NAXÇIVAN :

18 Aprel 2025, Cümə

Naxçıvanın ümumtəhsil məktəblərinin şagirdləri bu il ilk dəfə olaraq PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak edəcək

...

Aprelin 10-da Naxçıvanda PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında ilk dəfə iştirak edəcək şagirdlərlə maarifləndirici görüş keçirilib.
Naxçıvan Dövlət Universtitetinin Beynəlxalq Məktəbində keçirilən görüşdə Naxçıvan şəhər 7, 15, 17 nömrəli tam orta məktəblərin, Naxçıvan Qızlar Liseyinin,  Naxçıvan Qarnizonu tam orta məktəbinin və  Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ingilisdilli gimnaziyanın tədqiqatda təmsil olunacaq şagirdləri iştirak edib.  
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirakçıların diqqətinə çatdırıb ki, PISA–Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında ölkəmizin ümumtəhsil məktəbləri   2018-ci ildən iştirak edir. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri isə bu il ilk dəfə olaraq bu tədqiqatda iştirak edəcək. Qeyd olunub ki, tədqiqatda muxtar respublikanın 12 təhsil müəssisəsindən 328 məktəblinin iştirakı nəzərdə tutulur. Təhsil naziri təqdiqatda iştirak edən şagirdlərə uğurlar arzulayıb.   
Azərbaycan Respublikası Təhsil İnstitunun direktor vəzifələrinin icraçısı Elnur Əliyev bildirib ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik-bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır. Tədqiqatın ölkəmizdə həyata keçirilməsi Təhsil İnstitutu tərəfindən təşkil olunacaq və tədqiqatda ölkə üzrə 8 mindən artıq şagird iştirak edəcək. Bu proqrama bu il tədqiqata 91 ölkənin şagirdlərini qoşulacağını qeyd edən Elnur Əliyev qiymətləndirmənin şərtləri, qaydaları, istifadə olunan suallar və sualların cavablandırma qaydaları haqqında məktəblilərə geniş məlumat verib. Görüşdə tədqiqatla bağlı müzakirələr aparılıb,  iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 
Qeyd edək ki, həmin gün növbəti görüş Şərur və Kəngərli rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri ilə olub. Sabah isə Ordubad və Culfa rayonlarının tədqiqatda iştirak edəcək məktəbliləri ilə görüşün keçirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 10.04.2025 19:24