Naxçıvanda avtomobil piyadanı vurub
17:33 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bu gün Azərbaycan gəncləri dünyaya daha geniş pəncərədən baxır, öz istedad və bacarıqları ilə beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. Onlardan biri də Naxçıvan şəhərində doğulub, hazırda Çin Xalq Respublikasında, Beijing Institute of Technology-də Beynəlxalq İqtisadiyyat və Ticarət ixtisası üzrə təhsil alan Aytən Nəsirlidir. O, təkcə fərdi uğurları ilə deyil, eyni zamanda çoxdilli bacarığı, geniş dünyagörüşü və Vətənə bağlılığı ilə diqqət çəkir.
Onun hekayəsi təkcə xaricdə təhsil almaqdan ibarət deyil, bu, qətiyyətin, məqsədin və milli kimliyə sadiqliyin real nümunəsidir. Aytən xanımla etdiyimiz telefon müsahibəsində həm onun təhsil yolu, həm də qarşılaşdığı çətinliklər, qazandığı təcrübələr və gələcək planları barədə ətraflı söhbət etdik. İstər tələbə, istərsə də vətəninə fayda verməyə çalışan bir gənc kimi Aytən Nəsirli ilhamverici bir obrazdır.
– Aytən xanım, istərdik, sizi daha yaxından tanıyaq.
– Mən Aytən Nəsirli, Naxçıvan şəhərində anadan olmuşam. Hazırda Çin Xalq Respublikasında, daha dəqiq desək, Pekində yerləşən nüfuzlu bir universitetdə — Beijing Institute of Technology-də Beynəlxalq İqtisadiyyat və Ticarət ixtisası üzrə təhsil alıram. Bundan öncə isə Naxçıvan Dövlət Universitetində Tərcümə (Azərbaycan-ingilis) ixtisası üzrə təhsil alırdım.
Çoxdilli mühitdə böyüməyim mənə erkən yaşlardan dillərə maraq aşıladı. Türk, ingilis və Çin dillərində öz ana dilim kimi danışa bilirəm. Rus və alman dillərində isə orta səviyyədə danışıram. Bu bacarığım mənə beynəlxalq platformalarda sərbəst ifadə və ünsiyyət qurmaqda böyük üstünlük yaradır.
– Naxçıvanda keçən məktəb və universitet illərinin sizin formalaşmanızda hansı rolu olub.
– Naxçıvanda keçən məktəb illərim mənim üçün yalnız bir təhsil dövrü deyil, eyni zamanda şəxsiyyətimin formalaşdığı, özüməinam qazandığım bir mərhələ olub. Oradakı müəllimlərim mənə, sadəcə, bilik deyil, həm də məsuliyyət hissi, çalışqanlıq və məqsədə fokuslanma kimi dəyərlər aşıladılar. Universitetə qədər olan dövrdə dərslərlə yanaşı, müxtəlif sosial və intellektual fəaliyyətlərdə iştirak etməyim, liderlik bacarıqlarımın formalaşmasına və ictimai fəallığımın artmasına səbəb oldu.
Naxçıvan mənim üçün təkcə doğulduğum yer deyil, mənə milli kimliyimi, təvazökarlığı, zəhmətsevərliyi və ən əsası, xalqıma xidmət etmə ruhunu verən yerdir. Dağların arxasında, elə həmin dağlar kimi məğrur dayanan bu şəhər, mənə dağ kimi möhkəm iradə bəxş etdi.
– Çin kimi güclü və nüfuzlu bir ölkədə təhsil alma fürsətini necə qazandınız?
– Çində təhsil almağım sıradan bir qərar deyildi. Bu uzun düşüncələr, mübarizələr və inamın nəticəsi idi. Ailəm və ətrafımdakı bir çox insan mənim üçün daha “güvənli” və ənənəvi yollar arzulayırdı. Amma mən fərqli düşünürdüm: dünyagörüşümü genişləndirmək, Çin kimi iqtisadi və siyasi cəhətdən güclü bir ölkədə təhsil alaraq ölkəmə faydalı olmaq istəyirdim. Naxçıvan Dövlət Universitetində oxuduğum vaxtlar Çin hökumətinin təqaüd proqramlarına müraciət etdim. Bu prosesdə ingilis dili biliklərim, akademik göstəricilərim və gələcək məqsədlərim önəmli rol oynadı. Eyni zamanda, Naxçıvandan gələn bir gənc olaraq, öz ölkəmin imicini də təmsil etdiyim üçün daha çox məsuliyyət hiss edirdim. Ən çətin mərhələlərdən biri mədəni fərqliliklər və dil maneələrini aşmaq oldu. Amma bu çətinliklər məni ruhdan salmadı. Əksinə, məni daha çox çalışmağa, daha tez uyğunlaşmağa vadar etdi. Hazırda Çin dilində sərbəst danışa bilirəm və bu, mənə həm akademik, həm də sosial həyatda böyük üstünlük qazandırıb. Bu yol mənə öyrətdi ki, heç bir zirvə asan fəth olunmur, lakin inam, zəhmət və məqsədlə hər şey mümkündür.
– Çindən sonra nə vaxtsa başqa bir ölkədə də təhsil almağı düşünürsünüzmü? Əgər düşünürsünüzsə, bu hansı ölkə olardı və nə üçün? Ya da, daha dəqiq desək, gələcəkdə beynəlxalq təhsil təcrübənizi hansı məqsədlə istifadə etmək istərdiniz?
– Bəli, beynəlxalq təhsilin insana verdiyi ən böyük üstünlüklərdən biri – fərqli düşüncə tərzlərini, iqtisadi modelləri və yanaşmaları yaxından görmək və müqayisə edə bilməkdir. Bu baxımdan, gələcəkdə Harvard Universitetində təhsil almaq hədəfim var. Lakin digər tərəfdən də hesab edirəm ki, artıq öyrəndiklərimi və qazandığım təcrübəni tətbiq etməyin zamanıdır. Vətənimə dönərək, illərdir, topladığım bilikləri və bacarıqları Azərbaycan üçün, xüsusilə də doğma Naxçıvan üçün faydalı işlərə yönəltmək istəyirəm. Məqsədim, ölkəmin iqtisadi və beynəlxalq əlaqələr sahəsində inkişafında aktiv rol almaqdır. Düşünürəm ki, mənim nəsilim, sadəcə, öyrənməklə kifayətlənməməli, həm də öyrəndiklərini tətbiq edərək yeni dövrün qurucuları olmalıdır. Bu baxımdan, mən artıq öz üzərimə düşən vəzifəni yerinə yetirməyə hazıram. Bacarıqlarımı işə salma və əhəmiyyətli işlərə imza atma vaxtıdır.
– Bəs indiyədək hansı ölkələri gəzmisiniz? Bu ölkələr arasında sizə ən xoş təsir edən şəhər və ya mədəniyyət hansı olub?
– İndiyə qədər təhsilə çox ciddi şəkildə fokuslandığım üçün çox ölkə gəzməyə imkanım olmayıb. Amma gələcəkdə müxtəlif ölkələri gəzərək təkcə mədəniyyətlərini deyil, həm də iqtisadi, sosial və struktur baxımından dərindən öyrənməyi qarşıma məqsəd qoymuşam. İndiyə qədər dörd ölkəni ziyarət etmişəm və bu ölkələrdə yalnız turist kimi deyil, həm də müşahidəçi kimi müxtəlif sahələri analiz etməyə çalışmışam.
Bu ölkələrdən biri Çin olub. Çində, sadəcə, təhsil almadım, eyni zamanda bir sivilizasiyanın içində yaşadım. Çin mənim üçün fərqli düşüncələrin və zəhmətin cəmiyyətin inkişafında nə qədər mühüm rol oynadığını görmək imkanı yaratdı. Fədakarlıq, intizam və sistemli çalışmanın böyük nəticələr verdiyini burada öz gözlərimlə gördüm. Çin texnologiyası, iqtisadiyyatı və infrastrukturu ilə bağlı apardığım araşdırmalar məni hər gün bir az da heyran edir.
Tarixin nəfəs aldığı bir ölkə olan Misirdə isə məni dərin düşündürən iki ziddiyyətli mənzərə ilə qarşılaşdım: Qahirənin gözlənildiyi qədər inkişaf etməməsi və iqtisadi vəziyyətin zəif olması, əksinə, Şarm Əl-Şeyx və Hurqadada isə turizmin yüksək səviyyədə olması, mədəni və iqtisadi baxımdan çox fərqli bir mühitin mövcudluğu. Misirdə sanki bir ölkədə iki fərqli iqtisadi sistem gördüm və bu məni uzun müddət düşündürdü. Gürcüstan isə təbiəti və mehriban insanları ilə seçilən bir ölkə oldu. Xüsusilə Batumidəki sakitlik və sadə həyat tərzi məndə belə bir fikir yaratdı: bəxtiyarlıq bəzən sadəlikdə gizlidir. Gürcüstanın memarlıq quruluşu da olduqca təsiredici idi. Uşaqlıqda oxuduğum “Əli və Nino” əsərindəki Gürcüstan təsvirlərini canlı şəkildə görmək və həmin atmosferi yerində yaşamaq məni olduqca valeh etdi.
– Çin kimi sürətlə inkişaf edən bir ölkədə təhsil almaq sizə şəxsi və peşəkar baxımdan hansı üstünlükləri qazandırdı?
– Çində təhsil almaq mənim üçün, sadəcə, diplom deyil, tam mənası ilə bir həyat məktəbi oldu. Şəxsi baxımdan bu təcrübə mənə sərhədləri aşmağı, komfort zonasından çıxmağı və fərqli düşüncələrlə yanaşı yaşamağı öyrətdi. Müstəqil qərarlar vermək, sürətli uyğunlaşmaq və özümü fərqli mədəniyyətlər içində ifadə etmək bacarığım gücləndi. Peşəkar baxımdan isə Çin iqtisadiyyatının sürətli inkişaf modelini yerində öyrənmək böyük üstünlükdür. Burada iştirak etdiyim seminarlar, akademik layihələr və real bazar müşahidələri sayəsində beynəlxalq ticarətin incəliklərini daha dərindən anlamağa başladım. Eyni zamanda Çin dilində sərbəst danışmaq, mənə qlobal şirkətlərlə ünsiyyətdə və gələcək karyera planlarımda əvəzolunmaz üstünlük qazandırır.
– İndiyədək qarşılaşdığınız ən böyük çətinlik nə olub və bu çətinliyi necə dəf etdiniz? Bu təcrübə sizi necə formalaşdırdı?
– Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycan xalqı nə qədər böyük sınaqlardan keçib, amma heç vaxt sınmayıb. Əzmkarlıq, birlik və inam olan yerdə heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz”. Bu sözlər mənim üçün təkcə milli ruhun təcəssümü deyil, həm də şəxsi həyatımda qarşılaşdığım çətinliklərə qarşı güc mənbəyidir. İndiyədək qarşılaşdığım ən böyük çətinlik, xaricə – xüsusilə də Çin kimi uzaq, fərqli və nəhəng bir ölkəyə təkbaşına gəlib, tamamilə yeni bir həyata başlamaq idi. Ən çətin anlar ilk aylarda oldu: dil fərqi, mədəniyyət şoku, ailədən uzaq qalmaq və bəzən özünü tamamilə tənha hiss etmək. Hətta bəzən bu qədər çətinliyin içində məqsədimi belə sorğulamağa başladığım anlar oldu. Ancaq bu təcrübə mənə göstərdi ki, insan özünə inananda, heç kimdən motivasiya gözləmədən də ayaqda qala bilər. Daxilimdəki gücü kəşf etdim, azad düşünməyi, adaptasiya olmağı və problemləri təkbaşına həll etməyi öyrəndim. Bu çətinlik məni daha dözümlü, daha çevik və daha iradəli biri etdi. Artıq qarşıma çıxan yeni maneələri görməkdən qorxmuram, çünki bilirəm ki, keçmişdə bacardım, yenə bacararam.
– Gələcəkdə ölkəmizi beynəlxalq səviyyədə necə təmsil etmək istəyirsiniz? Hədəfləriniz nələrdir?
– Gələcəkdə Azərbaycanı və xüsusilə də Naxçıvanı beynəlxalq səviyyədə iqtisadi və diplomatik sahələrdə təmsil etmək mənim əsas məqsədlərimdəndir. Mən ölkəmin yalnız bir vətəndaşı deyil, eyni zamanda onun potensialını dünyaya tanıdan bir körpü olmaq istəyirəm.
– Dil bilikləriniz (Azərbaycan, türk, Çin, rus, ingilis) sizə hansı imkanların qapılarını açdı və açır?
– Multidilli olmaq mənim üçün, sadəcə, dil bacarığı deyil, bu, fərqli dünyalarla əlaqə qurmaq, mədəniyyətlər arasında körpü olmaq deməkdir. Azərbaycan və türk dilləri mənə köklərimi, kimliyimi və bölgə mədəniyyətini dərin şəkildə anlama imkanı verir. İngilis dili isə beynəlxalq akademik və peşəkar aləmə qapı açan qlobal bir açardır. Rus dili mənə postsovet məkanında əlaqələr qurmaq, regionun iqtisadi və siyasi dinamikalarını daha dərindən anlama fürsəti verir. Çin dili isə, sözün əsl mənasında, həyatımı dəyişdi. Hazırda Çində sərbəst ünsiyyət qurmağım mənə təkcə dərslərdə deyil, həm də biznes və ictimai tədbirlərdə birbaşa iştirak imkanı yaradır. Bu bacarıqla Çin şirkətləri və universitetləri ilə daha yaxın əməkdaşlıq qurmaq mümkün olur.
Bu dillər sayəsində tək bir mərkəzdən deyil, müxtəlif baxış bucaqlarından düşünə bilirəm. Həm akademik, həm də gələcək diplomatik və iqtisadi layihələrdə bu bacarıqlar mənim üçün ciddi üstünlükdür. Multidilli olmaq təkcə danışmaq deyil, eyni zamanda dünyanı fərqli dillərdə anlamaq və izah edə bilməkdir.
Çoxdilli olmağın mənim üçün ən sevdiyim tərəfi isə o dillərdə yazılmış kitabları orijinal dildən oxumaq və həmin mədəniyyəti daha dərin, daha doğrudan tanımaqdır. Məncə, bir ölkəni həqiqətən anlamaq üçün, onun yazarını anlamaq, onun söz dünyasına daxil olmaq çox daha önəmlidir.
– Liderlik və sosial bacarıqlarınızla fərqləndiyiniz bir anı bizimlə bölüşə bilərsinizmi?
– Universitet illərimdə Erasmus proqramı çərçivəsində məktəbimizə müxtəlif ölkələrdən tələbələr gəlmişdi. Bu dövrdə bir neçə beynəlxalq layihə üzərində işləyirdik və iştirakçılar arasında dil baryeri ciddi problemə çevrilmişdi. Bəzi tələbələr yalnız rusca, bəziləri almanca, digərləri isə yalnız çincə danışırdı. Hətta bəzilərinin ingilis dili biliyi belə kifayət etmirdi, bu da ümumi ünsiyyəti və komanda işini çətinləşdirirdi. Məhz bu anda öz dil bacarıqlarımdan istifadə edərək komandadakı tələbələr arasında körpü rolunu öz üzərimə götürdüm. Fərqli dillərdə ünsiyyət qura bildiyim üçün hər kəsin fikrini qarşı tərəfə aydın və düzgün şəkildə çatdırmağa kömək etdim. Eyni zamanda komanda ruhunu qorumaq və anlaşılmazlıqların qarşısını almaq üçün həm akademik, həm də sosial mühitdə balans yaratmağa çalışdım. Nəticədə, layihəmizi uğurla və vaxtında tamamladıq. Bu təcrübə mənə göstərdi ki, liderlik təkcə istiqamət vermək deyil, eyni zamanda insanları birləşdirmək, anlayış yaratmaq və səssiz şəkildə işin axarını təmin etməkdir.
– Təhsil aldığınız sahədə Azərbaycanda və ya Naxçıvanda hansı yenilikləri tətbiq etmək istəyirsiniz?
– Hazırda yazdığım bakalavr tezisi İpək Yolu ilə bağlıdır. Bu mövzu mənim üçün, sadəcə, bir iqtisadi layihə deyil, həm də tarixi köklərimizlə bağlı olan, gələcək inkişafımızın açar nöqtələrindən biri saydığım strateji bir sahədir. Bildiyimiz kimi, Azərbaycan İpək Yolu üzərində çox mühüm və strateji bir mövqe tutur. Və bu məni dərindən düşündürür: bir ölkənin coğrafi mövqeyi onu, sadəcə, xəritədəki bir yerə çevirmir, əgər düzgün istifadə olunarsa, o mövqe milli rifahın və regional əməkdaşlığın mühərrikinə çevrilə bilər. Elmi işimdə İpək Yolunun Azərbaycan iqtisadiyyatına mümkün faydaları, riskləri və perspektivləri kimi mövzulara toxunuram. Bu tədqiqatın nəticələrini gələcəkdə real layihələrdə, beynəlxalq əməkdaşlıqlarda və dövlət səviyyəsində qərarların formalaşmasında faydalı şəkildə tətbiq etmək istəyirəm. Xüsusilə Naxçıvanın bu yol üzərində yeni bir logistika və ticarət qovşağı kimi inkişaf etdirilməsi potensialını çox yüksək görürəm. Məncə İpək Yolu, sadəcə, karvanların keçdiyi yol deyil, ideyaların, millətlərin və gələcəyin yoludur. Və mən bu yolun üzərində iz buraxmaq istəyirəm.
– Uğur anlayışınız nədir? Sizin üçün “uğurlu insan” necə bir insandır?
– Bu vətən üçün, bu torpaqlar üçün şəhidlərimiz canlarını fəda etdilər, qan tökdülər. Bizim nəsil olaraq ən böyük vəzifəmiz bu torpaqları uğurlarımızla ucalda bilmək, Azərbaycan adını dünyada haqq etdiyi yerə çatdırmaqdır. Mən inanıram ki, hər bir gəncin uğuru, bu vətənin şanlı tarixinin davamı və gələcəyinin zəmanətidir. Mənim üçün uğur yalnız xarici göstəricilərlə – titul, maaş, diplomlarla ölçülən bir anlayış deyil. Uğur öz potensialını tam şəkildə reallaşdırmaq, dəyərlərindən sapmadan məqsədinə çatmaq və ətrafına müsbət təsir göstərə bilməkdir.
Uğurlu insan mənim üçün: çətinliklərə baxmayaraq, yolundan dönməyən, tənqid qarşısında dağılmayan, əksinə, daha da güclənən, əldə etdiklərini paylaşmağı bacaran və başqalarının da yüksəlməsinə dəstək olan insandır. Çünki mənə görə əsl uğur təkbaşına zirvəyə qalxmaq deyil, zirvəyə qalxarkən arxandan da yol açmaqdır.
– Hazırda gənclər üçün bir motivasiya siması olsaydınız, onlara nə demək istərdiniz?
– Əgər mən bu gün gənclər üçün bir motivasiya siması olsaydım, onlara, birinci növbədə, bunu deyərdim: Qorxmayın! Sizin xəyal etdiyiniz gələcək, bəzən başqalarının mümkün hesab etmədiyi şeyləri etməklə qurulur. Uğur gözləyənin deyil, hərəkət edənindir. Elə bir gün gələcək ki, sizin bir vaxtlar çəkindiyiniz addımlar, başqalarına ilham mənbəyi olacaq. Və nə qədər çətin olsa da, özünüzə sadiq qalın. Öz hekayənizi yazın, başqasınınkını yaşamayın. Bununla yanaşı, gənclərə ən böyük şəxsi tövsiyəm budur: Bacardığınız qədər çox kitab oxuyun və yeni dillər öyrənin. Hər bir yeni dil yeni bir dünyaya açılan qapıdır. Mədəniyyətləri anlamaq, empati qurmaq və dünyagörüşünüzü genişləndirmək üçün bu iki alət: kitablar və dillər sizin ən güclü silahınızdır.
Əgər bu gün geriyə dönüb özünüzə bir tövsiyə versəydiniz, nə deyərdiniz?
Ona deyərdim ki, tək qaldığını zənn etdiyin anlarda belə tək deyilsən – gələcəkdəki sən səni izləyir və səni fəxr edərək gözləyir. Çəkdiyin əziyyətlər, dözdüyün haqsızlıqlar və öz gücünə inandığın o anlar – bir gün səni çox fərqli bir yerə aparacaq. Ən əsası, “Yetərincə yaxşı deyiləm” düşüncəsini burax. Sən olduğun kimi kifayət qədər güclüsən. Sadəcə, səbr et, zəhmət çək və yolundan dönmə.
– Aytən xanım, müsahibəmiz çox maraqlı keçdi. Vaxtın necə gəlib keçdiyinin fərqində belə olmadım. Fəxr ediləsi haldır ki, ölkəmizi beynəlxalq arenalarda sizin kimi gənclər təmsil edir. Bunun üçün sizə bir daha təşəkkürlərimizi bildirik!
Rafiq TƏHMƏZ
Digər xəbərlər