NAXÇIVAN :

18 Mart 2025, Çərşənbə axşamı

NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib

...

Brifinqdə təqdimatla çıxış edən Elbrus İsayev NDU-da elmi fəaliyyətin və tədrisin təşkili, tələbəyönümlü təhsil proqramları, beynəlxalq elm mühitinə inteqrasiya imkanları, ötən dövr ərzində Dövlət Proqramının icrası istiqamətində reallaşdırılmış layihələr və görüləcək işlər, tədris prosesinin elektronlaşması,  əsas strateji inkişaf prioritetləri, universitetin beynəlxalq reytinqlərdə mövqeyi və təhsilin digər aktual mövzuları barədə ətraflı məlumat verib.
Rektor vurğulayıb ki, Naxçıvan Dövlət Universiteti ölkədə yeganə kampuslu universitet olub, 10 fakültə, 45 kafedra, Magistratura və doktorantura mərkəzi, Əcnəbi təhsilalanlarla iş və hazırlıq mərkəzi, 3 kollec (Naxçıvan Musiqi Kolleci, Naxçıvan Texniki Kolleci və Naxçıvan Tibb Kolleci), 1 Beynəlxalq Məktəb (NDU Beynəlxalq Kembric Məktəbi) və 1 gimnaziyası (İngilis dili Təmayüllü Gimnaziya) olan müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsidir.  
Naxçıvan Dövlət Universitetinin beşillik strateji inkişaf planından bəhs edən rektor 2023-2027-ci illəri əhatə edən  əsas strateji inkişaf prioritetləri kimi təhsil, tədqiqat, beynəlmiləlləşmə və resurslar müəyyənləşdirildiyini, ümumilikdə, ali təhsil ocağının tədqiqat universitetinə çevrilməyi hədəflədiyini vurğulayıb.
Universitetin son 5 illik fəaliyyət dövründə əldə olunan nailiyyətlərdən söz açıb, xüsusilə 2024-cü ildə bütün istiqamətlərdə irəliləyişlər olduğunu, yüksək göstəricilər qeydə alındığını diqqətə çatdırıb. Qeyd edib ki, 2024-cü il NDU tarixində 2198 nəfər tələbənin təhsilini bitirməsi ilə ali təhsil ocağının ən çox məzun verdiyi il olub. Həmçinin  2024-cü ildə Dövlət İmtahan Mərkəzinin ölkə üzrə keçirdiyi dövlət qulluğuna qəbul imtahanlarında NDU-nun məzunları ən yüksək nəticəni göstərib, universiteti lider ali məktəbə çeviriblər. 
Rektor Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin 2024-cü ildə növbəti 5 illik fəaliyyətinə lisenziya verilməsi üçün TKTA tərəfindən akkreditasiya olunduğunu bildirib və universitetin 2024-cü il ərzində əldə etdiyi bir çox  uğurları nəzərə çatdırıb. 
Vurğulayıb ki, hazırda NDU-da bakalavr, magistratura, rezidentura və doktorantura daxil olmaqla, 250-ə yaxın proqram üzrə hazırlıq aparılır. Ali təhsil ocağının dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələri var. Əcnəbi tələbə kontingentinə görə ölkə universitetləri arasında  sıralamada öndədir və NDU-da 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbə təhsil alır. Universitetdə Azərbaycan dili ilə yanaşı, tədrisi ingilis dilində olan ixtisaslar da var. 
Həmçinin Naxçıvan Dövlət Universitetində tələbəyönümlü təhsil sisteminin tətbiqi, tələbələrin təcrübə müddətində aktiv iştirakı, təcrübə statisikası barədə məlumatları diqqətə çatdırıb. Eyni zamanda orta məktəblərdə nümunəvi dərslər təşkil edilməklə tədris prosesinə dəstək və təcrübə mübadiləsində xüsusi önəm daşıyan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə NDU arasında imzalanan Əməkdaşlıq Memorandumunun əhəmiyyətindən bəhs edib.    
Rektor bildirib ki, universitetdə təhsilin dörd istiqaməti üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Ali təhsil ocağında kadr hazırlığı ilə 561 nəfər professor-müəllim heyəti məşğul olur. Hər il də elmi dərəcəlilərin kadr potensialı artır ki, 2024-cü ildə bu rəqəm 232  nəfərə çatıb. Halbuki 2020-ci ildə heyətdə elmi dərəcəlilərin sayı 34% idisə, hazırda bu 41%-dən çoxdur. Təkcə son ildə universitetdə əməkdaşların sayı  10%-dək artıb, bunun da orta hesabla 50%-i elmi dərəcəlilər təşkil edib.
Rektor Elbrus İsayev brifinqdə 2023-2024-cü tədris ilində Naxçıvan Dövlət Universitetində bakalavr təhsil səviyyəsinə 2 və magistratura təhsil səviyyəsinə 5 yeni ixtisaslar üzrə qəbul barədə məlumatları çatdırıb. Xüsusilə 2024-2025-ci tədris ilindən etibarən tədrisi ingilis dilində olan Tibb ixtisasına diqqət çəkib.  Rektor 2024-cü ilin NDU üçün bir sıra strateji hədəflərin uğurlu icrası ilə yadda qaldığını qeyd edib, bütün istiqamətlərdə əldə olunan nəticələr barədə aşağıda sadalanan başlıqlar əsasında statistik məlumatları təqdim edib. 
Hər bir əməkdaşa düşən nəşr sayında artım müşahidə olunub. 2020-ci ildə universitet üzrə cəmi nəşr sayı 579 olmuşdur ki, 1 akademik heyətə düşən nəşr sayı 1,3 olmuşdur. 2024-cü ildə nəşr sayı 2400-dən çox olmuşdur ki, 1 akademik heyətə düşən nəşr sayı 4,3 olmuşdur. Son 5 ildə nəşr sayı 4 dəfədən çox artmışdır. 1 akademik heyətə düşən nəşr sayı 3,3 dəfə artmışdır ki, bu da əvvəlki illərin ən yüksək göstəricisidir. 
Əməkdaşların elmmetrik bazalara qeydiyyatında ciddi artım qeydə alınıb. 2024-cü ildə NDU alimlərinin Scopusda indekslənmiş məqalələrinin sayı 2023-cü illə müqayisədə 5 dəfə, Web of Science-də indeksləşmiş nəşr sayı 2 dəfə artıb. 
Xarici ölkə əməkdaşları ilə birgə elmi tədqiqatların təşkili aparılıb. 2024-cü ildə NDU alimlərinin SCOPUS-da indekslənmiş məqalələrinin 44%-i 10 ölkənin, Web of Science-də indekslənmiş məqalələrin isə 57%-i  9 ölkənin alimləri ilə həmmüəllifli yazılıb. Elmi tədqiqatlar kafedralar nəzdində fəaliyyət göstərən tədqiqat mərkəzləri və laboratoriyalarda aparılır.
NDU həm ölkə, həm də respublika səviyyyəli konfransların təşəbbüsçüsü və ev sahibi kimi böyük layihələrə imza atıb. 2024-cü ildə 27 konqres, konfrans və simpozium keçirilib. Bunlardan 13-ü beynəlxalq, 13-ü respublika, 1-i ali məktəb daxili elmi tədbirlər olub. “Qərbi Azərbaycana qayıdış”, “Tibbi forum”,“Apiterapiya və təbiət”, “İpək yolu”,  “Azərbaycan Psixoloqlar Forumu”, “Süni intellekt: nəzəriyyədən praktikaya” kimi layihələr xüsusilə diqqət çəkib.  Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar universitetdə konfrans, konqres, festival və digər təşkilati tərkibli  37 tədbir baş tutub. COP29 çərçivəsində 27 müxtəlif tərkibli fəaliyyət icra edilib.
NDU-nun təşkilatçılığı ilə 4 min nəfər gənc məzunun və 40-a yaxın dövlət, özəl qurumların iştirakı ilə ilk dəfə karyera sərgisi açıldı.  
Universitet əməkdaşlarının elmi göstəricilərində yüksək impakt faktorlu nəşrləri ötən illərlə müqayisədə ciddi artımla izlənilib.  Scopus və Web of Science bazalarında nəşr sayı 63 olub ki, bu da ötən illərlə müqayisədə ciddi artım deməkdir. Scopus və Web of Science məqalələrinin sayı son 5 ildəki nəşrlərin sayından artıq olub. 
Elmi-tədqiqat işlərinin informasiya təminatını təşkil etmək üçün universitetdə “Elmi əsərlər” jurnalı nəşr olunur. Jurnal 2024-cü ildən etibarən DOİ (Digital object identifier) kodu ilə bütün elm sahələrini əhatə etməklə ildə 4 nömrədə nəşr olunub və Crossref bazasında indeksləşdirilib, nəşrlərin Google scholar-da görünməsi təmin edilib. 2024-cü ildə “Elmi əsərlər” jurnalında 100 məqalə 137 müəllif tərəfindən yazılmışdır ki, bunlardan 67 məqalə Naxçıvan Dövlət Universiteti əməkdaşlarının məqalələridir. 
NDU beynəlxalq reytinqlərdə yer alması və irəliləməsində konkret nəticələr var. Belə ki, NDU SDG 2 üzrə dünyanın ən yaxşı 400 universiteti, SDG 4, 7, 10, 15 üzrə ən yaxşı 600 universiteti, SDG 3 üzrə isə ən yaxşı 800 universiteti arasında yer alıb.
Differensial əməkhaqıların tətbiqi həyata keçirilir. 2024-cü ildə "Akademik fəaliyyətin qiymətləndirilməsi mexanizmi" çərçivəsində 50 əməkdaşın əməkhaqqısına 1 il müddətində 10-25% stimullaşdırıcı əlavələr edilib. Scopus və Web of Science bazalarındakı hər bir nəşr üçün 1500-2500 manat, digər indeksli xarici nəşrlər üçün 100 manat, Hirş indeksi və istinadlara görə 300-500 manat, hər bir patent üçün 1000 manat məbləğində mükafatlar təqdim olunub. 2025-ci ildə universitet əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 15% artırılıb.
 “Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illərə dair sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində NDU nəzdində Gimnaziya açılıb, Kembric Universitetinin lisenziyası əsasında NDU Beynəlxalq Kembric Məktəbi fəaliyyətə başlayıb. Beynəlxalq əməkdaşlıq gücləndirilib. Universitet ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıqlar qurulub, birgə proqramların təşkili məqsədilə bir sıra səfərlər həyata keçirilib. Dünyanın Texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən Universitetdə IBM Mərkəzi istifadəyə verilib. Dövlət Proqramı çərçivəsində ölkədə ilk dəfə NDU-da 21 tələbə ilə Tibb ixtisası üzrə SABAH qrupları yaradılıb.
 NDU-da Tibb tədrisi üzrə ikinci kampus tikilməsi nəzərdə tutulub.  Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında birgə proqramların təşkili, mövcud "ikili diplom" proqramlarının icra edilməsi, müəllim və tələbərin mobilliyi, xaricdən akademik heyətin tədrisə cəlb olunması, NDU-nun akademik və  köməkçi heyətinin xarici dil bacarıqlarının inkişaf etdirilməsi, NDU-nun IELTS və SAT imtahan mərkəzlərində qrafik üzrə imtahanların uğurla keçirilməsi, IBM mərkəzinin infrastrukturunun təkmilləşdirilməsi, NDU-da təhsil alan əcnəbi tələbələrin sayının artırılması məqsədilə təşviqat işlərinin davam etdirilməsi planlaşdırılıb.
Naxçıvan Dövlət Universitetində rəqəmsallaşdırma geniş tətbiq olunub. Onlayn təhsil platformaları, elektron kitabxanalar, tələbə məlumat sistemləri (məsələn, tələbələrin dərs cədvəlləri, qiymətləri və digər məlumatlarına onlayn çıxış) və virtual laboratoriyalar yer alıb ki, bu platformalar həm tələbələrə, həm də müəllimlərə tədris və idarəetmə proseslərini asanlaşdırıb. Naxçıvan Dövlət Universitetində ilk dəfə olaraq tələbələrə “TələbəPlus” kartları təqdim olunub.  Kart sahibləri təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər sahələrdə müxtəlif güzəştlərdən yararlana biləcəklər. Nəticədə, əsas məqsəd universitetin tədris və idarəetmə proseslərini daha səmərəli və şəffaf hala gətirmək hədəflənib. 
Beynəlxalq tələbə-müəllim mübadiləsi yönündə əhatəli  fəaliyyət  təşkil olunub.
 2020-2024-cü illlərdə ikitərəfli əməkdaşlıqlar çərçivəsində 90-a yaxın müəllim-tələbə mübadilədə iştirak edib, hər il 200-dən çox Tibb fakültəsi tələbəsi Türkiyənin Hacettepe, Ege, Ankara, Qazi, Qara Dəniz Texnik Universitetlərində staj keçiblər. Dünya təcrübəsində universitetlər arasında beynəlxalq təcrübənin öyrənilməsi və ali təhsil müəssisələrinin ortaq kadr hazırlaması sahəsində mühüm əhəmiyyət kəsb edən ikili diplom proqramları tətbiq olunub.  Ali təhsilin inkişafı ilə bağlı çoxşaxəli fəaliyyətlər həyata keçirilib. 2024-cü ildə 60 müəllim üçün IELTS imtahanında iştirak universitet büdcəsi hesabına təmin edilib.  Beynəlxalq təlimlərə misal olaraq 2024-2025-ci tədris ilində dörd ay davam edən və yenicə yekunlaşmış Britaniya Şurası, BP və Naxçıvan Dövlət Universitetinin ortaq layihəsi APTIS beynəlxalq təlimini misal göstərə bilərik. İngilis dili və tədrisi ingilis dilində olan ixtisaslarda dərs deyən 40 müəllim üçün nəzərdə tutulub təlimin 13-14 mart tarixlərdə yekun imtahanı keçirilib.
Tədris və tədqiqatın keyfiyyətinin təkmilləşdirilməsi üçün əcnəbi professorların cəlbi davamlı olaraq diqqətdə saxlanılıb. 2024-2025-ci tədris ilində 17 əcnəbi professor tədris prosesinə, 20 əcnəbi professor tədqiqat prosesinə və 23 əcnəbi professor isə təlimlərə cəlb edilib. Bura Türkiyə, Yaponiya, Niderland, Amerikanın nüfuzlu  universitet və elmi-tədqiqat institutlarının alimləri daxildir. Bu da universitetin ümumi akademik heyətinin 10.7 %-ni təşkil edir.
Elmi tədqiqat bazalarının infrastrukturunun möhkəmləndirilib. Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq 2022-ci ildə NDU-da yaradılan IELTS Mərkəzi, 2023-cü ildən fəaliyyət göstərən SAT Qeydiyyat və İmtahan mərkəzinin xarici universitetlərdə təhsil almaq istəyən şagirdlərə təhsilə əlçatanlığını təmin edib. IELTS Qeydiyyat və İmtahan mərkəzində 250 müəllim, tələbə və şagird imtahan verib. 2023-cü ildən fəaliyyət göstərən SAT Qeydiyyat və İmtahan mərkəzində 216 şagird imtahan verib. Həmçinin 5 nəfər xarici vətəndaşlar İran və Türkiyə vətəndaşı imtahanlarda iştirak edib. Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq dünyanın texnologiya lideri olan IBM-lə NDU arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən region üçün IBM institutu mahiyyəti daşıyan  universitetdə IBM Mərkəzi istifadəyə verilib.Tibbin müxtəlif sahələri, həmçinin biologiya və kimya elmləri üzrə araşdırmaların aparılması məqsədilə 2024-cü ildə Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzinin açılış tədbiri olub. 2025-ci ildə keyfiyyətli təhsilə çıxış və mümkün ayrı-seçkiliyin azaldılması prinsipləri əsaslı İnklüziv Təhsil Mərkəzi fəaliyyətə başlayıb. Bir neçə gün əvvəl  dayanıqlı inkişaf prinsiplərinin təbliğinə və bu sahədə elmi araşdırmaların genişləndirilməsinə xidmət edəcək Dayanıqlı İnkişaf Mərkəzi istifadəyə verilib. 
Ali təhsil ocağının universitet-sənaye işbirliyinə dair əməkdaşlıqlar qurulub.  Sahibkarlar Konfederasiyası, "Kapital Bank" ASC,  "Ləzzət Qida Sənaye" MMC, "Cahan Holdinq", "APF Group" MMC ilə NDU arasında əməkdaşlıqlar universitetin sənaye ilə əlaqələrini möhkəmləndirib və təhsil sahəsində innovativ inkişafı dəstəklənib.
NDU Elmi Kitabxanası daim zənginləşdirilir. Hazırda Elmi kitabxananın ümumi fondunu 100 mindən artıq dərs vəsaiti və monoqrafiyadan ibarət olan 180 mindən çox ənənəvi kitab, 8 mindən artıq elektron resurs təşkil edir. Son 5 il ərzində NDU Elmi Kitabxanasında illər üzrə hazırlanmış elektron kitabların (PDF) statistikası 2020-ci ildə 144 idisə,  2025-ci ilin  3 ayı üzrə 415 ədəd təşkil edir. 
Universitetin Tələbə Elmi Cəmiyyəti (TEC), Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Turizm Könüllüləri, EMSA - Avropa Tibb Tələbələri Assosiasiyası, ELSA-   Avropa Hüquq Tələbələri Assosiasiyası, “Femida Könüllüləri” var. Tələbələr beynəlxalq layihələr Enactus və Erasmusda uğurlar qazanıb. Naxçıvan Dövlət Universitetinin Enactus komandası ardıcıl olaraq beşinci dəfə “Enactus Azərbaycan Milli Yarışı”nın qalibi olub.
NDU Tələbə təşkilatları il ərzində geniş fəaliyyət tədbirləri həyata keçirib. İncəsənət kollektivləri fəaliyyindən yaddaqalan çıxışlar olub. Hansı ki NDU-nun 150 nəfərdən ibarət Simfonik orkestrinin Azərbaycan Dövlət Akademik Filarmoniyasında möhtəşəm konsert proqramı təqdim edib. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri, NDU Tələbə Teatr Studiyası Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını nümayiş etdirib.  Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubleyinə həsr edilmiş “Naxçıvanda caz sədaları” adlı ilk konsert proqramı təqdim olunub. 2025-ci il mart ayında “Qədim xalq çalğı alətləri” ansamblı yaradılması və NDU-da ilk konserti olub. 
Rektor  Elbrus İsayev brifinqdə 2025-ci il gözlənilən yeniliklərlə bağlı açıqlamalar verib.  Bildirib ki,  Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” dair məsələlərdə Naxçıvan Dövlət Universitetinin nəzdində ikinci kampusun Tibb kampusu üçün yeni torpaq sahəsi ayrılıb. Əczaçılıq ixtisasının tədris korpusunun inşası (tədqiqat laboratoriyaları ilə birliktə), Tibb fakültəsi üçün binanın, Tibb fakültəsi üçün 500 nəfərlik konfrans zalının, Tibb kolleci üçün binanın,  Sosial xidmət mərkəzinin, açıq və qapalı idman zalının, 200 çarpayılıq tibbi tədqiqat klinikasının, 1000 nəfərlik yeni tələbə yataqxanası və 100 nəfərlik  qonaq evinin inşası bu ilin gözlənilən yenilikləridir. Rektor, həmçinin İngilis dili tibb ixtisasının beynəlxalq akkreditasiyasının təşkili də yeniliklər sırasında olduğunu qeyd edib. 
Bu il ərzində Texnologiyalar Parkının, Açıq İdman Kompleksinin, SABAH qrupları üçün SABAH Mərkəzinin, NDU Nəşriyyatın, həmçinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə NDU-nun birgə layihəsi olan İnnovasiyalar Mərkəzinin istifadəyə verilməsi gözlənilir. 
Kembric Məktəbinin ikinci tədris korpusunun inşasına başlanılması planlaşdırılır. 
Elbrus İsayev Beynəlxalq əməkdaşlıqda yeni layihələrin reallaşacağını bildirib. 
Vurğulayıb ki, NDU EMSA üzvü olan 11 Tibb fakültəsi tələbəsi Tvinninq mübadilə proqramı vasitəsilə Rumıniyanın Buxarest şəhərində Karol Davila Universitetində 10 günlük mübadilədə iştirak edəcəklər. Hətta növbəti tədris ilində mobilliyi təmin etmək məqsədilə əməkdaşlıq etdiyimiz universitetlərlə danışıqlar başlanıb. Aprel ayında 2025-2026-cı tədris ilinin payız semestrində mobillik üçün razılıq əldə edilmiş universitetlərin siyahısı elan ediləcək. Tələbə mübadiləsində gözlənilən yeniliklərdən bəhs edən rektor NDU-nun TÜRKÜNİB-ə üzv olmaq üçün müraciəti edildiyini bildirib, NDU bu təşkilata üzv olmaqla ali təhsil müəssisələri arasında tələbə mübadiləsini təşviq edən ORHUN mübadilə proqramına qoşulacaq və beynəlxalq tələbə mübadiləsi sahəsində mühüm irəliləyiş əldə olunacağını söyləyib.
Vurğulayıb ki, növbəti aylarda,  aprel və may aylarında İstanbul və Daşkənd şəhərlərində keçiriləcək təhsil sərgilərində iştirak nəzərdə tutulub.   
Dövlət Proqramı çərçivəsində reallaşan NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziya və NDU Kembric Məktəbi muxtar respublikanın təhsil sahəsində çox mühüm hadisə adlandıran rektor Elbrus İsayev  NDU Kembric Məktəbi xətti ilə təşkil olunan Avropa və İngiltərədə təşkil olunan yay məktəblərinə muxtar respublikamızın istənilən orta məktəbində təhsil alan şagirdlər müraciət edə biləcəyini diqqətə çatdırıb. Beynəlxalq olimpiadalara hazırlıq və iştirak məqsədilə Kembric Məktəbində və Gimnaziyada yeni layihələr nəzərdə tutulduğunu söyləyib.  
Ali təhsil ocağının rəqəmsallaşdırma ilə bağlı gələcək planlarından bəhs edən rektor rəqəmsal tədris materiallarının daha da zənginləşdirilməsi, rəqəmsal laboratoriyaların yaradılması, süni intellekt və maşın öyrənməsi kimi texnologiyaların təhsildə istifadəsinin artırılması, həmçinin tələbələrin onlayn kurslara və beynəlxalq təhsil resurslarına daha geniş çıxış imkanları təmin edilməsinin planlaşdırıldığını vurğulayıb. 
2024-2025-ci tədris ilinin məzun sayı 2 342 nəfər (1 620 nəfər bakalavr, 216 magistr, 506 subbakalvr ) proqnozlaşdırılır. Qəbul sayı isə 3 099 nəfər (bakalvr 2184, magistr 290, subbakalavr 625) proqnozlaşdırılır. İllər üzrə təhlillər göstərir ki, tələbə kontingenti 2020-2021-ci tədris ilində 6 008 nəfə idisə, hal-hazırda  bu rəqəm 11 163 nəfər təşkil edir, yəni 2 dəfə artıb. 
Brifinqdə sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Nəşr edilib : 17.03.2025 21:33