NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konsert keçirilib

...

Konsertdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov konsertlə bağlı təəssüratlarını “Şərq qapısı” ilə bölüşüb,  Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib.
Dirijor bildirib ki, Naxçıvana ilk səfəri onun üçün yaddaqalan olub: “Uzun müddətdir, bu qədim diyara gəlməyi arzulayırdım. İlk səfərimin məhz Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirə təsadüf etməsi mənim üçün xüsusi məna daşıdı”.
Fuad İbrahimov qeyd edib ki, konsert boyunca Azərbaycan musiqisinin görkəmli bəstəkarlarının əsərləri yüksək səviyyədə ifa olunub. 
Əməkdar artist tamaşaçıların musiqiyə göstərdiyi marağı yüksək qiymətləndirərək bildirib ki, Naxçıvan dinləyicisinin sənətə olan sevgisi xüsusi diqqət çəkir. O belə tədbirlərin milli musiqimizin təbliği, klassik irsimizin yaşadılması və gənc ifaçıların inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Konsert proqramında Azərbaycan Respublikasının Xalq artisti Gülnaz İsmayılova da iştirak edib.
Xalq artisti bildirib ki, Ulu Öndərin əziz xatirəsinə ithaf olunan belə musiqi tədbirləri xüsusi əhəmiyyət daşıyır: “Heydər Əliyevin 103-cü ildönümü ilə əlaqədar olaraq zəngin konsert proqramı təqdim etdik. Bu cür tədbirlər həm dahi şəxsiyyətin xatirəsinin yad edilməsi, həm də milli musiqimizin yaşadılması baxımından önəmlidir”.
Gülnaz İsmayılova qeyd edib ki, proqramda Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda əsərləri səsləndirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Xalq artisti Naxçıvan tamaşaçısının musiqiyə olan sevgisini yüksək qiymətləndirərək belə görüşlərin sənət adamları üçün də yaddaqalan olduğunu vurğulayıb.


Zəhra VƏLİYEVA

Nəşr edilib : 18.05.2026 19:24