NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanlı idmançı MDB oyunlarının mükafatçısı olub

...

Ölkəmizin ev sahibliyi etdiyi III MDB oyunları uğurla davam edir. Azərbaycan idmançıları da bu yarışmada müxtəlif növlər üzrə yüksək nəticələr göstərir. Onlar arasında Naxçıvan təmsilçiləri də var. Qeyd edək ki, boks üzrə keçirilən yarışda çıxış edərək qalib adı qazanan və bürünc medala layiq görülən Haqverdi Həsənov ona göstərilən etimadı doğrulda bilib. 

Yarış barədə təəssüratlarını bölüşən Haqverdi Həsənov hazırlıq prosesi və keçirdiyi döyüşlər haqqında danışdı:

 “Bu yarışa çox güclü hazırlaşmışdım. İlk dəfə idi ki, Azərbaycan MDB Oyunlarına ev sahibliyi edirdi və bu, biz gənc idmançılar üçün həm qürur, həm də məsuliyyət idi”.

Qeyd edək ki, həmyerlimiz ilk görüşdə Belarus idmançısı ilə qarşılaşıb. Döyüşün çox çətin keçdiyinə baxmayaraq, sona qədər mübarizə aparıb və 4:1 hesabı ilə qalib gəlib.

Növbəti döyüşdə isə Rusiya təmsilçisi ilə rinqə çıxıb: “İkinci rəqibim Rusiya idmançısı idi. Təəssüflər olsun ki, bəzi anlaşılmazlıqlara görə, bu görüşdə məğlub oldum. Lakin yarış mənim üçün böyük təcrübə oldu və nəticədə, fəxri kürsünün 3-cü yerinə layiq görüldüm”.

Haqverdi Həsənov gələcəkdə daha böyük uğurlar əldə etməyi və Azərbaycan Bayrağını zirvədə dalğalandırmaq istədiyini bildirdi.

Oxucularımızın diqqətinə onu da çatdıraq ki, bu qələbə Haqverdinin il ərzində qazandığı dördüncü uğurudur. Belə ki, məşqçi Elnur Kərimlinin yetirməsi 2025-ci ildə Avropa üçüncüsü, ölkə birincisi və beynəlxalq turnirin qalibi olub.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 07.10.2025 15:25