“Naxçıvanpoçt”da ötən ildə 140 minə yaxın poçt bağ...
21:27 10.01.2025
0
0
0
NAXÇIVAN :
11 Yanvar 2025, Şənbə
"Şərq qapısı" xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “Naxçıvan dilçilik məktəbi” kitabının təqdimatı olub.
Təqdimat mərasimini giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Bölmə sədri diqqətə çatdırıb ki, “Naxçıvan dilçilik məktəbi” kitabı Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində nəşr olunan əsərlər sırasındadır. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda nəşr olunmuş kitab Azərbaycan dilçilik elminin müxtəlif istiqamətləri üzrə tədqiqat aparan, dilçiliyin tarixini araşdıran Naxçıvan dilçi alimlərinin həyat və yaradıcılığını özündə əks etdirir. Kitabın müəllifləri AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır.
Çıxışı zamanı Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə fundamental əsərlər yazmış alimləri xatırladan akademik onlardan bəziləri barədə məlumat verib, Ensiklopedik xarakterli “Naxçıvan dilçilik məktəbi”nin əsaslı mənbə rolunu daşıyacağına inamını ifadə edib.
Sonda İsmayıl Hacıyev müəllifləri təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nuray Əliyeva tədbirdə “Naxçıvan dilçilik məktəbi” əsəri haqqında bir neçə söz” adlı məruzə edib.
Alim əvvəlcə dünya dilçilik elminin tarixinə nəzər salıb, antik dini-fəlsəfi məzmunlu mətnlər üzərində aparılan tədqiqatlardan bəhs edib. Azərbaycan dilçiliyinin Naxçıvan məktəbinin formalaşmasında mühüm rolu olmuş dilçi alimlər, onların elmi yaradıcılığı barədə müfəssəl məlumat verib.
Kitabın əhatə etdiyi 4 bölməni ayrı-ayrılıqda təsvir edən məruzəçi qeyd edib ki, əsər orta əsrlərdən günümüzədək Naxçıvanın Azərbaycan dilçiliyinə bəxş etdiyi alimlər haqqında ensiklopedik məlumatları özündə əks etdirir.
“Naxçıvan dilçilik məktəbinin qaynaqları” adlı ilk bölmədə H.Naxçıvani, M.Naxçıvani və M.T.Sidqi Səfərovdan, adıçəkilən müəlliflərin yaradıcılığından bəhs olunur.
“Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri” başlıqlı ikinci bölmədə M.Cəfərov, M.Nağısoylu, A.Bağırov, Ə.Quliyevin elmi yaradıcılığı əhatəli təsvir olunur.
Kitabın növbəti bölmələrində isə M.Şahtaxtlı, N.Məmmədov, H.Bayramov, V.Əliyev, F.Zeynalov, Y.Seyidov, Q.Bağırov başda olmaqla Azərbaycan dilçilik elmini sanballı əsərlərlə zənginləşdirən 24 elmlər doktoru, 51 fəlsəfə doktoru elmi dərəcəsi almış alim haqqında ətraflı məlumat verilir.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev və gənc əməkdaş Rüzgar Camal mərasimdə çıxış edərək Azərbaycan dilinin keçdiyi inkişaf və formalaşma prosesindən, tarixən Qafqazın ümumişlək dili olmasından və “Naxçıvan dilçilik məktəbi” kitabının əhəmiyyətindən danışıblar.
Sonda müəlliflər adından çıxış edən professor Əbülfəz Quliyev Naxçıvan dilçilik məktəbi yetirmələrinin elmə verdikləri töhfələrdən danışıb, təqdimat mərasiminin təşkilinə görə minnətdarlığını bildirib.
Digər xəbərlər