Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub...
00:33 11.08.2026
0
0
0
NAXÇIVAN :
11 Avqust 2026, Çərşənbə axşamı
Ulu Öndərin davamçısına böyük inam hissi ilə
“Mən bu torpaqda doğulmuşam, burada təhsil almışam, buradan həyata addımlamışam, daim bu torpaqla bağlı olmuşam. Bütün dövrlərdə bu doğma torpağıma xidmət etmək üçün əlimdən gələni etmişəm”, – deyən Ulu Öndərimiz Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirən, müasir Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərən, ölkəmizi dünyanın aparıcı dövlətləri səviyyəsinə yüksəldən Prezident İlham Əliyev naxçıvanlılar üçün hər zaman Ulu Öndər qədər dəyərli və əzizdir. Elə buna görə də dövlət başçısının qədim diyara hər səfəri böyük sevgi və rəğbətlə qarşılanır. Ulu Öndərin “Mən ona özüm qədər inanıram” sözləri naxçıvanlıların Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətə olan inam və dəstəyində bu gündə öz təsdiqini tapır.
Yaddaşlara həkk olunan səfərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına hər səfəri yerli sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Dövlət başçısı 2004-2023-cü illər ərzində 16 dəfə Naxçıvan Muxtar Respublikasına səfər edib. Bu səfərlər zamanı Naxçıvanın sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malik olan çoxsaylı obyektlərin açılışı olub, Prezidentin tövsiyə və tapşırıqlarına uyğun olaraq yeni layihələrə başlanılıb.
2004-cü ildən etibarən Prezident İlham Əliyev Naxçıvana səfərləri çərçivəsində elm, təhsil, mədəniyyət, idman, səhiyyə, sosial təminat, energetika, meliorasiya, yol tikintisi, sahibkarlıq və hərbi quruculuq sahələrini əhatə edən 150-dən çox obyektin açılışında iştirak edib. Eyni zamanda region üçün mühüm əhəmiyyət kəsb edən İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak edib, Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileylərində iştirak edərək qədim diyara verilən dəyəri bir daha nümayiş etdirib.
Prezident İlham Əliyevin Naxçıvana səfərləri daim əlamətdar hadisələrlə yadda qalıb. Ölkə rəhbəri çıxışlarında dəfələrlə vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan, ümumilikdə isə Türk dünyasının mühüm strateji məkanlarından biridir. Qədim yurda göstərilən diqqət və qayğı ölkəmizin milli maraqlarından irəli gəlir. Tarix baxımından çox qısa bir dövr ərzində muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri qədim diyarın hərtərəfli abadlaşdırılması Azərbaycan Prezidentinin imzaladığı Dövlət proqramları, fərman və sərəncamlardan irəli gələn vəzifələrin ardıcıl icrası nəticəsində mümkün olub. Əhalinin sosial rifahının yüksəldilməsi, abadlıq-quruculuq işlərinin sürətlə aparılması, təhsil və səhiyyə müəssisələrinin inkişafı, xidmət və infrastruktur sahələrinin müasir tələblərə uyğunlaşdırılması bu siyasətin əsas istiqamətlərini təşkil edib.
36 il blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında daxili imkanlarından, mövcud ehtiyatlarından və iqtisadi əlaqələrdən əldə olunan resurslar inkişafın sürətlənməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilib. Bütün bunların təməlində isə Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Muxtar respublikanın bugünkü inkişafı da məhz siyasi kursun uğurlu nəticəsidir.
Blokada illərində qədim diyarda geniş tikinti-quruculuq və abadlıq işləri həyata keçirilib, yol-nəqliyyat sistemi müasir tələblərə uyğun yenidən qurulub, kommunal problemlərin həlli və infrastrukturun yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün Naxçıvan keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır.
Bu gün ölkə vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin bəhrəsini gündəlik həyatında hiss edir. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları, ən ucqar kəndləri belə abadlaşdırılıb, insanların rahat yaşayışı üçün zəruri infrastruktur yaradılıb. Təsadüfi deyil ki, Naxçıvan əhalisinin sayı 472 min 820 nəfərə çatıb. Ölkə başçısının qeyd etdiyi kimi, əhalinin artımı, əlbəttə ki, bizi daha da gücləndirir, eyni zamanda yeni inkişafı da şərtləndirir. Çünki artan əhali yeni iş yerlərinin, yeni sənaye müəssisələrinin yaradılmasını zəruri edir.
Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasına səfərlərinin nəticələrinə əsaslanaraq deyə bilərik ki, muxtar respublika bu gün ölkənin dinamik inkişaf edən regionlarından biridir. Dövlət başçısının muxtar respublikaya göstərdiyi davamlı diqqət və qayğı Naxçıvanın bundan sonrakı inkişafının etibarlı təminatıdır.
Naxçıvanın gələcək inkişafı üçün
Naxçıvan Muxtar Respublikası təkcə ölkəmiz üçün deyil, bütövlükdə, Türk dünyası üçün mühüm geostrateji əhəmiyyətə malik bölgədir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətində Naxçıvanın təhlükəsizliyinin möhkəmləndirilməsi və dayanıqlı inkişafı hər zaman xüsusi yer tutub. Bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə Naxçıvanın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdən sonra bölgədə yaranmış yeni geosiyasi reallıqlar Naxçıvanın strateji əhəmiyyətini daha da artırıb. İmzalanmış bəyanatlar və əldə olunan razılaşmalar bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün geniş imkanlar açır. Ermənistan ərazisindən Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılması istiqamətində atılan addımlar qədim diyarın 36 illik blokadasına son qoymaqla yanaşı, ölkəmizin vahid nəqliyyat sisteminin formalaşmasına da mühüm töhfə verəcək. Zəngilandan Naxçıvana uzanacaq dəmir yolu xətti və avtomobil magistrallarının tikintisi muxtar respublikada tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu layihələr Naxçıvanın geostrateji mövqeyini daha da möhkəmləndirəcək, yeni iqtisadi perspektivlər açacaq və qədim diyarın beynəlxalq nəqliyyat marşrutlarında rolunu artıracaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Naxçıvan Azərbaycanın qərb bölgələri ilə birbaşa əlaqə qazanacaq, Türk dünyasını birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcək.
Əminliklə demək olar ki, vətənpərvərliyi, işgüzarlığı və prinsipiallığı ilə seçilən naxçıvanlılar bundan sonra da ölkəmizin inkişafına layiqli töhfələr verəcək, yeni uğurlara imza atacaqlar.
Dövlət başçısının qədim diyara göstərdiyi davamlı diqqət və qayğı Naxçıvanın gələcəyinə inamı daha da möhkəmləndirir və qarşıdakı illərdə yeni inkişaf zirvələrinin fəth olunacağına əminlik yaradır.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər