NAXÇIVAN :

23 May 2026, Şənbə

Naxçıvanlı idmançı dünya kubokunun sahibi olub

...

Türkiyənin Antalya şəhərində “Turkish Open WAKO World Cup” kikboksinq turniri keçirilib. "Şərq qapısı" xəbər verir ki, on birinci dəfə təşkil olunan ənənəvi dünya kuboku yarışında 43 ölkədən 97 klub və 3000-ə yaxın idmançı iştirak edib. 12-17 may tarixlərini əhatə edən yarışda Azərbaycan yığma komandası da təmsil olunub.

Yığmanın heyətində Naxçıvanda fəaliyyət göstərən “Ləvənt Bulut” döyüş klubundan baş məşqçi Etibar Qəribov, idmançılar Uğur Əliyev və Nurlan Rzayev də olub. Hər iki idmançı mükafatçılar sırasına düşməklə ölkəmizin aktivinə medallar əlavə etdiriblər. 

Gənclər arasında K1 stili üzrə 71 kq çəki dərəcəsində çıxış edən Uğur Əliyev mübarizəyə 1/4 finaldan qoşulub. İki türkiyəli rəqibini üstələyərək finala vəsiqə qazanan idmançımız həlledici görüşdə Almaniya təmsilçisi Filipp Slabçenkonu da məğlub edərək qızıl medala və kuboka sahib çıxıb. Nurlan Rzayev isə uşaqların yarışında “point fighting” növündə bürünc medalçı olub.

Nəşr edilib : 18.05.2026 12:41