Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada...
00:32 08.11.2026
0
0
0
NAXÇIVAN :
08 Noyabr 2026, Bazar
Tarix xalqların taleyinə elə sınaqlar yazır ki, onların nəticələri təkcə bir nəslin deyil, əsrlər boyu yaşayan bütün nəsillərin yaddaşında qalır. Bəzən bir xalqın haqqı onilliklər, hətta yüzilliklər ərzində əlindən alınır, tarixi torpaqları üzərində yad iddialar irəli sürülür, milli iradəsinin müxtəlif siyasi və hərbi vasitələrlə qırılmasına çalışılır. Ancaq tarix həm də sübut edir ki, heç bir ədalətsizlik əbədi deyil, milli iradə və dövlətçilik əzmi qarşısında süni maneələr sonsuzadək davam gətirə bilməz. Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər məhz bu həqiqətin müasir tariximizdəki ən parlaq təzahürüdür. Bu, təkcə 44 günlük müharibənin nəticəsi deyil, uzun illər ərzində formalaşan dövlətçilik strategiyasının, güclənən iqtisadiyyatın, müasir ordu quruculuğunun, milli birliyin və tarixi torpaqlarımıza qayıdış əzminin məntiqi yekunudur. Azərbaycan xalqı, təxminən, iki əsr ərzində müxtəlif xarici siyasi dairələrin ideoloji, mənəvi və hərbi təhdidləri ilə üzləşmiş, tarixi torpaqlarına qarşı əsassız iddiaların və ərazi itkilərinin ağır nəticələrini yaşamışdır. “Böyük Ermənistan” ideyası ətrafında formalaşdırılan iddialar, regionda həyata keçirilən məqsədyönlü siyasət və daxili siyasi böhranlar xalqımızın taleyində dərin izlər buraxmışdır. Lakin 1990-cı illərin əvvəllərində ölkəni uçuruma sürükləyən proseslərin qarşısının alınması, dövlətçiliyin qorunması və inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində tarixi dönüş baş verdi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində ölkəmizdə siyasətin əsas istiqaməti milli maraqların qorunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, respublikanın hərtərəfli inkişafına və ərazi bütövlüyümüzün bərpasına yönəldi. Azərbaycançılıq ideologiyası əsasında gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, nəhəng iqtisadi layihələr vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat və ticarət marşrutlarına qoşulması, iqtisadi potensialın gücləndirilməsi, paralel olaraq həyata keçirilən ordu quruculuğu tədbirləri ölkəmizin müstəqilliyini daha da möhkəmləndirdi, Azərbaycanı regionun nüfuzlu dövlətinə çevirdi. Ulu Öndər yolunun ən böyük təntənəsi isə məhz 2020-ci ilin 44 günündə yaşandı. Sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları noyabrın 8-də Şuşanın azad edilməsi ilə tarixi Zəfərlə taclandırıldı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistan hərbi məğlubiyyətin nəticələrini qəbul etməyə və işğal altında saxladığı digər əraziləri boşaltmağa məcbur oldu. Beləliklə, Azərbaycan 30 ilə yaxın müddətdə kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücü və siyasi iradəsi hesabına təmin etdi. Müzəffər Ali Baş Komandan qüdrətli Ordumuzla birlikdə tarixi ədalətin bərpasına nail oldu, Ulu Öndərin ən böyük arzularından birini gerçəkləşdirdi, torpaqlarımızı işğaldan azad etdi. Dövlət başçısının 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində dediyi kimi: “Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə tarixi Zəfərimiz hüquqi cəhətdən də əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin Qələbəmizdəki müstəsna rolu nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə qalib Ordunun Müzəffər Ali Baş Komandanı Şuşa şəhərində üçrəngli bayrağımızı əbədi yüksəkliyə ucaltdı...
Tarixə qızıl hərflərlə yazılan 2020-ci ilin 44 gününə aparan yolun hər mərhələsi, Böyük Qələbəni şərtləndirən amillərin hər biri özlüyündə mühüm əhəmiyyət daşıyır. Ən həlledici amillərdən biri, şübhəsiz ki, dövlət başçısının rəhbərliyi ilə güclü və nizami hərbi birləşmələrin formalaşdırılması istiqamətində həyata keçirilən ordu quruculuğu siyasətidir. Bu xüsusda müdafiə sənayesinin inkişafı, ordunun ən yeni texnika və texnologiyalarla təchiz edilməsi ilə yanaşı, milli kadr potensialının artırılması, hərbi qulluqçuların peşəkarlığının və döyüş hazırlığının yüksəldilməsi də əsas prioritetlərdən olub. Çünki Qalib Liderin də vurğuladığı kimi, nə qədər güclü texnika və texnologiya olsa da, bayrağı yüksəldən, onu azad edilmiş torpaqlarda dalğalandıran əsgər və zabitdir. Vətən uğrunda sinəsini sipər edən, torpaq uğrunda canından keçən məhz Azərbaycan əsgəridir.
Bu mənada, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, dövlətin milli ideologiya və Azərbaycançılıq siyasətinin mühüm istiqamətlərindən biri kimi, 44 günlük müharibədə özünü ən bariz şəkildə göstərdi. Misilsiz Qələbədə XXI əsrin gənclərinin rolu həlledici oldu. Prezident İlham Əliyev çıxışlarının birində bu məqama xüsusi toxunaraq deyib: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”.
Bəli, vətənpərvərlik ruhunda yetişən qətiyyətli Azərbaycan əsgər və zabiti 44 gün ərzində bir addım belə geri çəkilmədi. Cəbhəboyu ərazilərdə “Ancaq irəli!” çağırışı ilə döyüşən qəhrəmanlarımız düşmənin keçilməz hesab etdiyi müdafiə sədlərini yarıb keçdilər, dağları aşdılar, sıldırım qayalara dırmaşaraq Şuşa qalasına yüksəldilər, yaxın məsafəli döyüşlərdə misilsiz şücaət göstərərək tariximizin unudulmaz qəhrəmanlıq salnaməsini yazdılar. Bu qəhrəmanlıq salnaməsində ölkəmizin bütün bölgələrinin, o cümlədən Naxçıvanın mərd oğullarının da əvəzsiz və danılmaz payı vardır.
Böyük Qələbəni yaxınlaşdıran ən vacib amillərdən biri də “dəmir yumruq” ətrafında sıx birləşən xalqımızın həmrəyliyi və birliyi oldu. Sentyabrın 27-dən etibarən peşəsindən, mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlının ürəyi cəbhə ilə döyünür, hamı məğrur əsgərlərimizin qələbəsi naminə əlindən gələni əsirgəmirdi. Müzəffər Ali Baş Komandan bir tərəfdən cəbhədə gedən döyüşləri koordinasiya edir, xalqımıza zəfər müjdələri verir, digər tərəfdən xarici jurnalistlərin suallarını ətraflı cavablandırır, xüsusilə də apardığımız ədalətli müharibəyə qərəzli yanaşan media nümayəndələrinin və siyasi dairələrin iddialarına tutarlı cavablar verirdi. 44 gün ərzində Prezident İlham Əliyevin 11 ölkənin 26 media qurumuna verdiyi müsahibələrdə beynəlxalq hüququn prinsipləri, tarixi həqiqətlər və yeni siyasi reallıqlar geniş şəkildə diqqətə çatdırıldı.
Vətən müharibəsi ilə Azərbaycan təkcə Ermənistanın hərbi təcavüzünə qarşı mübarizə aparmır, eyni zamanda ölkəmizə yönələn siyasi, iqtisadi və informasiya təzyiqləri ilə də üz-üzə qalırdı. Lakin bütün bu çətinliklər qarşısında xalqımızın nümayiş etdirdiyi birlik və əzm qələbəyə inamı daha da gücləndirirdi. Övladları Vətən uğrunda şəhid olan anaların dilindən səslənən “Bir ana olaraq mənim üçün çox çətindir. Evimin tək oğlu idi. Vətən sağ olsun, oğlum Vətən yolunda şəhid oldu”, “Az, amma qürurlu və mərd yaşadı. 10 oğlum olsa, onunu da Vətənə qurban verərdim. Təki, Vətən sağ olsun” kimi ifadələr xalqımızın mübarizə əzminin, Vətənə bağlılığının və sarsılmaz iradəsinin ən təsirli nümunələrindəndir. Bu sözlər bir daha sübut edirdi ki, Azərbaycan xalqı üçün Vətən torpağı hər şeydən üstündür.
Vətən müharibəsində qazanılan tarixi Zəfərin böyüklüyü həm də ondadır ki, bu Qələbə nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsi siyasi yolla təmin olundu. Dövlət başçısının siyasi iradəsi ilə 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat atəşkəsin təmin olunmasına, eləcə də həmin ərazilərin mərhələli şəkildə Azərbaycana qaytarılmasına hüquqi-siyasi zəmin yaratdı. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bütün ərazisində tam bərpa etdi. Beləliklə, ölkəmiz beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmini bir daha nümayiş etdirdi.
Zəfərin beşinci ildönümü ərəfəsində – 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalarla Azərbaycan hərbi meydanda qazandığı tarixi Qələbəni diplomatik müstəvidə də möhkəmləndirmək istiqamətində mühüm addım atdı. Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, qətiyyətli siyasətlə qazanılan Zəfər yalnız ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə məhdudlaşmır, həm də regionun gələcək siyasi mənzərəsinin formalaşmasına təsir göstərir. Bu gün Cənubi Qafqazda ədalətli və davamlı sülhün, qarşılıqlı əməkdaşlığın əsaslarının yaradılması da həmin tarixi Qələbənin formalaşdırdığı yeni reallıqların məntiqi davamıdır. Dövlət başçısının bu il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər də bu reallıqların mahiyyətini və tarixi əhəmiyyətini aydın ifadə edir: “Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan – İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”.
Vaşinqtonda imzalanan Birgə Bəyannamə və sülh sazişinin mətninin paraflanması regionda uzunmüddətli sülhün təmin olunması, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb. Azərbaycanın əsas məqsədi isə əldə etdiyi tarixi nailiyyətləri qorumaqla regionda təhlükəsiz, sabit və əməkdaşlığa əsaslanan mühitin formalaşmasına nail olmaqdır. Müharibə meydanında öz gücünü nümayiş etdirən ölkəmiz indi də regional nəqliyyat, logistika, enerji və iqtisadi əməkdaşlıq layihələri vasitəsilə yeni inkişaf perspektivləri yaradır.
Bu kontekstdə Naxçıvanın geosiyasi əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi, Zəngəzur dəhlizi çərçivəsində nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi diyarın uzun illər üzləşdiyi blokada məhdudiyyətlərinin aradan qaldırılması üçün mühüm perspektivlər açır. Bu, təkcə Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanlarının genişlənməsi deməkdir.
Misilsiz Qələbədən ötən dövrdə Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış siyasətini uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurun hər qarışına həyat qayıdır, soydaşlarımız doğma yurdlarına dönür, yeni yaşayış məntəqələri salınır, təhsil, səhiyyə və mədəniyyət müəssisələri fəaliyyətə başlayır, tarixi abidələrimiz bərpa olunur. Zəngilanda, Füzulidə, Laçında, Şuşada, Xocalıda və Xankəndidə dalğalanan üçrəngli bayrağımız müstəqilliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin rəmzi kimi xalqımızın qürur mənbəyinə çevrilib. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da bu tarixi Qələbəni böyük fəxarət hissi ilə qeyd edir, onu xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və şəhidlərimizin qəhrəmanlığının təntənəsi kimi dəyərləndirirlər. Zəfərin nişanələri bu gün həyatımızın hər sahəsində görünür, xalqımıza çalışmaq, yaratmaq və daha böyük hədəflərə doğru inamla irəliləmək əzmi aşılayır.
Tarixi Zəfərin əsas qaynağı xalqımızın torpağa bağlılığı, müstəqilliyə sədaqəti və milli iradəsidir. Təxminən, ikiəsrlik tarixi ədalətsizlikdən doğan ağrıların, 30 illik işğalın, didərginlik və həsrətin ardından Azərbaycan xalqı öz tarixinin yeni, möhtəşəm səhifəsini yazdı. Bu səhifədə Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, dövlətimizin gücü, xalqımızın birliyi və azad edilmiş torpaqlarımızın dirçəlişi əks olunur. Zəfər Günü məhz buna görə bizim üçün yalnız təqvimdə qeyd olunan bayram deyil, milli yaddaşın, tarixi məsuliyyətin və gələcəyə inamın rəmzidir. Zəfərimiz tariximizin qürur səhifəsi, şəhidlərimizin əbədi xatirəsi, gələcək nəsillərə ən böyük mirasımızdır.
Qələbən əbədi, Zəfərin mübarək olsun, Azərbaycan!
Nail ƏSGƏROV
Digər xəbərlər