NAXÇIVAN :

07 Avqust 2026, Cümə

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

...

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsi ilə bağlı özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məktəbəqədər təhsilin uşaqların inkişafında mühüm rolunu qeyd edib. Uşağın inkişafının əsas hissəsi məhz erkən yaşlarda formalaşır və bu mərhələyə qoyulan sərmayə gələcəkdə cəmiyyət üçün daha böyük fayda yaradır. Nazir müavini Azərbaycan təhsil sisteminin beynəlxalq qiymətləndirmə nəticələrinin də məktəbəqədər təhsil almış uşaqların sonrakı təhsil göstəricilərinin daha yüksək olduğunu təsdiqlədiyini diqqətə çatdırıb.

Kənan Kərimzadə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə mexanizminin özəl sahibkarlar üçün yeni təşviq imkanları yaratmaqla məktəbəqədər təhsilin əhatəliliyinin genişləndirilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması qarşıya qoyulan əsas hədəflərdəndir və bu layihənin həyata keçirilməsi məktəbəqədər təhsilə çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək. Nazir müavini özəl məktəbəqədər təhsil müəssisələrini yeni mexanizmin tətbiqində fəal iştiraka dəvət edib, onların proseslə bağlı təklif və tövsiyələrinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva maliyyələşmə müsabiqəsinin şərtləri və iştirak qaydaları barədə məlumat verib.

Görüş müzakirə və sual-cavab formatında davam edib. İştirakçıların maliyyələşmə mexanizmi, müsabiqənin şərtləri və təşkilati məsələlərlə bağlı sualları cavablandırılıb, səsləndirilən təkliflər dinlənilib.

Nəşr edilib : 07.08.2026 17:27