyabr 2026, Şənbə

Salam, torpaq! Salam, əsgər!

...

8 il əvvəl qoyulmuş Günnüt yazılı nişan lövhəsinin qarşısında avtomobilimiz dayanır. Düz 8 il əvvəl bu lövhənin önündə keçirdiyimiz hissləri yenidən yaşayır, anı fotokameramızın yaddaşına köçürürük. Hər ötən gün bir tarixdir, şahidi olduğumuz zəfər müjdələri isə tariximizin qızıl səhifələridir. Bu səhifələri yaddaşlara köçürmək, onlar haqqında yazmaq, gələcək nəsillərə çatdırmaq qələmin müqəddəs vəzifəsidir. Qoy gələcək nəsillər oxusun və bilsinlər ki, bu torpaqlar hansı çətinliklər, hansı itkilər hesabına qorunub, qorunur və qorunacaq.
Yol yoldaşımız mayor Coşqun Cəfərov bizə bələdçilik edir. Məsafə uzandıqca yol çətinləşir. Avtomobilimiz gah enişə, gah yoxuşa qalxır, sərt döngələrdən, bəzən də ensiz yollardan keçərək uca dağların zirvəsinə doğru irəliləyir. Maşının şüşəsindən ətrafı seyr edirik. Diqqətlə müşahidə apardığımızı görən bələdçimiz bildirir ki, torpaqlar azad edildiyi gündən bu ərazilərdən kənd təsərrüfatı məqsədilə istifadə olunur. Havalar soyuduğundan yay aylarında istifadə edilən tövlələr, çəkilən hasarlar indi boş qalıb. Arıçılar da, fermerlər də artıq arana eniblər. Yolun solunda, dağın yamacında quraşdırılmış iri lövhə də diqqətimizi çəkir. Bu, 2018-ci ildə baş vermiş hadisə nəticəsində şəhid olan əsgərlərin adlarının əks olunduğu xatirə lövhəsidir. Vətənə xidmət yolunda şəhidlik zirvəsinə ucalanlar heç zaman unudulmur...

Şəhid Adil Tatarovun ruhuna ehtiramla

Uca dağların zirvəsində yerləşən postlardan birinin qarşısında dayanırıq. Bura həmin postdur – əsgər Adil Tatar­ovun şəhid olduğu mövqe. Onun şəhadətindən sonra posta Vətən oğlunun xatirəsinə ehtiram əlaməti olaraq “Tatar postu” adı verilib, xatirə lövhəsi qoyulub. Ehtiramla anırıq. Əzəmətli dağların qoynunda, Vətən keşiyində dayanan müzəffər Ordumuzun hərbi qulluqçuları ilə həmin günləri  xatırlayırıq.
Aprel zəfərindən iki il sonra keçirilən Günnüt əməliyyatı Ordumuzun növbəti uğuru idi. Düşmən 2018-ci ildə növbəti təxribata əl atmış, mövqelərini daha da irəli çəkməyi planlaşdırmışdı. Lakin düşmən gözləmədiyi mənzərə ilə qarşılaşdı. Hərtərəfli düşünülmüş və dəqiqliklə planlaşdırılmış hərbi tədbirlər nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində azad edildi, yeni mövqelər nəzarətə götürüldü. Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alındı. Əməliyyat zamanı əsgər Adil Tatarov şəhidlik zirvəsinə yüksəldi. Bu gün onun adı unudulmur. Əksinə, xidmətə yeni gələn gənc əsgərlər üçün əsl vətənpərvərlik örnəyinə çevrilib.

Bir ocaq başında bir isinməsək...

Dağları dövrələyən, düşmənə gözdağı olan daha bir posta yollanırıq. Burada əsgərlərlə görüşür, məişət şəraiti ilə maraqlanırıq. Təmizlik, səliqə-sahman göz oxşayır. Döyüş növbətçiliyində olan hərbi qulluqçular ayıq-sayıq dayanaraq üzərlərinə düşən vəzifəni yerinə yetirirlər.
Müsahibim baş leytenant Hüseyn Quliyev Heydər Əliyev adına Hərbi Liseyin məzunudur. 2020-ci ildə Vətən müharibəsinin ilk günlərindən Murov istiqamətində gedən döyüşlərə qatılıb. 2022-ci ilin sentyabr döyüşlərində, 2023-cü ildə isə antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində şücaət göstərib. “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Bir ildir ki, xidmətini Əlahiddə Ümumqoşun Orduda davam etdirir. Burada gənc əsgərlərlə öz təcrübəsini bölüşür, onlara döyüşçü ruhu aşılayır.
Əsgər Qadir Hüseynovla həmsöhbət oluruq. Bakı şəhərindəndir. Artıq 16 aydır ki, gecə-gündüz Vətənin keşiyində dayanır. Deyir ki, bu müddət ərzində daha məsuliyyətli olmağı, hərbi tabeçilik qaydalarına riayət etməyi, komandirlərindən Vətəni sevməyi və onun müdafiəsində ayıq-sayıq dayanmağı öyrənib.
Əsgər Amin Qanzayev Zaqatala rayonunun Yuxarı Tala kəndindəndir. Bildirir ki, qalib Azərbaycan Ordusunun sıralarında xidmət etmək onun üçün böyük qürurdur. Gündəlik vəzifələrini ruh yüksəkliyi ilə yerinə yetirdiyini deyir.
Nahar vaxtı olduğundan bizi yeməyə dəvət edirlər. Əsgər süfrəsinə qonaq oluruq. 44 günlük Vətən müharibəsi zamanı xalqla Ordunun birliyi gözlərimiz önündə canlanır. Həmin günlərdə insanlarımız arxa cəbhədə ayıq-sayıq dayanmış, əsgərlərimizin döyüş ruhunun yüksək olması üçün hər cür dəstək göstərmişdilər. İndi isə əsgərlərlə bir süfrə arxasında əyləşir, duz-çörək kəsirik. Şair necə də gözəl deyib:
Bir ocaq başında bir isinməsək,
Sən kimə gərəksən, mən kimə gərək.

Dağların başında ərənlər yaşar

Yolumuza davam edirik. Dağların başında qartallar qıy vurur. Videoqrafımız Səhnə Tağızadəyə bu mənzərəni lentə almağı tapşırıram. Qartallar qanadlarını geniş açaraq sanki bu dağların sahibi olduqlarını bəyan edirlər. Bax, əsgərlərimiz də bu dağların zirvəsində yay-qış, isti-soyuq demədən döyüş növbətçiliyinə çıxır, ana balasını qoruyan kimi Vətəni göz bəbəyi kimi qoruyurlar.
Daha bir yerdə avtomobilimiz dayanır. Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə ucaldılmış bulaq-abidənin suyundan içirik. Onu ehtiramla yad edirik.
Kəlbəcər rayonunun Boyaqlı kəndindən olan Anar Əliyev Naxçıvanda xidmət edib. 44 günlük Vətən müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2018-ci ildə Günnüt əməliyyatında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun təcrübəli zabiti kimi yaxından iştirak edib. Bu gün onun qəhrəmanlığı və şücaəti əsgərlərə nümunə göstərilir.
Əsgər Sənan Cabbarov deyir ki, Anar Əliyev kimi qəhrəmanlarımızın bizə əmanət etdiyi torpaqları göz bəbəyi kimi qoruyurlar: “Əslən Tovuz rayonundanam. Vətənin hər guşəsi bizim üçün əzizdir. Onun hər qarışını qorumaq borcumuzdur. Burada təminatımız yüksək səviyyədədir. Xidmətimiz üçün zəruri olan bütün şərait yaradılıb”.
Bu torpaqlarda neçə-neçə igid can verib, neçə-neçə qəhrəmanın şücaəti ilə düşmən ayağı bu yerlərdən təmizlənib. Dağlar da öz qəhrəmanlarının adını yaşadır, onların igidliyi ilə öyünür. Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Əliyevin adı da bu zirvələrdə ehtiramla anılır...

Yüksəkliklərə doğru

Yüksəkliyə doğru irəliləyirik. Səkkiz il əvvəl piyada, çətinliklə qalxdığımız dağların qoynunda salınmış yolla avtomobilimiz hərəkət edir. Ərazinin etibarlı müdafiəsinin təşkili, bölmələrin manevr imkanlarının artırılması, eləcə də təminat və təxliyə işlərinin həyata keçirilməsi məqsədilə 50 kilometrdən artıq yeni yol çəkilib, 60 kilometrdən artıq yararsız yol bərpa edilib. 
Prezident İlham Əliyev də Günnüt əməliyyatını Ordumuzun peşəkarlığının mühüm göstəricisi kimi səciyyələndirmiş, bu əməliyyatın böyük Qələbəyə gedən yolda strateji əhəmiyyətli hərbi uğur olduğunu vurğulamışdı: “Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”.
Kapitan Yunis Quliyev bizi qarşılayır. Vətən müharibəsində, 2022-ci ilin sentyabr döyüşlərində və 2023-cü ilin antiterror əməliyyatında iştirak edən kapitan Yunis Quliyev səkkiz aydır ki, xidmətini Əlahiddə Ümumqoşun Orduda davam etdirir. Heydər Əliyev adına Hərbi Liseyin məzunu olan müsahibim “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
O deyir: “Əsgər ayağı dəyməmiş torpaq bizim deyil. Sərt qayalara qalxmaq cəsarət tələb edir. Bura hər hansı texnika ilə azad ediləcək yer deyil. Günnüt əməliyyatı Ordumuzun ən uğurlu əməliyyatlarından biridir. Burada hamı bir-birinə kürəyini söykəyib. 2018-ci ildən ön mövqelərdə xidmət edirəm. Gəncliyimin ən gözəl çağları bu dağlarda keçib. Vətənimin hər daşını, qayasını qorumaq artıq mənim həyat amalıma çevrilib. Əsgərlərlə günün nizam qaydalarına uyğun iş aparılır. Dərslər keçirilir, onlar döyüş növbətçiliyinə cəlb olunurlar. Torpaqlarımızın bütövlüyü layiqincə qorunur. Bölmələrdə hər cür şərait yaradılıb. Bütün postlarda televizorlar, qəzet guşələri var. Dünyada və ölkəmizdə baş verən hadisələr şəxsi heyətə gündəlik çatdırılır”.
Sırada dayanan əsgərlərlə salamlaşırıq. Öyrənirik ki, Cəlilabad rayonunun Günəşli kəndindən olan əsgər Bəfadar Cabbarovun doğum günüdür. Onu təbrik edirik. Hər bir əsgər düşmənə qarşı sipər, Vətənə dayaqdır. Sərt qayaların zirvəsində öz xidmətini sədaqətlə yerinə yetirən hər bir hərbi qulluqçu bu Vətənin fəxridir. Qış fəsli ilk olaraq bu yerlərdə özünü göstərəcək. O zaman yollar bağlanacaq, gediş-gəliş çətinləşəcək. Qarın üstündə mətanətlə dayanan Azərbaycan əsgərini isə yenə şükranlıqla xatırlayacağıq. Tanrı sizi qorusun, Vətən əsgəri!

Sonuncu güllə və ya son söz əvəzi

Dərələyəz silsiləsi boyunca uzanan dağların əhatəsindəki kəndlərə durbinlə baxanda elə bil salam verəcək qədər yaxın görünür. Arpa, Aynəzir, Qoytul – Qərbi Azərbaycan torpaqları...
Tarix heç zaman unudulmur.  O, cild-cild kitablara həkk olunur, eyni zamanda ruhumuza, ürəyimizə yazılır. Bu gün olmasa da, sabah hansısa dağın üstünə çökmüş qara buludlar mütləq çəkilib gedir. Necə ki, səkkiz il əvvəl Günnüt kəndi və ətrafındakı 11 min hektara yaxın ərazi üzərindən də qara buludlar çəkildi. Biz o tarixi, həmin tarixi anlarda qəhrəmanlıq göstərərək tarixə düşən igidləri heç zaman unutmayacağıq. Şərurun Günnüt kəndi 1992-ci ildə düşmən hücumuna məruz qalmışdı. Həmin dövrdə təkcə Düdəngə kəndindən 32 polis əməkdaşı ön cəbhədə düşmənlə üz-üzə dayanmışdı. Onlardan biri də Asəf Rəhimov idi. Sədərək döyüşlərinin iştirakçısı olan Asəfin müdafiə etdiyi ərazilər Günnüt kəndi və onun ətrafı idi. Günnüt kəndi müdafiə mövqelərini möhkəmləndirmək baxımından ermənilər üçün mühüm strateji əhəmiyyət daşıyırdı.
Sədərəkdə qızğın döyüşlər gedərkən düşmən müdafiə qüvvələrimizi parçalamaq məqsədilə Günnüt kəndini də atəşə tuturdu.  Qeyri-bərabər döyüşdə Mərdan Abbasov adlı döyüşçü ağır yaralanır, polis əməkdaşlarını atəş xəttindən çıxaran digər döyüşçü isə mühasirəyə düşür. Bu, “Əlibaba” ləqəbi ilə düşmənin canına vəlvələ salan Asəf   Rəhimov idi. Son ana qədər erməni silahlılarına qarşı təkbaşına döyüşən “Əlibaba” 17 nəfər silahdaşının həyatını xilas edir. Dörd bir tərəfdən mühasirəyə  alınan qəhrəman sonuncu gülləsini özünə sıxır...
Asəf Rəhimov Günnütün ilk şəhidi və müdafiəçisi kimi adını tarixə qızıl hərflərlə yazdırır. Həmin il onun şücaəti haqqında qəzet səhifələrində silsilə yazılar dərc olunur, qəhrəmanlığı örnək göstərilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli        Sərəncamı ilə Asəf Bayram  oğlu Rəhimov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilir. Bu torpaqların hər qarışında ata-babalarımızın qəhrəmanlıq dastanı yazılıb. Hər qarışı şəhid qanı ilə yoğrulub. Bu torpaqlara ayaq basanda da ehtiyatla, sevgi və ehtiramla addımlamaq lazımdır. Çünki torpağın da ruhu var.
Vətən torpağına, Vətənin əsgərinə böyük ehtiramla... 

Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 07.11.2026 18:09